Şahin Mustafayevi çətinə salacaq statistika
12:14 01-07-2014
İQTİSADİYYAT
Şahin Mustafayevi çətinə salacaq statistika
Sənaye məhsulu istehsalında azalma sürətlənir
Ötən ilin payızında keçirilən prezident seçkilərindən sonra yeni formalaşan hökumətin tərkibində yenidən yer almağı bacaran o vaxtki iqtisadi inkişaf naziri Şahin Mustafayev mövqelərini bir az da gücləndirdi. Belə ki, onun nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyinə çevrildi.
Bununla da sənaye kimi önəmli sahə həmin vaxtadək sənaye və energetika naziri olan Natiq Əliyevin nəzarətindən çıxdı. Bu sahə Şahin Mustafayevin nəzarətinə verildi.
Məlum olduğu kimi, ölkə başçısının sərəncamı ilə 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilib. Bəzi optimist müşahidəçilərin fikrincə, belə bir sərəncam respublikamızda bu ilin sənayeləşmənin yeni mərhələsinin başlanğıc dövrü olacağına dəlalət edir.
Maraqlıdır ki, Azərbaycanda 2014-cü ilin "Sənaye ili"elan edilməsi bu sahəyə cavabdehliyin Sənaye və Energetika Nazirliyindən alınıb İqtisadi İnkişaf Nazirliyinə verilməsi, sonuncunun İqtisadiyyat və Sənaye Nazirliyinə çevrilməsindən sonra baş verdi. Bu isə onu deməyə əsas verirdi ki, sənaye sahəsində müsbət dönüşə nail olunması baxımından Şahin Mustafayevdən gözləntilər xeyli böyükdür.
Həmin vaxt KİV də yazırdı ki, neft hasilatının azalması ilə sənaye sahəsindəki istehsal göstəricilərinin ciddi şəkildə aşağı düşməsi belə deməyə əsas verir ki, Natiq Əliyevin bu sektora rəhbərliyi zamanında görülən işlər heç də uğurlu olmayıb. Yəni onun nazirliyi sənaye istehsalı göstəricilərini sadəcə olaraq, neftin yüksək hasilatına hesablayıb, hasilatın aşağı düşməsi ilə sənaye sektorunda da axsaqlıqlar ortaya çıxmağa başlayıb. Görünür, hökumətdə bunu öncədən hesabladıqları üçün sənaye sahəsinin Natiq Əliyevdən alınmasına qərar verilib. Əvvəlcə bu, ardınca da 2014-cü ili "Sənaye ili"elan etməklə hökumət bu sektorda yeni, "neftsiz inkişaf"a əsaslanan yüksəliş mərhələsinə start verməyi qərara alıb.
Amma bu ilin ilk beş ayının göstəriciləri sənaye sahəsinin Şahin Mustafayevin nəzarətinə keçməsinin də önəmli dəyişiklərə yol açmadığını, sənaye sektorunda məhsul istehsalının azalmağa doğru davam etdiyini söyləməyə əsas verir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisə aparan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, yanvar-may aylarında sənaye məhsulu istehsalı 2,1 faiz, qeyri-neft məhsulu ixracı 4,5 faiz azalıb. Ekspert bu haqda danışarkən daha sonra deyib ki, azalma büdcə gəlirlərində, idxalda, ixracda da qeydə alınıb: "Təəssüf ki, bizim proqnozlarımız illər ötdükcə özünü daha çox doğruldur. Amma hələ də analoqu olmayan inkişafdan danışır, səmərəsiz xərcləmələrə gedir, korrupsiya ilə pis idarəçiliyi stimullaşdırırıq".
Ekspert sənayedə azalmanın səbəblərini belə izah edir: "Sənayedə tənəzzül 2011-ci ildən başlayıb. Bunun başlıca səbəblərindən biri sənayenin strukturunda 75-80 faiz paya malik olan mədən sənayesində, xüsusilə də neft, qaz sektorunda istehsal həcminin aşağı düşməsidir. Məhsul istehsalının azalması tendensiyası emal sənayesi üçün də xarakterik olub".
Başqa ekspertlər isə belə rəydədirlər ki, ölkədə sənaye istehsalının azalmasının davam etməsi bu sahədə problemlərin yalnız hansısa nazir və ya nazirliyin fəaliyyəti ilə bağlı olmadığını deməyə əsas verir. Aşkar görünür ki, uzun müddət neft və qaza dayanıqlı sənaye fəaliyyəti sonda hasilatın düşməsi ilə statistik rəqəmlərdəki azalmanı şərtləndirib.
Üstəlik, bu azalmanın "Sənaye ili" elan edilən 2014-cü ildə də davam etməsi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev üçün yaxşı heç nə vəd etmir. Onun bu vəziyyəti dəyişmək üçün hansı önləmlər atacağını, tədbirlər həyata keçirəcəyini isə indidən demək çətindir. Yaşayıb görərik.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53