Gürcüstanın Ermənistan sevgisi
12:23 01-07-2014
İQTİSADİYYAT
Gürcüstanın Ermənistan sevgisi
Türkiyə və Azərbaycan strateji müttəfiqinə xəbərdarlıq etməlidir
Bu gün regionda Gürcüstanın tutduğu mövqe artıq müəyyən fəsadlarla müşahidə olunur və belə davam edərsə Azərbaycan tərəfi də öz addımlarına yenidən baxmalı olacaq. Hələ Saakaşvili zamanında Gürcüstan tərəfi açıq şəkildə Azərbaycanı özünün strateji müttəfiqi hesab edirdi və Azərbaycan həqiqətəndə Gürcüstana lazımi dəstəyini verirdi.
Təkcə bunu qeyd edək ki, Rusiya ilə 5 günlük müharibə zamanı Gürcüstanın enerji resursları tamamı ilə tükəndi və Rusiya bu yolla Gürcüstanı az qala dövlət kimi sıradan çıxartmışdı. Amma Azərbaycanın əvəzsiz olaraq Gürcüstana verdiyi dəstək nəticəsində Gürcüstan mövcudluğunu qoruyub saxlaya bildi. Saakaşvili prezident olmayandan sonra da dəfələrlə bəyan etdi ki, Azərbaycan olmasaydı, Gürcüstana lazımi dəstək verməsəydi hazırkı Gürcüstan ola bilməzdi. Bununla paralel olaraq Türkiyədə öz növbəsində Gürcüstanı özünün strateji müttəfiqi elan etdi və Gürcüstana milyardlarla dollar həcimində investisiya qoydu.Gürcüstan ordusunun yenidən qurulmasını demək olar ki, tamlıqla öz üzərinə götürdü. Amma Saakaşvili hakimiyyətindən sonra Gürcüstanın addımlarında müəyyən ziddiyətlər ortaya çıxdı. İlk növbədə o zamankı baş nazir İvanişvili bəyan etdi ki, Azərbaycanla neft müqavilələrinə yenidən baxacaq. Daha sonra bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisinə ehtiyac yoxdur və mütləq Gürcüstan-Ermənistan dəmiryol xətti bərpa edilməlidir. Gürcüstan tərəfinin belə sürüşkən mövqe sərgiləməsi bu gündə davam edir və Gürcüstan Ermənistanla məxfi informasiyaların qorunması və mübadiləsinə dair müqavilə imzalayır. "Unikal"a açıqlama verən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib ki, Azərbaycanla Gürcüstan ciddi tutumlu enerji və kommunikativ layihələr reallaşdırırlar. Bu layihələrin reallaşmasında məxfi informasiyaların olması labüddür: "Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda ərazi bütövlüyünün qorunmasında vahid siyasət aparmalıdırlar. Bəzən operativ danışıqlar məxfilik tələb edir. Azərbaycanla Gürcüstan hərbi təhlükəsizlik məsələlərini müzakirə etməlidirlər.
Ukraynada vəziyyət gərginləşən kimi Gürcüstan prezidenti Azərbaycan və Türkiyə prezidentlərini Tbilisiyə dəvət etdi. Belə görüşlərdə məxfi məsələlərin müzakirəsi labüddür. Azərbaycanla Türkiyəni birləşdirən neft-qaz kəmərləri Gürcüstan ərazisindən keçir. Bu kəmərlərin təhlükəsizliyinin təmini başdan-ayağa məxfi informasiyalarla doludur. Bütün belə məsələlərdə Ermənistan Azərbaycana, Türkiyəyə, eləcə də Gürcüstana əks mövqedədir. Belə alınır ki, Gürcüstan bir əli ilə Azərbaycandan bəhrələnmək istəyir, digər əli ilə Azərbaycanın məxfi informasiyalarını Ermənistana ötürmək istəyir".
Politoloq bildirib ki, Gürcüstanın xarici işlər nazirinin imzaladığı bu müqavilə Ermənistanın Gürcüstan üzərində üstünlüyünü təmin edir: "Ermənistan istənilən anda Gürcüstanı test edə bilər: Gürcüstan ərazisindən keçən regional enerji kommunikasiyalarına təhlükə yaradır və bu gizli əməliyyatdan Gürcüstanın xəbəri olur. Ermənistan rəsmi Tbilisinin addımlarını izləyir: Gürcüstan əlinə düşən bu informasiyanı Azərbaycana və Türkiyəyə ötürəcəkmi, Azərbaycan və Türkiyə bu informasiya ilə bağlı Gürcüstana necə cavab verəcəklər?! Azərbaycanın belə vəziyyətə dözməsi az ehtimal olunandır. Qəbələ RLS-in fəaliyyətinin dayanmasında dönüş nöqtəsi Rusiyanın MDB məkanındakı bazalarını KTMT-nin hərbi bazaları elan etməsindən sonra başladı. Beləliklə Qəbələ RLS həm də üzvlərindən biri Ermənistan olan KTMT-nin bazasına çevrilirdi. Qəbələ RLS-in ərəb dövlətləri və İranla bağlı əldə etdiyi informasiyalar həm də Ermənistanın əlinə düşürdü. Ermənistan Azərbaycanın ərazisində yerləşən Qəbələ RLS-in əldə etdiyi informasiyanı özünəməxsus şəkildə İrana təqdim edib İran-Azərbaycan münasibətlərini müharibə həddinə gətirə bilərdi. Ona görə rəsmi Bakı Qəbələ RLS-in fəaliyyətinin tam dayanması istiqamətində fəaliyyət göstərdi və istədiyinə nail oldu".
Onun fikrincə, Gürcüstan məxfi məlumatların mübadiləsi və qorunması haqqında Ermənistanla imzaladığı müqaviləni ləğv etməlidir: "Gürcüstanın indiki hakimiyyəti regional təhlükəsizlik məsələlərində aydın strateji seçim etməlidir. 1988-ci ildə amerikalılar Ermənistanın Cavaxetiyadakı separatçılığını dayandırıb Dağlıq Qarabağa, Azərbaycan ərazisinə yönəldibsə indi Gürcüstan bundan tam dolğun nəticə çıxarmalıdır. Ermənilər alətdir, sabah yenidən Gürcüstana ərazi iddiası qaldıra bilərlər. Ermənistanın Gürcüstana ərazi iddiası heç vaxt aradan qalxmayıb".Ekspertlər bunu da qeyd edir ki, Azərbaycan Gürcüstanın bu addımlarını unutmamalı və rəsmi Tbilisidən izahat tələb etməlidir. Həmçinin Türkiyənin də məsələyə biganə qalmayacağı gözlənilir. Ən azından Gürcüstana etdiyi yardımları müəyyən qədər azaldacaq. Çünki Gürcüstanın atdığı bu addımlar heç də effektli addımlar deyil. Amma buda qeyd olunur ki, Gürcüstan risk edib bu cür addımları davam etdirməyəcək. Çünki Türkiyə və Azərbaycandan imtina faktiki Gürcüstanın yox olması deməkdir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20