Ukraynada savaşın ikinci dalğası başladı

Ukraynada savaşın ikinci dalğası başladı


Atəşkəs dayandırıldı: Poroşenko orduya "vur" əmri verdi

Ukrayna prezidenti Petro Poroşenko Şərq regionu üçün nəzərdə tutduğu atəşkəs qərarını uzatmayıb. Bununla da prezidentin bir müddət əvvəl atəşkəslə bağlı qəbul etdiyi qərar başa çatıb.
Ukrayna prezidentinin rəsmi saytından yerli mətbuata verilən məlumata görə, Poroşenko belə bir qərarın verilmə səbəbini Şərq regionlarında seperatçıların təxribat hərəkətlərini dayandırmaması olaraq göstərib: "Seperatçılar aqressiv hərəkətlərinə son qoymayaraq sülh planını dəstəkləmədiyini bildirirlər. Onlar bizə meydan oxuyurlar və atəşkəs elan olunandan bu yana 100 dəfə ordu birliklərinə atəş açıblar". Poroşenko bildirib ki, Ukraynanın ərazi bütövlüyünün təhlükəsizliyi üçün təkcə müdafiə olunmaq deyil, eyni zamanda təxribat planları həyata keçirən seperatçılara hücum etmək də lazımdır.

Döyüşqlər Ukrayna-
Rusiya sərhəddinə çatdı

Atəşkəs anlaşmasının bitməsi ilə Ukraynanın şərqindən gələn döyüş xəbərləri daha da intensivləşib. Bu xəbərlərin birində bildirilirdi ki, Ukrayna Milli Qvardiyası Rusiya ilə sərhəddə terrorçulara hücum edib.
"RİA-Novosti" xəbər agentliyinin verdiyi məlumata görə, döyüşlər hazırda "İzvarino" və "Krasnopartizansk" sərhəd nəzarət-buraxılış məntəqələri yaxınlığında gedir.
Məlumatda deyilir ki, döyüş yerli vaxtla saat 9:00 radələrində başlayıb. Rusiya sərhədçiləri və gömrük işçilərinin təhlükəsiz əraziyə çəkildiyi deyilir. "RİA-Novosti" nəzarət-buraxılış məntəqələrinin bağlandığını, bundan əvvəl isə ərazidə olan bütün ukraynalı qaçqınların Rusiya ərazisinə buraxıldığını bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin srağagün Ukrayna prezidenti Pyotr Poroşenkoya "Doljanskoye", "İzvarino" və "Krasnopartizansk" sərhəd nəzarət-buraxılış məntəqələrinin Rusiya hissəsində ATƏT və Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndələrini yerləşdirməyi təklif edib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putin arasında aparılmış telefon danışığını şərh edərkən bildirib.

Kiyev ölkənin şərqində iri hərbi güc toplayır

Ukrayna ordusu Donetsk vilayətində böyük hərbi güc toplayır. "RİA-Novosti" xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə "Donetsk Xalq Respublikası"nın "müdafiə naziri" bildirib.
"Müdafiə naziri" Fyodor Beryozin ağır artilleriya və zirehli texnikanının "Donetsk Xalq Respublikası"na gətirildiyini deyib: "Şəhərə rəqibin böyük gücləri, həmçinin ağır artilleriya və zirehli texnika toplanır. Hazırda şəhərin ətrafında ciddi döyüşlər getmir, lokal əməliyyatlar aparılır. Amma Ukrayna ordusu aviasiya kəşfiyyatını gücləndirib".
Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov da dünən parlamentdə etdiyi çıxışında Ukraynanın şərqində hərbi əməliyyatların aktiv mərhələsinin başlandığını təsdiqləyib.
Donetskdə tank
döyüşləri gedir

Ukraynanın Donetsk vilayətində Karlovka qəsəbəsi yaxınlığında hazırda tank döyüşü gedir. Bu barədə "RİA-Novosti" xəbər agentliyi yazıb.
Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk "facebook" səhifəsində terrorçuların dayaq məntəqələrinə aviasiya və artilleriya zərbələrinin endiriləcəyini yazıb.

"Avropa İttifaqı ilə
assosiasiya sazişi
Ukraynanı dalana dirədi"

Bu arada siyasi analitik Mirzə Xəzər Ukraynanın Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamasından sonra Rusiyanın bu ölkəyə yönəlik siyasətini şərh edib.
M.Xəzər bildirib ki, rəsmi Kiyevin Qərblə ittifaq istiqamətində atdığı hər bir addım Kremlin təşvişini artırır. Analitik hesab edir ki, Ukraynanın Avropa İttifaqı ilə assosiasiya sazişini imzalaması Putin hökuməti üçün gözlənilməz hadisə olmayıb.
Siyasi analitikin sözlərinə görə, bu səbəbdən də Moskva Yanukoviç devriləndən dərhal sonra baş verə biləcək hər cür gözlənilməz inkişafa hazır olmaq üçün ciddi addımlar atıb: "Krımı ilhaq etdi və Ukraynanın Şərq vilayətlərinə gizli şəkildə xüsusi təlim keçmiş hərbi qulluqçularını, habelə ağır və yüngül silah, sursat yerləşdirdi. Son günlərdə separatçıların Ukrayna ordusunun helikopter və hərbi təyyarələrini məhv etməsini misal göstərmək kifayətdir. Ukraynanın Şərq regionu faktiki olaraq Rusiyanın nəzarətindədir. Moskva özünü burada sığortalayıb. Moskva ilə müqayisədə Ukrayna hökuməti müşkül və çıxılmaz vəziyyətdədir. Ordu dağılıb, iqtisadiyyat çöküb, mərkəzi hökumət regionlara nəzarət edə bilmir. Ən mühüm amil isə odur ki, Kiyev hökuməti və ukraynalılaın Qərbə, ABŞ və Avropa İttifaqına bağladıqları ümidlərin heç biri reallaşmır. İqtisadi islahatlar keçirmək, iqtisadiyyatı bataqlıqdan çıxarmaq və sadəcə işləyən əhalinin maaşlarını ödəmək üçün Kiyevə 15 milyard dollar borc lazım idi. Ancaq Kiyevin bütün səylərinə baxmayaraq, Avropa İttifaqı və ABŞ Ukraynaya bu borcu verməyə tələsmir. Çətin güman etmək olar ki, Ukraynada vəziyyət sabitləşməyincə Qərb Kiyevə bu məbləği borc versin. Ötən gün Kiyevdə minə yaxın "Maydan" veteranının Petro Poroşenko hökumətinə qarşı mitinqi göstərir ki, hakimiyyət üçün təhlükə təkcə Rusiyadan gəlmir, ölkə daxilində də hökumətin iqtisadiyyatı dirçəltmək barədə verdiyi vədlərini yerinə yetirməməsi üzündən narazılıq güclənir. Ukrayna Rusiya caynağından qurtulmaq üçün hansı addımı atmalıdır? Müşahidələr göstərir ki, artıq gecdir. Kiyev hökuməti Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqla özünü çıxılmaz dalana dirədi və hər hansısa ciddi addım atmaq iqtidarında deyil".

Poroşenko nə
dediyini başa düşdü,
nə etdiyini bilmədi

Dünən olaylar.az saytında dərc olunan təhlili yazıda isə bildirilir ki, Ukraynanın Avropa İttifaqı ilə assosiasiya sazişi imzalaması Rusiya tərəfindən müəyyən addımlarla qarşılanmağa başlayıb. Rusiya prezidenti Vladimir Putin məsələni Gömrük İttifaqı ölkələrinin toplantısına çıxardı. Putin birlik ölkələri bazarına Ukrayna mallarının daxil olmasına məhdudiyyətlər qoyulması təklifini irəli sürdü. Lakin təklif Qazaxıstan və Belorus tərəfindən etirazla qarşılandı.
Nəticədə Kremlin Ukraynaya koalisiya ilə hücumu baş tutmadı. Putinin isə Lukaşenko və Nazarbayevin etirazları ilə razılaşmayacağı dəqiqdir. Bir tərəfdən də Avrasiya İttifaqı kimi mühüm layihənin fiaskoya uğramaması üçün Moskva Astana və Minskin "Kiyevə hücum planı"na qoşulmasında təkid etməyəcək. Ukraynanın asanlıqla "Qərb bloku"na daxil olması isə Kremlin maraqlarına uyğun deyil və o bunu həzm etmək niyyətində də deyil. Bu, Moskvanın Kiyevə təkbaşına hücum edəcəyi mənasını verir. Yəni ki, assosiasiya sazişi Rusiyanın Ukrayna siyasətinə yeni ölçü qazandırıb. Moskvanın Kiyevə siyasi təsir vasitələri özünü iqtisadi təzyiqlərdə göstərəcək. Başqa sözlə Qərb (ABŞ və Avropa İttifaqı) bilə-bilə Ukraynanı çıxmaza dirədi. Çünki Rusiyanın iqtisadi təzyiqlərinin qarşılığında Qərb heç bir halda Ukraynanı iqtisadi böhrandan çıxarmağa səy göstərməyəcək. Əksinə yaranmış böhranlı vəziyyət Ukraynanı yeni təhlükə ilə üz-üzə qoyacaq. Vaxtilə də Beynəlxalq Valyuta Fondu və ABŞ Ukraynaya lazım olan köməkliyi etməmişdi. Avropa İttifaqının Vilnüsdə keçirilən sammitində sabiq prezident Viktor Yanukoviç Almaniyanın federal kansleri Angela Merkel və litvalı xanım həmkarı Dalya Qribauskayte ilə görüşündə Qərbin ona lazım olan dətəyi vermədiyini və Rusiya ilə təkbətək buraxdığını bildirmişdi. Əksinə, Ukrayna bundan sonra lazım olan dəstəyi Qərbdən yox, məhz Rusiyanın onun üçün ayırdığı 15 milyard dollarla aldı. Qərb Yanukoviçi təkbaşına qoydu, sonra isə assosiativ saziş imzalamasını tələb etdi. Rusiya təzyiqlərini artırdı, Yanukoviç geri çəkildi. Qərb təzyiqlərini artırdı, Krım işğal edildi. Yanukoviç qaçdı, Ukrayna qarışdı. Nəticədə isə bu gün Ukraynada baş verən gərgin proseslərdə Rusiya nə qədər çox məsuliyyət daşıyırsa, Qərb də eyni dərəcədə günahkardır.

Qərb Ukraynanı təhlükəyə sürüyür

Qərbin bu məsələdə nə etməsini başa düşmək olmur. Brüssel və Vaşinqton dəqiq başa düşürlər ki, Rusiya üçün nəzərdə tutulmuş sanksiya paketləri Kremlin Ukraynaya münasibətini daha aqressivləşdirir. Hətta Petro Poroşenko Qərbin bu addımlarına qarşı açıq şəkildə etiraz etdi. Lakin keçən dövr ərzində Obama və Kameron Rusiyanı yeni sanksiyalarla hədələməklə Şərqi Ukraynada rus separatizminin qızışması üçün şərait yaradırlar. Sonuncu assosiativ saziş isə Rusiya-Ukrayna əlaqələrinin gərgilməsi üçün axırıncı mərhələ oldu. Qərbin Ukraynanı özünə tərəf çəkmək cəhdləri yalnız bu ölkənin parçalanmasına rəvac verə bilər. Ən azından Poroşenko hökuməti də bu məsələdə düşünülmüş addımlar atmalı idi. Proseslər səngiyənədək bitərəfliyini elan etməliydi. Bu ortaya daha səmərəli nəticələr qoya bilərdi. Laki indiki şəraitdə Rusiya heç bir vəchlə yaranmış situasiya ilə razılaşmayacaq. Qərbin isə faktiki olaraq indiki məqamda Rusiyanın Ukraynada reallaşdırdığı təxribat planlarının əleyhinə getmək iradəsi yoxdur, varsa da nümayiş etdirmir. Obama və Kameronun baş verən proseslərə yalnız verdiyi açıqlamlarla kifayətlənməsi bundan xəbər verir. Ümumilikdə isə nə Rusiya, nə Qərbin niyyətləri Ukrayna üçün yaxşı nəsə vəd etmir. Bu yalnız tərəflərdən birinin mövqeyindən geri çəkilməsilə baş verə bilər. Həmin tərəf Rusiya olsa, müəyyən qədər daha yaxşı olmalıdır.

Putinlə zarafat
etmək olmaz

Rusiyanın Ukrayna və Avropanın iqtisadi, həm də enerji həyatında hansı rolu oynadığına diqqət etmək lazımdır. Təkcə enerji faktoruna nəzər salaq. Məsələn, Ukrayna da daxil olmaqla Rusiya Avropanın qaza olan tələbatının 65%-ni dəyir. Ən əhəmiyyətli kəmərlərin keçdiyi ölkə isə Ukraynadır. Digərilərini saxlayıb proseslərdə əsas rol oynayan Qərbi Avropaya ötürülən qazın qarşısını kəssə, bu hansı nəticələrə səbəb olacaq? Hər-halda bunu xırdalamağın o qədər də mənası yoxdur. Təkcə Ukraynaya gedən qazı kəssə, yaranacaq acınacaqlı vəziyyət bu ölkənin bir beçə günə məhv olması üçün bəs edər. Mütəxəssislərin gəldiyi qənaətə görə, bu halda Ukrayna 15-günə dövlət kimi yox ola bilər. Çünki Ukraynanın təkcə enerji faktoruna görə, Rusiyadan 80%-lik asılığı var. Bu amil Ukraynanı Rusiya ilə bir qədər də ehtiyatlı davranmasına səbəb olur. Pyotr Poroşenkonun Qərbi Rusiyaya sanksiya tətbiq etməməyə çağırması buna hesablanıb. Poroşenko nə dediyini çox gözəl başa düşür, lakin Avropa İttifaqının assosiasiya sazişinə imza atanda nə etdiyini bilmədi. Rusiya ukraynalıların çalışması üçün əsas bazardır, Ukraynanın böyük ölçüdə Rusiyadan iqtsadi asılılığı var. Kreml bir gün Ukrayna mallarına məhdudiyyətlər qoysa, ukraynalıların federasiyadan deportasiyası başlasa, nə baş verəcək? Ukrayna çökmək təhlükəsilə üzləşəcək. Hər-halda Qərbin Ukraynanı özünə yaxınlaşdırmaq cəhdləri bu ölkəni ağır böhrana sürüyür. Poroşenko, Obama və Kameron bu məsələdə ehtiyatlı olsalar yaxşıdır. Rusiya ilə zarafat etmək olmaz. Onun istənilən absurd qərarı reallığa çevirməyi bacaran Putini var.
Kənan Rzaquliyev