Səmimiyyət mücəssiməsi
12:32 01-07-2014
CƏMİYYƏT
Səmimiyyət mücəssiməsi
Zərnigar xanım Babayevanın 60 yaşının tamam olması münasibəti ilə
1954-cü il iyun ayının 17-də Sumqayıt şəhərində anadan olub. 15 saylı orta məktəbi bitirdikdən sonra Kitabxanaçılıq texnikumuna qəbul olub və oranı qırmızı diplomla bitirib. 1983-cü ildə isə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakultəsini bitirib. 1978-ci ildən Sumqayıt şəhər Mərkəzi Kitabxana Sistemində işləyir. Əvvəlcə 14 saylı filialın müdiri, kitab işləmə və komplektləşdirmə şöbəsində böyük redaktor, 1988-ci ildən isə Nizami Gəncəvi adına Uşaq Kitabxana-Klubunun müdiri vəzifəsində işləyir.
Uzun illərdir Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi sistemində həmkar olaraq bir yerdə çalışdığım, bu uzun illər dediyimin 10 ilindən çoxunu bir binada yerləşən mədəniyyət müəssisələrinə rəhbərlik etməyimizdən dolayı yaxından tanıdığım Zərnigar xanım Babayeva ilə bağlı mətbuatda sözümü demək istəyi çoxdan ürəyimdə baş qaldırsa da bu yazını məhz indi - onun yubiley günündə qələmə almalı oldum. Təbii ki, buna görə hər şeydən öncə bizi ömrün bu çağınacan həm fiziki, həm də mənəvi anlamda sağ-salim çatdırmış uca Tanrıya şükranlarımı bildirmək istəyirəm. Az vaxt deyil - biz artıq 24 ildir ki, bir-birimizi tanıyır, Sumqayıtın mədəni həyatında ömür xərcləyir, bir-birimizin həm uğurlarını, həm problemlərini bölüşür, əməkdaşlıq edirik. Əlbəttə, bu boyda zaman kəsiyi qarşındakı insanı təkcə iş yoldaşı, həmkar olaraq yox, eyni zamanda bir fərd olaraq da adama yetərincə tanıda bilir. Beləliklə...
Kitabxanaçı Zərnigar
Babayeva
Məni tanıyanlar yaxşı bilirlər ki, mənim kitabxanaya, kitabxana işinə və eləcə də kitabxanaçılara özəl bir sevgim var. Səmimi etiraf edim ki, mənə bu sevgini aşılayan məhz sumqayıtlı kitabxanaçılar olublar. Hələ 80-ci illərin əvvəllərində, tələbə ikən, 12-ci mikrorayonda yerləşən kitabxana filialın və C.Vurğun adına Mərkəzi kitabxananın həm fəal, həm də cığal oxucusu olmuşam. Oxu zallarında əyləşdiyim zaman həmişə kitabxanaçıların rəftarını heyranlıqla izləyirdim. Özümü qərib hiss elədiyim bu şəhərdə sanki onlar mənim üçün yeganə doğma adamlar idilər. Bu hisslər məni bəzən gərək olmadığı halda da kitabxanalara dartıb aparırdı. Elə belə... Necə deyərlər, "doğma"larımla görüşməyə gedirdim...
Dastançılar demiş - "aşıq dili yüyrək olar", aradan çox zaman keçdi və mən Əli Kərim adına Poeziya Klubuna direktor təyin edildim. İndi, demək olar, bütün işim kitabxanaçılarla əməkdaşlığa bağlı idi. Az müddətdən sonra isə Poeziya Klubu N. Gəncəvi adına Uşaq Kitabxana klubunun binasına köçürüldü və mən hər gün, hər saat kitabxanaçılarla bir yerdə olmalı oldum. Kitabxana-Klub yaradılanda, o vaxtacan Mərkəzi Kitabxanada böyük redaktor kimi çalışmış Zərnigar xanım Babayeva ora rəhbər təyin edilmişdi. Elə ilk görüşlərimizdən başa düşdüm ki, Zərnigar xanım buranın işini necə deyərlər sıfırdan başlamış, Kitabxana-Klubu əmələ gətirincə böyük zəhmət sərf etmişdir. Poeziya klubu ora yeni köçürüləndə düşünürdüm ki, yerlərini dar etdiyimizə görə Poeziya Klubuna yaxşı münasibət bəsləməyəcəklər. Aradan bir müddət keçəndən sonra isə bunun tamamilə əksinin şahidi oldum, bizi birləşdirən ortaq dəyər - kitaba olan sevgimiz yer darlığını arxa plana atmışdı. Sumqayıtlı yazarların bura ayaq açması Zərnigar xanımın da ürəyindən idi. İndi biz birlikdə çalışır, oxucularla kitab müəlliflərinin canlı ünsiyyətini qururduq və təbii ki, bu ümumi işimizin xeyrinə idi...
Zərnigar xanım əvvəlcə Kitabxanaçılıq Texnikumunu, sonra isə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib. İxtisasını könüllü olaraq seçdiyindəndir ki, peşəsinin vurğunu, işinin ustasıdır. Kitabxana işini bütün incəliklərinə qədər mənimsəməklə yanaşı, bu sahədə baş verən yenilikləri izləməyi də heç zaman diqqətindən qaçırmır. Hətta bəzən bunu aşırı dərəcədə sərgilədiyinin şahidi olmuşam, bu cür məqamlarda onu "kitabxana fanatı" da adlandırmışam. O, kitabxananın kitablarını ən əziz rəfiqəsinə belə güzəştə getməz, qarşısındakı adamı mütləq şəkildə onunla hesablaşmağa vadar eləyər. Əslində, mən intizamlı oxucu olmağı da məhz onun sayəsində öyrənmişəm. Səmimi dostluq münasibətimizə baxmayaraq vaxtaşırı kitabxanadakı "kartoçka"mı yoxlayar və götürdüyüm kitabları vaxtında qaytarmağımı tələb edər. Belə məqamlarda nə zarafat dadıma çatar, nə də bəhanə uydurmağım. Yaranmış vəziyyət bəzən mənə sərf etməsə də, onun öz sənətinə olan sevgisini dəyərləndirib sakitcə kitabxananın qaydalarına əməl etməyə vadar oluram.
Hələ onun kitabxanaçı olmağıyla necə qürur duyduğunu, bu peşəni bütün peşələrdən uca tutduğunu demirəm. Neynək, təki bütün kitabxanaçılar işlərinə bu cür yanaşsınlar, peşələrini bu cür sevib dəyərləndirsinlər....
Kitabxana müdiri
Zərnigar Babayeva
Uzun illər Zərnigar xanımın Kitabxana-Klubun müdiri olaraq bu müəssisəyə necə rəhbərlik etdiyini də müşahidə etmişəm. Maraqlıdır ki, onun tabeliyində olan işçilər Zərnigar xanımın tələbkərlağından qətiyən narazılıq eləmirlər. Əksinə, onun bu xüsusiyyətini dəyərləndirir və tapşırıqlarını canı-dildən yerinə yetirirlər. Onun rəhbərliyi altında monolit bir kollektiv yaranıb kitabxanada. Öz işinin öhdəsindən gəlməyi burda hamı özünə borc bilir. Əmək intizamını pozmaq, sadəcə ayıb sayılır burada. Bir sözlə, həsəd aparılası bir sistem qurulub bu mədəniyyət müəssisəsində. Bütün bu ciddiliklərinə rəğmən, Zərnigar xanım tabeliyində çalışan insanların qayğısına qalmağı da heç vaxt unutmaz, hər yerdə və hər zaman onların müdafiəsinə qalxmağı özünün vəzifə borcu bilər. Görünür bundan dolayıdır ki, kitabxanaçılar da, texniki işçilər də rəhbər kimi ona hörmət edir, onu çox sevirlər. Əlbəttə ki, bu cür kollektivin həyata keçirdiyi işlər də, kitabxanada keçirilən tədbirlər də yüksək səviyyədə olar. Burada görüşləri, kitab təqdimatları, imza günləri keçirilən yazıçı və şairlərin onun haqqında ağız dolusu danışdıqlarının, həqiqi mənada tərifi tərifə caladıqlarının dəfələrlə şahidi olmuşam.
İndi mənim tanıdığım adamların çoxu bu məkanı kitabxana-klubdan çox, "Zərnigar xanımın kitabxanası" deyə dilə gətirirlər. Mənə elə gəlir, bu ifadə bir kitabxana midiri kimi Zərnigar xanım haqda çox şey deyir. Və nəhayət...
Zərnigar xanım
Babayeva
Yuxarıda sadaladıqlarım kitabxanaçı, kitabxana müdiri kimi Zərnigar xanım haqqında çox şey desə də, hər şeyi demir axı. Mən yaşıma və iş stajıma görə Sumqayıtda çox insanlarla ünsiyyətdə olmuş, çoxları ilə işbirliyi qurmuş, əməkdaşlıq etmişəm. Səmimi etiraf edim ki, Zərnigar xanım kimi ziyalılarımız, aydınlarımız barmaqla sayılası qədər azdır. İntellektual səviyyəsinə, mütaliə dairəsinə, rəhbərlik qabiliyyətinə, işinə yaradıcılıqla yanaşmasına, vətəndaş mövqeyinə görə o, hər kəsdən fərqlənir. Az bir müddətə ünsiyyətdə olmaq yetər ki, onun kim olduğunu bilib dəyərləndirəsən. Zərnigar xanım kimi insanlar ümumiyyətlə cəmiyyətin müəyyən qisminin düzgün tərbiyə olunmasında və yönəldilməsində xidmətləri olmuş insanlardır.
Tale elə gətirib ki, uzun müddətdir ki, bir yerdə çalışmağımızdan və səmimi ünsiyyətimizdən dolayı yüksək əxlaqi dəyərlərə malik olan bu ailəni - onun ömür-gün yoldaşı olduğu Fikrət müəllimi də, Sumqayıt Dövlət Texniki Kollecində şöbə müdiri işləyən bacısı Zərxanım müəlliməni də, çox işgüzar və mədəni bir gənc olan oğlu Ramili, Sumqayıtdakı Səid Rüstəmov adına Uşaq İncəsənət məktəbində müəllimə işləyən qızı Nurlananı da yaxından tanımışam. Bu ailənin hər bir üzvü ayrı-ayrılıqda böyük hörmət və ehtirama layiq insanlardır. O, bütün insani keyfiyyət göstəriciləri ilə əsil xanım-xatın bir Azərbaycan ziyalısı, şəhərimizdə örnək göstərilə biləcək bir ailənin anası və nəhayət nur-ipək bir nənədir. Və nə xoş mənim və onunla çalışan bir çox insanların halına ki, bizlərə əsil insanlıq mücəssəməsi olan Zərnigar Babayeva kimi bir ziyalı xanımla bir yerdə çalışmaq nəsib olub!
İndinin özündə də gənclik həvəsi ilə çalışmalarına davam edən Zərnigar Babayevanı 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, könül xoşluğu, həyat eşqi, ailə səadəti, gənclik təravəti və işlərində uğurlar diləyirəm.
P.S. Yeri gəlmişkən, uzun illər bundan öncə kitabxanaçılara olan sevgilərimi ifadə edə biləcək bir şeir parçası qələmə almışam. Yubiley gününə kiçik bir ərməğan olaraq həmin şeiri də bu gündən Zərnigar xanımın adına bağlayıram:
Qarışar başları uca işlərə,
Uca kürsülərdən gəlməz səsləri.
Səhifə-səhifə yetişdirərlər
Uca kürsülərə qalxan kəsləri.
Asta yeriyərlər, usta dinərlər,
Nur yağar mənalı baxışlarından.
Yerdən ucalarlar, göydən enərlər
Bəşərin həqiqət naxışlarına.
Onlar kitabları əzizləyəntək,
Kitablar da sevər xiridarını.
Mən sevib tanıdım, tanıyıb sevin,
Dünyanın bu zəngin adamlarını.
İbrahim İlyaslı,
Əli Kərim adına
Sumqayıt şəhər Poeziya Klubunun direktoru
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54