Azərbaycan su qıtlığı  çəkən ölkələr arasında
Azərbaycan su qıtlığı
çəkən ölkələr arasında
Neft uğrunda müharibələri su uğrunda savaşlar əvəzləyəcək

Su Yer kürəsimdə həyatın olmasına başlıca səbəbdir. Lakin XXI əsrdə dünya qarşısında dayanan qlobal problemlərdən biri həyat mənbəyinin, yəni su ehtiyatlarının sürətlə azalmasıdır.
BMT-nin hesabatlarına əsasən, su sərfiyyatı son 100 il ərzində dünya əhalisinin artım sürətini 2 dəfə üstələyib.
Hazırda planetimizin hər 10-cu sakini, yaxud 780 milyon insan su qıtlığından əziyyət çəkir. Onların 40%-dən çoxu Afirakanın payına düşür.
2050-ci ildə Yer kürəsinin əhalisinin 9 milyard nəfərə çatacağını proqnozlaşdıran BMT suya olan tələbatın da öz növbəsində 70% artacağını xəbər verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə isə su mənbələrinin çirklənməsi ucbatından hər il 5 milyon insan dünyasını dəyişir.
Daha 550 milyon insan isə müxtəlif infeksion xəstəliklərə yoluxur.
Alimlərin ehtimalına görə, dünyada 1,35-1,41 milyard kubmetr su ehtiyatı mövcuddur. Bu o deməkdir ki, hər bir insana orta hesabla 200 milyon kub.kilometr su həcmi düşür. Lakin məsələnin problemli tərəfi ondan ibarətdir ki, bu su ehtiyatının 96,5%-i duzlu su sayılır.
Daha 1% su ehtiyatları yeraltı duzlu sulara və dağ göllərinin payına düşür. Ümumi həcmin yalnız 2,5 %-i şirin su ehtiyatlarının payına düşür.
Şirin su ehtiyatları ölkələrdən və regionlardan asılı olaraq qeyri-bərabər yerləşib. Belə ki, ABŞ, Kanada, Rusiya, İslandiya kimi ölkələrdə, yəni şimal qütbünə yaxın regionlarda bu baxımdan kifayət qədər ehtiyatlar mövcuddur. Çünki belə ölkələrdə dağ çayları və şirin su hövzələri çoxluq təşkil edir.
Afrika, Mərkəzi Asiya, Cənubi Amerika və Yaxın Şərq regionunda isə bu baxımdan ciddi sıxıntılar yaşanır. Əsasən, səhra və yarımsəhralardan ibarət Səudiyyə Ərəbistanı, Qətər və Küveyt və s. Yaxın Şərq ölkələri isə içməli suya olan tələbatını ödəmək üçün xarici ölkələrdən pul qarşılığında su alırlar.
Neft ixracından yüksək gəlir əldə etdikləri üçün bu ölkələr su satın almqda problem yaşamırlar.
modern.az saytı dünyanın ən çox şirin su ehtiyarlarına malik ölkələrini təqdim edir:
Braziliya (8 milyon 233 min kub kilometr)
Rusiya (4 milyon 508 min kub kilometr)
ABŞ (3 milyon 51 min kub kilometr)
Kanada (2 milyon 902 min kub kilometr)
İndoneziya (2 milyon 838 min kub kilometr)
Çin (2 milyon 830 min kub kilometr)
Kolumbiya (2 milyon 132 min kub kilometr)
Peru (1 milyon 913 min kub kilometr)
Hindistan (1milyon 880 min kilometr)
Konqo (1 milyon 283 min kub kilometr)
Eyni zamanda adambaşına düşən içməli su ehtiyatının azlığına görə sıralamada Küveyt (6,85 kub metr), Birləşmiş Ərəb Əmirlikləri (33,44 kub metr), Qətər (45,28 kub metr), Baham adaları (59,17 kub metr), Oman (91,63 kub metr) və Səudiyyə Ərəbistanı (95,23 kub metr) qərarlaşıb.
Bəzi ekspertlərin fikrincə, gələcəkdə dünyada su qıtlığı səbəbindən müharibələr də baş verə bilər.
Xüsusən, bir neçə ölkənin ərazisindən keçən çaylar buna səbəb ola bilər. Məsələn, Rusiyada Ob çayının ən böyük qolu olan İrtış çayı mənbəyini Çin-Monqolustan sərhəddindən götürür. 500 kilometr boyunca Çin, 1800 kilometr boyunca isə Qazaxıstanda axan çay sonradan Rusiya ərazisndə daxil olur və Ob çayı ilə qovuşur. Beynəlxalq razılığa əsasən, hər bir ölkə mənbəyi öz ərazisində başlayan çayın su sərfiyyatının yarısına sahib ola bilər. Çayın axdığı ikinci ölkə isə ərazisndə daxil olan suyun yarısına sahiblənir.
Beləliklə, üçüncü ölkə çayın yalnız dörddə birini əldə edir. Bu prinsiplə su ehtiyatlarını müəyyən edən Çin və Qazaxıstan İrtışın Rusiyaya azsulu gəlməsinə səbəb olublar. Eyni problem Türkiyə və Suriya arasında Dəclə və Fərat çaylarının istifadəsi ilə də bağlıdır.
Türkiyənin ərazisində formalaşan çayların üzərində su anbarları tikməsi İraq və Suriyada su çatışmazlığı və bəzi ərazilərin səhralaşmasına səbəb olub.
Azərbaycan da su qıtlığı yaşayan ölkələr sırasındadır. Cənubi Qafqazdakı ümumi su balansının yalnız 10%-i ölkəmizdə yerləşir.
Azərbaycanın ümumi su ehtiyarları 35 milyard kub metr təşkil edir. Lakin həm əhalinin içməli su ehtiyatı ilə təmin olunması, həm də kənd təsərrüfatı və sənaye məqsədilə sudan istifadə müəyyən su çatışmazlığı problemini aktual edib.
Bundan əlavə, torpaqlarımızın 20%-nin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması nəticəsində mənbəyini Kiçik Qafqaz dağlarından götürən bir neçə bolsulu çay düşmənin nəzarəti altında respublikamızın ərazisinə daxil olur.
Mənbəyini Kəlbəcər rayonu ərazisindəki dağlardan götürən 200 kilometr uzunluğundakı Tərtər çayı buna nümunədir. Çayın üzərində sovet dövründə tikilmiş su anbarları da hərbi əməliyyatlar nəticəsində düşmən nəzarətində qalıb.
Buna baxmayaraq, geoloji araşdırmalar Azərbaycanda kifayət qədər yeraltı su ehtiyarlarının olmasından xəbər verir.
Vüqar İsmayılov