ABŞ-dan Azərbaycan maraqlarına uyğun bəyanat
07:52 03-07-2014
İQTİSADİYYAT
ABŞ-dan Azərbaycan maraqlarına uyğun bəyanat
Olland erməni soyqırımında Ermənistanın, Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı intensiv danışıqların getdiyi bir zamanda bir-birini təkzib edən müxtəlif fikirlər səslənməkdədir. Fransa prezidenti Fransua Olland regiona səfər edərək yeni təkliflərlə çıxış etməsindən sonra siyasi aktivlik daha da artdı.
Belə ki, Fransa prezidentinin səfərindən sonra Rusiyanın demək olar ki, ən ciddi fiqurları Azərbaycana və Ermənistana səfər etdilər, sonunda isə Rusiya prezidenti Vladimir Putin İlham Əliyevlə telefonla danışdı. Və belə rəy yarandı ki, Dağlıq Qarabağ məsələsində Avropa ilə Rusiya eyni mövqedən çıxış edirlər. Hadisələrin bu şəkildə inkişaf etdiyi bir məqamda istər Rusiya, istər Azərbaycan, istərsə də Ermənistan mətbuatında belə xəbərlər dolaşmağa başladı ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ətrafı bölgələri geri qaytarmağa hazırdır. Amma bu xəbərlərin nə qədər əsaslı olub olmaması hələ də aydın deyil. Aydın olan budur ki, susqunluq nümayiş etdirən ABŞ nəhayət ki, Dağlıq Qarabağla bağlı başlanan danışıqlara reaksiya verdi. "Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Fransa prezidenti Fransua Ollandın dəvətini qəbul edərsə, onlar Parisdə görüş keçirəcəklər". Bu haqda informasiyanı ABŞ dövlət katibinin köməkçisinin müavini Brent Xartli yayıb. Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi ilə ATƏT-in Minsk Qrupu məşğul olduğundan biz Azərbaycan və Ermənistana danışıqların müsbət sonluqla nəticələnməsi üçün kömək göstərməliyik. Brent Xartli bildirib ki, İsveçrə prezidenti Burkxalterin sülh danışıqlarına daha da yaxınlaşmaq üçün əməli işə keçmək çağırışı dəstəklənməlidir."Azərbaycanlılarla ermənilər arasında əlaqələrin qurulması sülhün tez əldə olunmasına dəstək verə bilər. ABŞ Minsk Qrupunun bir həmsədri kimi bu prosesin yüksək səviyyədə davam etdirilməsində çox maraqlıdır", - deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb. Bu açıqlamada gördüyünüz kimi yenə də əsas məsələ Fransa prezidenti Fransua Ollandın təklifləridir. Bəs Fransa prezidentinin təklifləri nədən ibarətdir? Hələ ki, bununla bağlı heç bir açıqlama verilmir. Amma prezident İlham Əliyevin bu günlərdə Dağlıq Qarabağla bağlı verdiyi müsahibədən anlamaq olar ki, Fransa prezidenti Fransua Ollandın təklifində Azərbaycanın ərazi bütövlüyü şərt olaraq keçir. Gəlin İlham Əliyevin son açıqlamasına baxaq:" Təəssüflə qeyd edim ki, xarici siyasətimizin mərkəzində dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə edilməyib. Ermənistan tərəfi danışıqlar prosesini gecikdirmək üçün müxtəlif bəhanələrdən istifadə edir və status-kvonu saxlamağa çalışır. Ötən ilin sonlarında danışıqlarda müşahidə edilən canlanma bizə 2014-cü ildə irəliləyiş olacağı ilə bağlı müəyyən ümidlər verdi. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcək. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcək. Münaqişə həll olunmadıqca, Ermənistan dövləti bütün transmilli və regional layihələrdən kənarda qalacaq, erməni xalqının acınacaqlı vəziyyəti daha da pisləşəcək və ölkənin bütün imkanları tamamilə tükənəcək". Başqa maraqlı bir məqam isə bundan ibarətdir ki, ABŞ verdiyi açıqlamada açıq şəkildə bəyan edir ki, ATƏT üzvü olan bir ölkə başqa bir ATƏT üzvü olan ölkənin ərazisində qoşun yerləşdirə bilməz. Bu gün Azərbaycan və Ermənistan tərəfləri ATƏT üzvü olan ölkələr olduğundan deməli Ermənistan qınaq obyektinə çevrilir. "Unikal"a açıqlama verən politoloq Mübariz Əhmədoğlu Fransua Ollandın təkliflərində maraqlı məqamlara toxundu:" Fransua Ollandın təklifində diqqəti cəlb edən əsas məqam Dağlıq Qarabağ probleminə yanaşmasıdır. Belə ki, Ermənistan bəyan edir ki, Dağlıq Qarabağ problemini artıq həll ediblər. Amma Olland bildirir ki, hazırkı həll yolu düzgün deyil və yeni yol tapılmalıdır. Bu artıq o deməkdir ki, Ermənistanın yanaşması qəbul
edilmir. Bunu da deyim ki, ötən danışıqlarla müqayisədə bu dəfə keyfiyyət artıb. Yəni kəmiyyət öz yerini keyfiyyətə verib. Başqa bir tərəfdən isə hazırda aydın olur ki, Rusiya da Ollandın təklifini qəbul edir. Sergey Lavrovun da fikri bunu təsdiqlədi. Bununla yanaşı aydın olan budur ki, Fransa erməni soyqırımında sona qədər Ermənistanın yanında olsada, Dağlıq Qarabağ problemində sona qədər Ermənistanın yanında deyil və biz bundan istifadə etməliyik. Son olaraq bunu da deyim ki, 20 il öncə Türkiyənin imkanı var idi ki, Dağlıq Qarabağ problemində daha aktiv olsun və məsələnin həllinə nail olsun. Amma bunu etmədi. Bu gün isə Fransa bu missiyanı üzərinə götürür". Ekspertlər bunu da qeyd edir ki, hazırda başlanan danışıqlar bir neçə aya real nəticələrlə sona çata bilər. O şərtlə ki, Rusiya mövqe dəyişikliyi etməsin və Ermənistan reallığı qəbul etsin. Ən azından növbəti terror aktı və ya hakimiyyət dəyişikliyi etməklə Ermənistan yenədə danışıqları tormuzlamasın.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53