Putinin "yeni SSRİ" planına ağır zərbə
13:52 28-06-2014
CƏMİYYƏT
Putinin "yeni SSRİ" planına ağır zərbə
Moskva üç postsovet ölkəsini birdəfəlik itirdi
Dünən postsovet məkanında olduqca əlamətdar tarixi gün yaşanıb. Gürcüstan, Moldova və Ukrayna ilə Avropa Birliyi (AB) arasında assosiasiya haqqında razılaşmanın iqtisadi hissəsi imzalanıb.
Gürcüstanı sammitdə baş nazir İrakli Qaribaşvili təmsil edib. Tiflisdə ölkənin Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamasını təntənəli konsert və atəşfəşanlıqla qeyd ediblər. Gürcüstan ümid edir ki, bu saziş ölkəyə ən böyük, stabil və alcılıq qabiliyyəti ilə fərqlənən bazara tariflərsiz və kvotasız sərbəst çıxış imkanı verəcək.
Moldova tərəfindən isə sazişi imzalamaq üçün baş nazir Yuri Lyanke Brüsselə gedib. Şərq hissəsində müharibə gedən Ukraynanı isə prezident Pyotr Poroşenko təmsil edib.
Poroşenko Ukrayna ilə Aİ arasında Assosiasiya sazişinin iqtisadi bloka aid sənədlərinə imza atıb. Hələlik sazişin siyasi hissəsi razılaşdırılmayıb. Assosiasiya sazişi Aİ ilə bu ölkələr arasında azad ticarəti nəzərdə tutur.
Assosiasiya sazişi Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünə daxil olan ölkələrə, o cümlədən Azərbaycana təklif edilmişdi. Azərbaycan əvvəlcədən bu sazişdən imtina etdi və Aİ ilə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərində maraqlı olduğunu bildirib. Ukraynanın keçmiş hakimiyyəti Assosiasiya sazişini paraflamağa yaxın olduğu bir vaxtda qərarını dəyişdirdi və Avropaya inteqrasiya prosesini təxirə salmaq barədə qərar verib.
Bu qərar ölkədə güclü etiraz aksiyalarının başlamasına səbəb oldu və aylarla davam edən Maydan hərəkatı qanlı toqquşmalara, prezident Yanukoviçin devrilməsinə, daha sonra Rusiya tərəfindən Krımın ilhaqına və Ukraynanın şərqində silahlı separatçı hərəkatın baş qaldırmasına səbəb olub.
Ukraynanın yeni hakimiyyəti bütün bunlara baxmayaraq Aİ ilə Assosiasiya sazişini imzalamağa qərar verib.
Qərbyönümlü siyasi kursuna görə cəzalandırılan, Cənubi Osetiya və Abxaziya bölgələrinin faktiki olaraq Rusiyanın nəzarətinə keçməsi ilə nəticələnən 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan da bu yoldan dönmədi. Bu dəfə Rusiya Gürcüstanın Aİ ilə Assosiasiya sazişi imzalamasına ciddi maneçilik törətmədi.
Moldova isə Avropaya inteqrasiya kursuna görə separatçı Dnestryanı bölgənin Rusiyaya birləşməsi riski və Qaqauz muxtar bölgəsində də Rusiyaya birləşmək çağırışlarının artması ilə üzləşib. Şərq Tərəfdaşlığına qoşularaq Avropa ilə azad ticarət zonasına daxil olmağa qərar verən ölkələrin faktiki olaraq hamısı bunun əvəzini ərazilərinin bir hissəsinin itirilməsi ilə ödəməli olublar.
İmzalanma mərasimindən sonra gözlənildiyi kimi, Rusiyadan ilk və qəzəbli reaksiyalar gəlməyə başlayıb. Kremlin sahibi Vladimir Putinin məsləhətçisi Sergey Qlazyev Ukrayna prezidenti Pyotr Poroşenkonu "nasist" və "qeyri-qanuni" adlandırıb.
Putinin məsləhətçisi Poroşenkonun "qeyri-qanuni"liyini seçkilərin bütün Ukrayna ərazisində keçirilməməsi ilə izah edib.
Ukraynanın Avropa Birliyi ilə imzaladığı assosiativ sazişə toxunan S.Qlazyev Avropanın Ukraynanı buna məcbur etdiyini dilə gətirib. "Onlar Ukraynada hərbi çevriliş təşkil etdilər, onlar nasistlərə hakimiyyətə gəlməyə kömək etdilər. Bu nasist hökumət isə Ukraynanın ən böyük regionunu bombalayır", - deyə Rusiya prezidentinin məsləhətçisi Avropanı ittiham edib.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin ticar danışıqlar departamentinin direktoru Maksim Medvedkov isə "İnterfaks"a açıqlamasında bildirib ki, AB ilə imzalanan razılaşma MDB çərçivəsində Ukraynanın üzərinə götürdüyü öhdəliklərə ziddir. MDB-nin azad ticarət haqqında razılaşmanın şərtlərinə görə, Ukrayna digər azad ticarət zonalarında iştirak edə bilər. Amma MDB çərçivəsində imzalanan razılaşmalarla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlidir. "Aydındır ki, eyni zamanda həm Avropa Birliyi, həm də MDB qarşısında götürülən öhdəlikləri yerinə yetirmək mümkün deyil", - Medvedkov qeyd edib.
Rusiya hakimiyyəti hesab edir ki, Ukraynanın AB İlə Ukraynanın iqtisadi razılaşması Rusiya iqtisadiyyatının ayrı-ayır sektorları üçün problemlərə gətirib çıxara bilər. "Xüsusi halda, "domino effekti" riskləri mövcuddur. Avropa malları Ukrayna mallarını Ukrayna ərazisindən sıxışdırıb çıxardacaq. Sonra isə bu məhsullar Rusiya bazarına ayaq açacaq. Avropa Birliyi şirkətləri həmçinin məhsullarının istehsalında tamamlama işləri üçün Ukraynanın ərazisindən istifadə edə bilər. Sonradan isə bu məhsullar Gömrük Şurası ölkələrinə ixrac olunacaq", - Medvedkov narahatlığını dilə gətirib.
Rusiya prezidenti Vladimir Putin də dəfələrlə bildirirdi ki, Ukraynanın AB ilə imzalayacağı assosiativ razılaşmanın iqtisadi hissəsinin qüvvəyə minəcəyi halda "adi beynəlxalq təcrübə" rejiminə keçməyə məcbur olacaq.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22