İŞİD-i Obama və əl-Maliki Rusiyaya qarşı hazırlayıb
14:11 04-07-2014
İQTİSADİYYAT
İŞİD-i Obama və əl-Maliki Rusiyaya qarşı hazırlayıb
Suriyada vətəndaş müharibəsi qızışma dövrünə girən kimi İraq hökumətindən sünnilərin uzaqlaşdırılması prosesləri başlandı
İŞİD-lə bağlı olan müəmmalı məsələlərdən biri də Suriyanın Bəşər Əsəd rejimilə bağlıdır. Təşkilat Suriyadan İraqa keçəndə onun Əsəd tərəfindən yaradıldığını iddia edənlər də vardı.
Lakin Bəşər Əsədin İŞİD-in məhv edilməsi üçün İraqın Nuri əl-Maliki hökumətinə silah yardımı təklif etməsi iddialara təkzib verdi. ABŞ Dövlət Departamenti bunu iddia edən əsas tərəflərdən biri idi. Əsəd rejiminə məxsus qüvvələrin Suriya-İraq sərhədi yaxınlığında İŞİD-ə öldürücü zərbə vurması da Dövlət Departamentini silkələdi.
Departament rəsmisi Mariya Arf məsələ ilə əlaqədar bir qədər də müəmmalı açıqlama verdi. ABŞ-ın İŞİD-ə qarşı Maliki hökumətini dəstəklədiyini deyən Arf bildirdi ki, Suriyada baş verən son hadisələr Əsədin də İraqın mərkəzi hökumətini dəstəkləməsi görünütsünü yaradıb.
O, hətta İranın da Malikini dəstəklədiyini vurğuladı: "Biz bilirik ki, İŞİD bütün region üçün təhlükədir. İran da onların içərisindədir". Mariya Arfın sözlərinə görə, Bəşər Əsədin Maliki hökumətini hərbi yardımı ilə dəstəkləməsi İŞİD üçün əhəmiyyətli zərbə olacaq. Arf qeyd edib ki, ABŞ-ın İraqda kürdlər, şiələr və sünnilərdən ibarət koalision hökumətin formalaşdırılmasına yönəlik mövqeyi Malikinin maraqları ilə üst-üstə düşür.
Arfın fikirlərindəki
müəmma
Mariya Arfın fikirlərindən maraqlı məqamlar ortaya çıxır. Məsələn, Arf bununla açıq şəkildə Ağ Evin geosiyasi planlarını ortaya qoyur. Departament rəsmisi açıqlamasında İranın adını bir neçə dəfə xüsusi olaraq vurğuladı. Hətta Bəşər Əsədin İŞİD üçün öldürücü qüvvə ola biləcəyi ehtimalından danışdı. Arfın dediklərindən ortaya çıxan məntiqə görə, İŞİD Maliki və Vaşinqton tərəfindən ortaya atılmış geosiyasi ssenaridir. Bəlkə də dəqiq belədir. Fikir versək görərik ki, Suriyada vətəndaş müharibəsi qızışma dövrünə girən kimi İraq hökumətindən sünnilərin uzaqlaşdırılması prosesləri başladı. Qısa müddətə sünnilər hökumətdə tutduqları mövqelərini itirdilər. Maliki və Obamanın belə bir addıma əl atmalarının səbəbi Əsədin devrilməsi ehtimalının Rusiya və İran amilinə görə az olması, ümumiyyətlə belə bir şeyin mümkün olmaması ilə əlaqədardır. Maliki Obamanın tapşırığı ilə sünniləri hakimiyyətdən uzaqlaşdırmaqla İraqda şiələrin təktərəfli hakimiyyətini yaratmağa nail oldu. Təbii ki, belə bir vəziyyət İran və ələvi Bəşər Əsəd rejiminə xoş gələcəkdi. Bu gün məhz Əsəd və İranın Malikiyə dəstək vermək üçün səsləndirdiyi bəyanatlar əslində şiələrin müdafiə olunması xarakteri daşıyır. Məhz məqsədli şəkildə müxtəlif ölkələrdən toplanmış muzdlulardan ibarət olan İŞİD sünni təşkilatı kimi qələmə verir. İŞİD-in Amerika tərəfindən yaradıldığına əsas verən amillərdən biri də İraqın sünni kəsiminin quruma olan müanasibətilə bağlıdır. Sünnilər İŞİD-i müsəlman dünyasında məzhəblərarası müharibəni qızışdıran ssenari kimi qəbul edirlər. Əvvələ qayıdaq, Başqa sözlə, ABŞ başa düşür ki, İran və Əsəd heç vaxt İraqın şiə hökumətinin "sünni təşkilatı" ilə yıxılmasına razı olmayacaqlar. Nəticədə isə ABŞ-ın regiondakı əsas müttəfiqi Maliki ilə İŞİD-in məhv edilməsi üçün əməkdaşlıq edəcəklər. Bu həm də birbaşa ABŞ-la əməkdaşlıq etməsi deməkdir. Hətta bir müddət əvvəl ABŞ-ın Dövlət katibi Con Kerri İranı bu məqsədlə əməkdaşlığa çağırdı. İndi isə Mariya Arf həm İranı, həm də Bəşər Əsəd üçün bu təklifi təkrarladı. Həsən Ruhani və digər iranlı rəsmilər, eyni zamanda Əsəd dəfələrlə Malikiyə dəstək verməyə hazır olduqlarını bildirdilər. Hətta Ruhani İraqdakı müqəddəs ziyarətgahların mühafizəsini İranın öz üzərinə götürdüyünü vurğuladı. Amerikanın isə bu məsələlərdən güddüyü bir niyyət var: Əsəd və İranı öz tərəfinə çəkmək və Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Çünki Rusiyanın bölgədəki əsas müttəfiqləri də Əsəd və İrandır. Hətta ABŞ məqsədlərinə çatmaq üçün Bəşər Əsədin hakimiyyətdə qalmasına və Suriya müharibəsinin bu sonluqla başa çatmasına razı ola bilər.
Obamanı ehtiyatlı
hərəkət etdirən faktor
ABŞ İran, "Hizbullah" və Əsədi öz tərəfinə çəkə bilsə, bu Rusiya üçün öldürücü zərbə olacaq. Bundan sonra yaranacaq vəziyyət Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına rəvac verəcək. Corc Buşdan sonra Barak Obamanın "yumşaq güc" siyasətinə üstünlük verməsi iddialara təsdiq verə bilər. Keçən illər ərzində Obama Buşdan fərqli olaraq qəbul etdiyi bir sıra yumşaq qərarları ilə yadda qalıb. Dəqiqdir ki, hakimiyyətinin son 7 ilində bir dəfə də olsun müharibə əmri verməyən Obama indən sonra da belə bir qərara getməyəcək. Ən azından ona görə ki, Buş Rusiyasız Əfqanıstan və İraqa "vur" əmrini verirdisə, Barakın isə qabağını kəsən böyük Rusiya amili var. Bu isə müharibə ehtimalını sıfıra endirir. Yəni ki, ABŞ Rusiyanı diplomatik yolla çökdürməyə israrlıdır. Ən azından bu Obama hakimiyyətdən gedənədək belədir və İŞİD-də dolayı yolla onun belə gedişlərindən biridir. Əslində burada da müharibə edən tərəf yenə də ABŞ-dır. Lakin açıq şəkildə adı hallanmır. Putin çox güman ki, bundan xəbərdardır və ona görə də Malikiyə dəstək üçün Bağdada hərbi texnika və öz məsləhətçilərini göndərib. Proseslərin sonda hansı nəticə verəcəyini isə bilmək asan deyil. Ən azından ona görə ki, burada biri-birinə rəqib olan tərəf ABŞ və Rusiyadır. Hər iki dövlət isə diplomatiya tarixində söz demiş dövlətlərdir. Lakin dəqiqdir ki, birinin tikəsi digərinin boğazından keçməyəcək. Bu isə yaxş deyil. Pisdir.
Mənsur Rəğbətoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53