"Məndə heç vaxt dualizm olmayıb"
13:49 28-06-2014
CƏMİYYƏT
"Məndə heç vaxt dualizm olmayıb"
Adil Mirseyid: "Adamların "tənhayam, darıxıram" deyib car çəkmələrini başa düşə bilmirəm"
(Adil Mirseyiddən dərləmələr)
"Atamın vəziyyəti çox ağırdır. Məhz vəziyyətin ağırlığına görə onu xəstəxanaya götürmək istəmirlər". Bu sözləri dünən tanınmış şair Adil Mirseyidin qızı Ayan deyib.
Onun sözlərinə görə, şairi xəstəxanaya qeydiyyat problemini bəhanə gətirərək götürmürlər: "Xəstəxanalar deyir ki, bizim rayonda qeydiyyatda deyilsiniz, buna görə də götürə bilmərik".
Ayan xanım bildirib ki, şairin öz həkimi belə onu müalicə etməkdən imtina edib: "Bizə belə gəlir ki, vəziyyətin ağırlığı onu qorxutdu".
Biz də Adil bəyə şəfa arzulayır, müalicəsi ilə bağlı yaranmış problemin ən qısa zamanda aradan qalxacağına inaımımızı ifadə edir və onun müxtəlif zamanlardakı söyləşilərindən dərləmələri oxucularla bölüşürük.
- Adil müəllim, son aylar sizi mətbuatda, tədbirlərdə və ədəbi mühitdə demək olar ki, görə bilmirdik. Bu sizin səhhətinizlə bağlı idi, yoxsa incikliyiniz vardı?
- Yox, mənim elə bir incikliyim ola bilməz. Mən elə adamlardanam ki, məni xoşbəxt etmək üçün dünyada çox az şey lazımdı. Bir gözəl ağac, bir gözəl bulud, ya bir dost təbəssümü, ya bir sərgidə gördüyüm rəsm, ya da oxuduğum bir gözəl misra mənim ağrılarımı unutdura bilir və xoşbəxt oluram. Qaldı ki, mətbuatda az görünməyim səhhətimlə bağlı idi. Ikincisi də o qədər də sosial adam deyiləm. Bir az sufiyanə, dərviş tipli bir adamam. Tənhalığı və zahidanə həyatı daha çox sevirəm. Zövqünə inandığım beş-on nəfər insan var, onlarla görüşmək yüzlərlə insandan görüşməkdən min dəfə yaxşıdı. Deyim ki, yüz adam qarşısında şeir deməyi o qədər də sevmirəm, amma emalatxanada öxüm üçün və ya iki adam üçün şeir oxuya bilərəm. Amma demirəm ki, elə əsas səbəb də xəstəliyim oldu. Bir məsələni də deyim ki, insanların duaları mənə çox böyük kömək oldu. Mən Tanrının lütfünə çox inanıram. Bir yandan da deyim ki, çox böyük ehtimalla həkimin də əli mənə düşdü. Mənim namaz üstündə etdiyim dualar və məni sevən insanların etdiyi dualar məni qorudu. Buna çox inanıram.
- Yaradıcılığın hansı növündə daha çox Adil Mirseyid var? Şeirdə, esseistikada, ya rəssamlıqda?
- Mən onları heç vaxt ayırmamışam. Mənim üçün esselərim də, şeirlərim də, rəsmlərim də eynidir. Mən eyni bir işıq tərəfə gedirəm. Nə etsəm də, elə bilirəm ki, o poeziyadır. Bundan ayrı heç nəyi bacarmıram.
- Sənətdə olan Adil Mirseyidlə sənətdən kənardakı Adil Mirseyid arasında nə qədər məsafə var?
- Məndə heç vaxt dualizm, yəni ikilik olmadı. Bu yaxşıdır, ya pisdir, bilmirəm. Adını xatırlamıram, amma kimsə deyib ki, yazıçılar ikili həyat yaşayırlar. Biri personajların həyatını, biri də öz həyatını. Yəqin ki, bu yazıçılara uyğun gəlir, amma mən yazıçı deyiləm axı, şairəm.
- Daha çox hardasız, sənətin içində, ya çölündə?
- Mən yaşıdlarımın içində adamlar görmüşəm ki, öz adından əvvəl şair sözünü deyiblər. Şair filankəs. Mən onların səmimiyyətinə inanmamışam. Çünki o titulların altında bir gizlənmə cəhdi var. Öz imzasına inamsızlıq var. Bəzən adama "ziyalı" deyirlər. Mən özümü ziyalı hesab eləmirəm. Yəni indiki anlamda "ziyalı" sözünü necə işlədiriksə, mən o mənada ziyalı deyiləm. Mən əslində bohem adamıyam.
- Həmişə ədəbi mühitdən və gündəmdən kənarda dayanmağa çalışmışsınız. Bu şair kimi sizə nə verir və nələrdən edir?
- Bu məsələyə bir neçə aspektdən baxaq. Bu olsun ki, rəssamlıqdan gələn tərkidünyalıqdır. Şairlər həmişə göz qabağında olmağı sevirlər, amma rəssamlar yox. Heç vaxt qarmaqarışıqlığı, yüz adama şeir oxumağı sevməmişəm. Mənim üçün zövqünə və əxlaqına inandığım 5 nəfərə şeir oxumaq böyük zallarda şeir oxumaqdan daha gözəldir.
Rəssamın həyatı necə keçir? Bir kətan olur, bir də sən, bir də yuxarıda Allah. Mən sonralar düşündüm ki, rəssam əgər ağ kətanla üzbəüzdürsə, niyə dünya ilə də üzbəüz durmasın? Bizim içimizdə anadangəlmə qoyulmuş bir sufi əxlaqı da var. Dərk et və tərk et. Ona görə də şöhrətdə və dünya malında gözüm yoxdur. Mən tənhalığı çox sevirəm. Adamların "tənhayam, darıxıram" deyib car çəkmələrini başa düşə bilmirəm. Heç xəstə olanda da darıxmadım. Dünyada o qədər gözəl şey var ki. Onlara baxıb ləzzət almaq lazımdır, darıxmaq yox.
Dərləyib topladı: "Qələmdan"
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22