Şamaxıdakı bəzi məmur villalarına böyük şok
14:09 04-07-2014
İQTİSADİYYAT
Şamaxıdakı bəzi məmur villalarına böyük şok
Bu rayondakı Nəbatat Bağında tikilən bir çox mülklər sökülə bilər
Son vaxtlar Azərbaycan AMEA-nın Şamaxıdakı Nəbatat Bağı ərazisində ağacların kütləvi şəkildə qırılmasına dair mətbuatda davamlı yazılar dərc edilir. Hətta bir neçə ay əvvəl AMEA Mərkəzi Nəbatat bağının Şamaxı dayaq məntəqəsinin müdiri Əzizbala Fətullayev mətbuata açıqlamasında məsələ ilə bağlı şok faktlar da açıqlamışdı.
O bildirmişdi ki, həmin bağda 10 hektar sahədə badam, püstə, qalan ərazidə isə küknar ağacları əkilibmş: "Hamısını qırdılar, yerində villalar tikdilər. 2008-ci ildən məhkəmələrdəyik, amma heç nə alınmır. Oliqarxların əlində hakimlər də aciz qalıb".
Məntəqə müdiri həmçinin əlavə etmişdi ki, sözügedən bağ sahəsinin demək olar ki, yarısı Şamaxı Rayon İcra Hakimiyyəti və yerli bələdiyyə tərəfindən fərdi ev tikintisi üçün ayrı-ayrı adamlara satılıb: "1996-cı ildə torpaq islahatları aparılanda bu torpaqlar guya yaddan çıxıb. Halbuki həmin torpaq sahəsi meşə fond torpağı kimi xəritəyə də oturdulub. 1987-ci ildə bu torpaqlar bizə verilib. Həmin torpaqlar görkəmli yerdə olduğuna görə, meşə olduğuna görə, rayonun yaxşı yerlərindən biri olduğu üçün ərazini ayrı-ayrı imkanlı adamlara satıblar".
Məntəqə müdiri demişdi ki, Nəbatat bağının ərazisində fərdi ev tikmək istəyənlər sadə adamlar deyil, yüksək vəzifəli şəxslər, qüdrətli məmurlardır. Məhkəmə bu məmurların qarşısında aciz qalıb. İndiyə kimi bir neçə məhkəmə olub, yerli məhkəmə evlərin sökülməsi, torpaqların Nəbatat bağına qaytarılması qərarı çıxarsa da sonradan appelyasiya instansiyası bu qərarı ləğv edib.
Bildirildiyinə görə, Şamaxıdakı Nəbatat bağının ərazisində 10 hektar badamlıq, 20 hektar da üzümlük sahəsi var. 20 hektarlıq sahə vaxtilə sənədləşdirilib, 10 hektarlıq sahə isə sənədləşdirilməyib və məhkəmə qərar çıxarıb ki, həmin sahə meşə torpağına aiddir. Həmin torpaqların da yerli icra hakimiyyəti orqanı tərəfindən müəyyən məmurlara satılması gözləniləndir.
Hüquqşünaslar isə bu fikirdədir ki, oliqarxın tikdirdiyi evi sıradan bir adam sökdürə bilməz. Yüksək vəzifəli şəxslərin tikililəri o vaxt sökülür ki, burada daha yuxarıdan göstəriş gəlsin.
Üstəlik, belə məsələlərdə məhkəmələr də qərar çıxarmaqda acizdir. Çünki Azərbaycan reallığında məhkəmələrin hansısa məmur maraqlarına toxunması çox nadir hallarda baş verir.
Amma bu yaxınlarda baş verən bir fakt belə inamın yaranmasına səbəb olub ki, Şamaxı Nəbatat Bağı ərazisindəki bəzi məmur vilaları da sökülə bilər. Belə ki, iki ay əvvəl mətbuatda məlumat yayıldı ki, qiymətli ağaclarla zəngin olan AMEA-nın Mərkəzi Nəbatat bağının bir hissəsində ağaclar kəsilərək yük maşınlarına yığılır və ərazidən daşınır. Ağacların kötüklərinin izini itirmək üçün isə əzilib torpağa basdırılır. "Aprelin 2-dən başlayaraq gündüz və axşam saatlarında Bakıdakı Milli Elmlər Akademiyasının nəzdindəki Botanika (Nəbatat) bağında ağacların qırılmasına başlanılıb. İzi itirmək üçün ağac kötükləri torpağa basdırılır" - deyə həmin vaxt saytlar yazırdı.
Mərkəzi Nəbatat bağında ağacların kəsilməsi haqda ilk məlumat sosial şəbəkələrdə yayılmışdı və bu işlərin gecə saatlarında da davam etdiyi ilə bağlı foto yayılmışdı. Belə deyilirdi ki, ağaclar ərazidə bina tikilmək məqsədi ilə kəsilir.
Düzdür, Mərkəzi Nəbatat bağının rəhbərliyi ağacların kəsilməsini təkzib etmişdi, amma fakt faktlığında qalırdı. Əsas odur ki, məsələnin geniş rezonans doğurması həmin ərazidə ağacların qırılmasının qarşısını aldı, eyni zamanda kimlərinsə orada bina və yaxud başqa bir tikili inşa etməsinin qarşısını aldı.
Ölkə rəhbəri isə son zamanlardakı çıxışlarında yaşıllıqların, ağacların qorunması ilə bağlı mütəmadi tapşırıqlar verir, eyni zamanda bu istiqamətdə neqativ hərəkətlərə yol verənlərə sərt xəbərdarlıq edir.
Yaranmış vəziyyətdə istisna edilmir ki, Şamaxıdakı bir zamanlar əvəzsiz sayılan Nəbatat bağı ilə bağlı yaşanan qanunsuz hallara son qoyulsun, həmin bağın yenidən genişlənməsi, qiymətli ağaclarla zənginləşdirilməsi istiqamətində addımlar atılsın.
Belədə oradakı bir çox məmur villalarının sökülmə ehtimalı yarana bilər. Şamaxının qiymətli və şöhrətli Nəbatat bağının bərpa ediləcəyi təqdirdə müəyyən məmurların orada inşa etdikləri mülklərin sökülməsi heç də faciə olmazdı.
Axı söhbət yaşıllıqlardan, ağaclardan gedir. Həm də dəyəri heç bir maddi ölçüyə sığmayan yaşıllıqlardan, ağaclardan!
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53