Allahşükür Paşazadə dünya ictimaiyyətinə MÜRACİƏT edib
07:58 03-07-2014
CƏMİYYƏT
Allahşükür Paşazadə dünya ictimaiyyətinə MÜRACİƏT edib
Qafqaz Müsəlmanları İdarəsinin dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə deyilir:
"O Bir Olan Yaradanın adı ilə!
Mən dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanlara müraciət edirəm. Bizim hamımızı O Bir Olan Yaradan xəlq edib. Bu dünyada qardaşlıq, dostluq ideyalarını inkar edən, insan qanının tökülməsinə, qətlə, təcavüzə tərəfdar çıxan insan tapmaq qeyri-mümkündür. Gözlərimiz qarşısında İraq torpağında cərəyan edən dəhşətli cinayətlər, insan qətlləri bizi hədsiz narahat edir.
İraqda baş verənlər olduqca təhlükəli təzahürdür. Hesab edirik ki, bu, nəinki müsəlmanlara, habelə bütün bəşəriyyətə qarşı yönəlmiş təxribatdır, belə ki, İslam bir günahsız insanın öldürülməsini bütün bəşərə qarşı cinayət kimi dəyərləndirir. Burada məqsəd, bəşər ailəsində çaxnaşma və nifaq salmaq, insanlar arasında qarşıdurma yaratmaq, dözümsüzlük meyllərini alovlandırmaqdır.
İslam dünyasının ayrılmaz hissəsi olaraq, biz, Qafqaz, Azərbaycan müsəlmanları da dinimizdə müqəddəslik kəsb edən məkanlara qarşı hörmətsiz, aqressiv münasibəti hiddətlə qarşılayır, bütün beynəlxalq ictimaiyyəti dünyamızın salamatlığı, sabitliyinin qorunub saxlanılması, məzhəblər, dinlərarası qarşıdurmanın önlənməsi naminə Yaxın Şərqdə baş verən faciələrə biganə qalmamağa çağırıriq. Mübarək Ramazan ayının daxil olmasını nəzərə alaraq, müsəlman dünyasının gərgin nöqtələrində - İraq, Suriya, Əfqanıstan, Fələstin və s. müsibətlərin sona yetməsi üçün gedən döyüşlərin dərhal dayandırılmasını, minlərlə insanın həyatını məhv edən davamlı terror hadisələrinə son qoyulmasını, bu torpaqlarda böyük tarixi və dini önəm kəsb edən abidə və ziyarətgahların məhvinin durdurulmasını, sülh və əmniyyətin bərqərar olmasını vacib sayırıq. Bu, İslam dininin Ramazan ayında bütün döyüş və qarşıdurmaların dayandırılmasının vacib buyurulmasına dair ayeyi-şərifə uyğundur: "(Ya Rəsulum!) İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə, ən gözəl surətdə Rəbbinin yoluna dəvət et..." (Ən-Nəhl, 125).
Qafqaz Müsəlmanları İdarəsi bölğənin milyonlarla insanının iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların heç bir dövlətdə bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, bu vəziyyətin yaranmasına görə məsuliyyət daşıyanların cidd-cəhdlə müəyyən olunaraq beynəlxalq məhkəmələrdə mühakimə edilmələrini təmin etməyə çağırır.
Təhlükə ənənəvi dinlərdən, onların təlqin etdiyi müqəddəs dəyərlərdən deyil, din adından sui istifadə edənlər, dini ehkamları təhrif edənlərdən qaynaqlanır. Yalnız xalqların qətiyyətli iradəsi qarşısında belə ünsürlər öz mənfur niyyətlərinə çata bilməzlər. Dinlər, məzhəblərarası tolerantlığın hökm sürmədiyi cəmiyyətdə əmin-amanlıq ola bilməz, əmin-amanlıq olmayan yerdə isə tərəqqi, inkişaf mümkün deyil. Odur ki, biz müsəlman qardaş və bacılarımıza üzümüzü tutaraq, onları belə təxribatlara uymamağa, əməllərində müqəddəs dinimizin təlqin etdiyi yüksək mənəvi dəyərlərə sadiqlik nümayiş etdirməyə çağırırıq. Baş verənlər o qüvvələrin əməlidir ki, müsəlman dünyasının parçalanmasını, xaosun davam etməsini, məzhəblər arasında qarşıdurmanın qızışdırılmasını, son nəticədə İslamın gözdən salınmasını istəyir. Məzhəbindən asılı olmayaraq, hər bir sağlam düşüncəli müsəlman gözəl anlayır ki, bu növ təxribatlar bütövlükdə İslam və onun müqəddəs dəyərlərinə qarşı yönəlib və onu törədənlər müsəlman ola bilməz. İslam adından, "Allahu-Əkbər" sədaları altında gerçəkləşdirilən qardaş qırğınının İslama heç bir aidiyyatı yoxdur.
Qafqaz Müsəlmanları İdarəsi dünya müsəlmanlarını diqqətli olmağa, ayıq-sayıqlıq nümayiş etdirməyə, İslam düşmənlərinin dəyirmanına su tökməməyə, birliyimizi hər vəchlə bütün kənar təsirlərdən qorumağa çağırır".
Digər Xəbərlər
2024-11-02 21:25:41
2024-11-02 19:18:18
2024-11-02 18:40:05
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24
2024-11-02 10:59:26
2024-11-02 10:25:05
2024-11-02 09:16:28
2024-11-02 00:42:30
2024-11-01 20:46:23
2024-11-01 20:41:58