Zakir Həsənov ordunu  "qohum-əqraba klubuna" çevirib
Zakir Həsənov ordunu
"qohum-əqraba klubuna" çevirib
Müdafiə naziri daha bir yaxın qohumunu Hərbi Həkim Komissiyasının sədri postuna gətirdi

Müdafiə naziri Zakir Həsənovun əmri ilə polkovnik-leytenant Elxan İbrahimov yüksək vəzifəyə təyin edilib. Polkovnik-leytenant Elxan İbrahimov Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının sədri postuna gətirilib.
Elxan İbrahimovun nazirlə qohum olduğu iddia edilir. Qeyd edək ki, bir müddət öncə polkovnik Vidadi Quliyevin Hərbi Həkim Komissiyasının sədri vəzifəsindən azad olunması və Elxan İbrahimovun bu posta təyinatı haqqında xəbər yayılsa da, Müdafiə Nazirliyi faktı təsdiqləməmişdi. Onu da vurğulayaq ki, Elxan İbrahimov Zakir Həsənovun bacanağıdır.
Yeri gəlmişkən qeyd edək ki, Zakir Həsənov nazir təyin olunduğu gündən bəri bütün ordu sistemində yüksək vəzifələrdə olan zabitləri dəyişdirib. İlk vaxtlar onun bu dəyişiklikləri mütərəqqi xarakter daşısa da, sonradan orduya aidiyyatı olmayan, sistem barədə dərin bacarığa malik olmayanlar yüksək vəzifələrə gətirildi. Ən pisi odur ki, Zakir Həsənovun vəzifəyə gətirdiyi şəxslərin əksəriyyəti qohum-əqrəbasıdır. Bu, isə qanunvericiliyə ziddir.
Tanınmış hərbi ekspert, "Hərbi Jurnalistlər" İctimai Birliyinin rəhbəri, polkovnik-leytenant Üzeyir Cəfərov da Zakir Həsənovun son təyinatları barədə sərt fikirlər səsləndirib. Onun sözlərinə görə, nazirin qohumbazlıq siyasəti ciddi qanun pozuntusudur: "Müdafiə naziri cənab Zakir Həsənov hansı əsaslarla Azərbaycan Respublikasının konkret qanunlarına məhəl qoymayaraq öz yaxın qohumunu yüksək vəzifəyə təyin edilməsi ilə bağlı mətbuatın mənə istinadən verdiyi xəbərə aydınlıq gətirmək istəmir? Söhbətin nədən getdiyini isə mənə elə gəlir ki, xırdalamağa ehtiyac yoxdur. Onda bilinər ki, kim yalan, kim isə Azərbaycan ordusunu "qohum-əqraba klubuna" çevirən şəxsləri ifşa edənlər düz danışır. Hesab edirəm ki, belə primitiv "döyüş taktikası" ilə hörmətli müdafiə nazirimiz özünü get-gedə mətbuatın və ictimaiyyətin gözündən daha da çox salır".
Z.MƏMMƏDLİ