Ermənistan beynəlxalq sanksiyalarla üz-üzə qala bilər
11:21 19-06-2014
CƏMİYYƏT
Ermənistan beynəlxalq
sanksiyalarla üz-üzə qala bilər
Elxan Süleymanov: "Ermənistana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi AŞPA-nı tarixi seçim qarşısında qoyacaq"
"Bu sənəd 22 il ərzində beynəlxalq bir təşkilatda Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiqini tələb edən ilk qətnamə layihəsidir"
"AŞPA-da mənim müəllifliyimlə Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə dair qətnamə layihəsi irəli sürülüb. Qətnamə layihəsində AŞPA Azərbaycan ərazilərinin işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə qarşı Ukrayna ilə bağlı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların eynisinin tətbiqinə - Ermənistanın səsvermə hüquqlarının dayandırılması və bu ölkə təmsilçilərinin rəhbər orqanlardan çıxarılmasına çağırılır". Bunu açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.
E. Süleymanov bildirib ki, qətnamə layihəsi imzalanan zaman bəzi AŞPA üzvləri Ukraynaya verdikləri dəstək səviyyəsində Azərbaycana dəstək verməyib və müxtəlif bəhanələrlə imza atmaqdan boyun qaçırıblar: "Buna baxmayaraq, Ermənistan nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq edilməsinə dair qətnamə layihəsi 14 dövləti təmsil edən 58 AŞPA üzvü tərəfindən imzalandı. Onu da qeyd etməliyəm ki, Avropanın müxtəlif dövlətlərini təmsil edən 58 deputatın qətnamə layihəsini imzalaması AŞPA-da obyektivliyi ilə seçilən kifayət qədər üzvlərin olmasını bir daha təsdiq etmiş oldu. Layihə prosedur qaydalarına əsasən gündəliyə daxil edilməsi üçün sessiyadan 14 gün əvvəl AŞPA-nın katibliyinə göndərilib, daha sonra isə Sədarət Komitəsində və Büroda müzakirə edilmək üçün gündəliyə daxil edilib və Avropa Şurasının saytında yerləşdirilib. Bu sənəd 22 il ərzində beynəlxalq bir təşkilatda - AŞPA səviyyəsində Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən ilk qətnamə layihəsidir".
E. Süleymanov qeyd edib ki, prosedur qaydalarına əsasən qətnamə layihəsi sessiyadan əvvəl 22 iyunda Sədarət Komitəsinin və 23 iyunda isə Büronun iclasında müzakirəyə çıxarılmalıdır: "Burada əsasən iki gözlənti ola bilər. Birinci və normal gözlənti ondan ibarətdir ki, qətnamə layihəsi Sədarət Komitəsinin rəyindən sonra Büro iclasında müzakirə edilir və məlumat üçün və ya məruzəçi təyin edilməsi üçün Siyasi Komitəyə və ya Monitorinq Komitəsinə göndərilir. Əlbəttə ki, qətnamə layihəsinin komitəyə məlumat üçün göndərilməsi Azərbaycana qarşı ayrı-seçkiliyin növbəti bariz nümunəsi ola bilər. İkinci gözlənti isə ondan ibarətdir ki, AŞPA prezidenti məsələyə veto qoya bilər və bununla da Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi istiqamətində prosesləri dayandırmış olar. Qətnamə layihəsini imzalayan deputatların sayının çox olması AŞPA prezidenti, xanım Ann Brassorun veto hüququndan istifadə etmə imkanlarını faktiki olaraq məhdudlaşdırsa da, bu ehtimal qalır və bunu istisna etmək olmaz. Ümidvar olmaq istərdim ki, o, öz statusuna hörmət edəcək və ayrı-seçkiliyə yol verməyəcək".
E. Süleymanov hesab edir ki, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi AŞPA rəhbərliyini tarixi seçim qarşısında qoyacaq: "Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı AŞPA rəhbərliyinin qərarı obyektiv olacağı halda, bu qərar qurumun ayrı-seçkiliyə və ikili standartlara son qoymaq istiqamətində addımlarının nümayişi olacaq. Əksinə, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin qarşısının alınması bir daha AŞPA-da bəyan edilmiş demokratiya, hüququn aliliyi, dövlətlərin bərabərhüquqluluğu və digər prinsiplərə hörmətsizliyin və qurumun korporativ maraqlara xidmət etməsinin nümayişi olacaq. Belə olan halda isə, mən şəxsən vətəndaş mövqeyimi ortaya qoyaraq ölkəmizin belə bir qurumda qalmasının faydasız olduğunu bəyan edəcəyəm".
Fuad
Digər Xəbərlər
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35