3 saylı Doğum Evindəki məlum faciənin səbəbi və səbəbkarı məlum olacaqmı?
"Xeberinfo.com": Bu ayın 2-də Suraxanı rayonundakı 3 saylı Doğum Evində növbəti ana və uşaq ölümü bu problemin aktuallığını stimullaşdıran hadisə oldu. 33 yaşlı Aynurə Vəliyeva ikinci hamiləliyində bətnindəki uşaqla birlikdə naməlum səbəbin qurbanı oldu. Həmişə olduğu kimi bu dəfə də hadisənin səbəbi haqqında ziddiyyətli fikirlər səsləndi. Mərhumun ailə üzvləri həkimləri suçladı, həkimlər də gözlənildiyi kimi hansısa xəstəliyi arqumentləşdirməyə çalışdılar.
Hadisə ilə bağlı mərhumun doğmalarından biri "xeberinfo.com"a yeni məlumatlar verdi. Bu məlumata görə əslində ana və uşaq əməliyyat zamanı deyil, bir gün öncə həkim səhlənkarlığının qurbanı olub: "Biz Aynurəni ötən ayın 31-də 3 saylı Doğum Evinə gətirdik. Səhərisi gün, yəni bu ayın 1-də axşam tərəfi qəfildən Aynurənin halı pisləşib. Anası da yanında olub. Həkimləri nə qədər köməyə çağırsa da xeyri olmayıb. Növbətçi həkim deyib ki, "siz Sevda həkimi "zakas" etmisiniz, mən baxmıram". Həkimlər kömək etmədilər, çoxlu qanaxmadan da nəticə belə oldu".
Həmsöhbətimiz daha sonra bildirdi ki, hadisə ilə bağlı ilkin olaraq Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng ediblər. Hələ ki, nəticə yoxdur, daha doğrusu həmişə olduğu kimi şablon cavab var: Araşdırılır.
Bundan sonra hadisəyə həkim səhlənkarlığının səbəb olduğunu qət edən mərhumun anası Mürvət Quliyeva demək olar ki, bütün hüquq-mühafizə orqanlarının rəhbərlərinə teleqramlar vurub. "Biz sona qədər gedib, günahkarların cəzalandırılmasını istəyirik. İnanırıq ki, gec də olsa buna nail olacağıq". Bu da Aynurənin doğmalarının son sözüdür.
Hələlik isə hadisə Suraxanı Rayon Prokurorluğunda müstəntiq Şamil müəllimin icraatında araşdırılır. Biz aktuallığını nəzərə alıb, lazımı araşdırmalarla mövzunu davam etdirəcəyik.
***
Bu gün (01. 06. 2014) mərhum Aynurə Vəliyevanın həyat yoldaşı Vəliyev Elşən Bayram oğlu redaksiyamızda oldu. Və bildirdi ki, bu günə qədər nə Səhiyyə Nazirliyi, nə də hüquq-mühafizə orqanları məlum hadisə ilə bağlı konkret addım atmaq istəmirlər. Elşən Vəliyev bu haqsızlıqla barışmayacağını deyib, son ümüd yeri kimi cənab prezidentə ünvanladığı müraciətin surətini də redaksiyamıza təqdim etdi. Müraciəti olduğu kimi təqdim edirik
"Cənab Prezident!
Siz prezident seçilərkən Azərbaycan Respublikasının hər bir vətəndaşının prezidenti olacağınızı bəyan etmisiniz. Apardığınız uğurlu daxili və xarici siyasət, eyni zamanda ölkə vətəndaşlarının hər birinə diqqət və qayğınız hər bir azərbaycanlı kimi mənim də qəlbimdə qürur hissi yaradır.
Cənab Prezident!
Sizə müraciət etməyimə səbəb Suraxanı rayon 3 saylı Doğum Evinin rəhbərliyi başda olmaqla, həkim Sevda Abdulova və digər tibb işçilərinin şəristəsizliyi, məsuliyyətsizliyi, səhlənkarlığı nəticəsində 01 iyun 2014-cü il tarixdə həyat yoldaşım Vəliyeva Aynurənin və onun dünyaya gətirdiyi körpənin dünyalarını dəyişməsidir.
Bildirirəm ki, həyat yoldaşım ilk övladımızı 2008-ci il tarixdə dünyaya gətirərkən səhhətində heç bir problem olmamış və övladımızı dünyaya sağlam gətirmişdir. Həyat yoldaşım 2-ci övladımıza hamiləliyi dövründə mütəmadi həkim müayinəsi və nəzarətində olmuş, onun tam sağlam olduğunu, eyni zamanda hamiləlik prosessinin normal getdiyi bildirilmişdir. Sonradan həyat yoldaşım Suraxanı rayon 3 saylı Doğum Evinin həkimi Sevda Abdulovanın 1 ay müddətində müayinə və nəzarətində olmuşdur. O, 31 may 2014-cü il tarixdə sözügedən xəstəxanaya növbəti müayinə üçün müraciət etdikdə həkimi Sevda Abdulova hər şeyin normal olduğunu və doğuşun təxminən 08 iyun 2014-cü ilə təsadüf edəcəyəni bildirmişdir. Lakin buna baxmayaraq həkimi S.Abdulova onun xəstəxanada qalmasını təkid etmiş və bildirmişdir ki, başqa yerə getsən səndə keysəriyyə əməliyyatı aparılacaq, buna isə ehtiyac yoxdur. Ona görə də burda qalmalısan. Yoldaşım xəstəxanada qaldığı üçün növbəti gün mən onunla telefon əlaqəsi saxladıqda o, mənə heç bir ağrısının olmadığını bildirdi. Bütün bunlardan sonra həkim S.Abdulova doğuşu tezləşdirmək üçün (08 iyun 2014-cü il tarixə təsadüf edəcək doğuşu) yoldaşıma hansısa iynə vurulduqdan və dilinin altına tablet qoyulduqdan sonra doğuş baş vermişdir. Bundan sonra həyat yoldaşımın anası Mürvət xanım onun yanına getmiş və orada heç kimin olmadığını görüb, yoldaşımla söhbət edərək uşağın necə doğulduğunu soruşmuşdur. Xəstə həkim nəzarətində olmadığı üçün Mürvət xanım sonradan xəstənin yanına gələn həkimlərə irad tutduqda həkimlər ironiya ilə "sifarişli həkiminiz olan Sevda Abdulova var, xəstəyə o baxmalıdır" deyə bildiriblər.
Həkimlər Mürvət xanımı bayıra çıxardılar və biz bayırda yoldaşımın qışqırıq səsini eşitdik. Bir neçə saatdan sonra bir tibb bacısı bayıra çıxaraq təcili qan lazım olduğunu bildirdi. Həmin vaxt bizim yanımızda olan qohumlardan yoldaşımın qan qrupu ilə eyni olanlar qan verməyə hazır olduqlarını bildirsələr də tibb bacısı xəstəxanada bunun üçün şərait olmadığını bildirdi. Mən tibb bacısı ilə dərhal Qanköçürmə instituna getdik və 600 qr. qan alıb gətirdik. Lakin yenidən qan lazım olduğunu bildirdilər. Mən Mərkəzi Klinikanın qan bankından 7 ədəd 300 qr-lıq qan (910 man pul ödəməklə) alıb gətirdim.
Onu da qeyd edim ki, mən belə bir şəraitdə gözlərim qarşısında baş verən Suraxanı rayon 3 saylı Doğum Evinin məsuliyyətsizliyi, səriştəsizliyi, səhlənkarlığı ilə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə dəfələrlə zəng etsəm də oradan mənə bildirdilər ki, baş həkimi tapa bilmirlər. Təxminən gecə saat 01-02 radələrində baş həkim və əlavə bir kişi həkim gəldi. Bundan 1 saat sonra şok əleyhinə aparat gətirdilər. Bütün bunlardan sonra və gecə saat 03-04 arası doğum evinin həyətinə xeyli polis əməkdaşı gəldikdə mən hiss etdim ki, həyat yoldaşım və dünyaya gətirdiyi körpəsi artıq dünyalarını dəyişmişdir.
Cənab Prezident!
Mərhum həyat yoldaşımın və körpəsinin xəstəxanada dünyasını dəyişməsi Hippokrat andı içmiş 3 saylı Doğum Evinin baş həkimininş, həkim Sevda Abdulovanın və digər tibb personallarının səriştəsizliyi, məsuliyyətsizliyi, savadsızlığı və nəhayət insan həyatına bağışlanmaz biganəlikləri nəticəsində baş vermişdir.
Sizin səhiyyə sisteminin maddi texniki bazasının müasir tələblərə cavab verməsi və orada peşəkar tibb işçilərinin çalışması ilə bağlı müvafiq addımlarınıza baxmayaraq Suraxanı rayon 3 saylı Doğum Evi kimi tibb müəssisəsində ana və körpəsinin dünyadan köçməsində təqsirli şəxslər hələ də çalışmaqda davam edirlər.
Xeyli müddət keçməsinə baxmayaraq, Səhiyyə Nazirliyi doğum evindəki ölüm faktına görə təqsirkar şəxsləri cəzalandırmaq əvəzinə, onların səriştəsizliyini, savadsızlığını, məsuliyyətsizliyini ört-basdır etməyə çalışır.
Cənab Prezident!
Suraxanı rayon 3 saylı Doğum Evində mərhum həyat yoldaşım Vəliyeva Aynurə və körpəsinin dünyasını dəyişməsilə əlaqədar rayon prokurorluğuna və Baş Prokurora şikayət olunsa da bu günə qədər nəinki təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb edilməmiş, ümumiyyətlə ana və körpənin xəstəxanada ölməsi faktına görə cinayət işi başlanmamışdır.
Hər bir azərbaycanlının Prezidenti olan
Cənab Prezident!
Yuxarıda qeyd etdiklərimi nəzərə almağınızı, mərhum həyat yoldaşım Vəliyeva Aynurə Zakir qızı və körpəsinin ölməsi faktına görə işi nəzarətə götürməyinizi və təqsirli şəxslərin cəzalandırılması üçün müvafiq dövlət orqanlarına göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Ümid edirəm ki, hər bir azərbaycanlının prezidenti kimi Sizin birbaşa müdaxiləniz nəticəsiz qalmayacaq və son vaxtlar anoloji hallarla həkimlərin səriştəsizliyi, məsuliyyətsizliyi və biganəliyi nəticəsində tez-tez baş verən ana və uşaq ölümünün qarşısının alınmasına nöqtə qoyulacaqdır".
Digər Xəbərlər
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04