Ukrayna müharibəyə NATO silahı ilə hazırlaşır
Ukrayna müharibəyə NATO silahı ilə hazırlaşır

ABŞ Ukraynanı NATO hərbi-sənaye kompleksinin məhsulları ilə silahlandırmağa başlayıb. Bu barədə Rusiya baş nazirin müavini Dmitri Roqozin "twitter" səhifəsində yazıb.
D.Roqozin Ukrayna ordusundakı hərbi texnikanın nasaz vəziyyətdə olduğunu qeyd edib. Sovet istehsalı olan silahın NATO silahı ilə əvəzlənməsindən söhbət getdiyini bildirən baş nazirin müavini hesab edir ki, ABŞ bununla da öz hərbi-sənaye kompleksinin itkilərini kompensasiya etməyə çalışır.
"Rusiya bu gün" nəşrinin siyasi şərhçisi Mixail Rostovski isə ABŞ və Avropa İttifaqının (Aİ) Ukrayna haqqında düşünmədiyini deyib. Onun sözlərinə görə, əsas hədəf Rusiyanın neytrallaşdırılmasıdır.

Kreml: "ABŞ Rusiyanı
yeni hücum silahı ilə
vurmağa hazırlaşır"
Rusiyaya qarşı ABŞ-ın iqtisadi sanksiyaları hücum silahının yeni formasıdır. Bunu isə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Hücum silahına qarşı müdafiə vasitələri tapılmalıdır. Bununla məşğul olacağıq", - rusiyalı diplomat bildirib. O, Rusiyanın ABŞ-la əməkdaşlığı dayandırmağa hazırlaşmadığını dilə gətirib.
S.Ryabkov inandırıb ki, Moskva ABŞ və Rusiya arasında 2010-cu ildə imzalanmış hücum silahlarının ixtisarı haqqında müqaviləyə ciddi riayət edir. Nüvə silahlarının azaldılmasına gəlincə, o, "Nüvə silahının yayılmaması haqqında" müqavilə çərçivəsində də məsuliyyətlə hərəkət etdiklərini söyləyib.
Qeyd edək ki, ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır. ABŞ maliyyə naziri Ceykob Lyunun fikrincə, bu sanksiyalar Rusiya iqtisadiyyatına ciddi zərbə vura bilər.

Ukraynanın Slavyansk
şəhəri yaxınlığında
150 separatçı öldürülüb
Bu arada məlum olub ki, Ukrayna ordusu Donetsk vilayətinin Slavyansk şəhəri yaxınlığında yerləşən Nikolayevka yaşayış məntəqəsi ətrafında silahlı separatçılara qarşı uğurlu əməliyyat keçirib. Məlumatı Ukraynanın şərqində keçirilən antiterror əməliyyatın rəsmi sözçüsü Aleksey Dmitraşkovski bildirib.
Onun sözlərinə görə, hazırda Milli Qvardiya DİN birləşmələri ilə birgə Nikolayevkanın separatçılardan tam təmizlənməsinə hazırlaşır.
"Düşmən ciddi itki verib - azı 150 silahlı öldürülüb, 6 dayaq məntəqəsi dağıdılıb, Nikolayevka və Semyonovkada silah-sursat anbarları məhv edilib", deyə Aleksey Dmitraşkovski bildirib. Onun sözlərinə görə, Xarkov-Rostov magistral avtomobil yolu tam nəzarətə götürülüb.
Dmitraşkovski əlavə edib ki, Nikolayevka qəsəbəsi uğrunda gedən döyüşdə 1 hərbçi həlak olub, 4-ü isə yaralanıb. Sutka ərzində isə, ümumilikdə, 2 hərbçi həlak olub, 4 nəfər yaralanıb.

Luqanskda ağır zirehli
texnika istifadə olunmaqla döyüşlər gedir
Ukraynanın Luqansk şəhərində və onun ətrafında ağır zirehli texnika istifadə olunmaqla döyüşlər gedir. "UNN"-nin verdiyi xəbərə görə, Bolşaya Verqunka qəsəbəsində mərmilər bir neçə evi uçurub, separatçılar bu istiqamətdə tanklardan istifadə edirlər. Qəsəbədə partlayışlar nəticəsində qaz boru xətti sıradan çıxıb.
Şəhərin Kamenobrodsk rayonu hissəsində də partlayışların baş verdiyi bildirilir.
Məlumata görə, Milli Qvardiya Aleksandrovskda silahlıların nəzarətinə keçmiş hərbi hissəyə hücuma keçiblər.
"Luqansk şəhərinin mərkəzindəki Qorki parkı, Komintern küçəsi və dəmiryolu vağzalı istiqamətində də güclü partlayış və avtomat atəşləri eşidilir. Qorki parkı tərəfə bir neçə təcili yardım maşını hərəkət edir", deyə yerli KİV-lər bildirir.

Donetsk separatçıları
"Privat Bank"a hücum edərək 1,2 mln dollar oğurladı
Silahlı Donetsk separatçıları sahibi ukraynalı milyarder İqor Kolomoyski olduğu "Privat Bank"ın Voroşilov filialına hücum edərək 1,2 mln dollar oğurlayıblar. "RBK"-nın verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzinin məlumatında bildirilir.
"Qarətçilər Ukrayna hökumətinin əmək haqqı üzrə təqaüdçülər üçün köçürdüyü 15 mln qrivendən çox pul oğurlayıblar", deyə məlumatda bildirilir.
İqor Kolomoyski "Privat Bank"ın, habelə Dnepropetrovsk, Zaporojye və Odessa vilayətlərində yerləşən metallurgiya və maşınqayırma zavodlarının da daxil olduğu "Privat" sənaye-maliyyə qrupunun sahibidir.
Kolomoyski 2014-cü ilin martında Dnepropetrovsk vilayətinin qubernatoru təyin olunub.

Ukrayna prezidenti
atəşkəs rejiminin bərpasının şərtlərini açıqladı
Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ vitse-prezidenti Cozef Baydenlə söhbət zamanı ölkənin şərqində separatçılarla atəşkəs rejimini bərpa etməyə hazır olduğunu bildirib.
"BBC"-nin verdiyi xəbərə görə, Ukrayna prezidentinin rəsmi saytında dərc olunmuş məlumata əsasən, Poroşenko atəşkəs rejiminin bərpasının 3 şərtə əməl olunduqdan sonra mümkün olacağını qeyd edib. Bunlar aşağıdakılardır: atəşkəs rejiminə ikitərəfli formatda əməl olunacağının təsdiqlənməsi, girov saxlanılan bütün şəxslərin azad edilməsi və sərhədə ATƏT-in monitorinqi əsasında nəzarətin bərpası.
Poroşenko siyasi danışıqların başlanması üçün heç bir əlavə şərtin tələb olunmadığını əlavə edib.

"Şərqi Ukraynada
Rusiya avantürası
uğursuzluqla üzləşib"
Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov Ukrayna Prezidenti Petro Poroşenkonun Müdafiə Nazirliyində keçirdiyi islahatlara münasibət bildirib.
O qeyd edib ki, Şərqi Ukraynada aparılan antiterror əməliyyatlarının həm vaxtı uzandı, bəzi xoşagəlməz hadisələr oldu, həm mülki şəxslər, həm də hərbçilər öldürülüb. Ekspert hesab edir ki, ona görə də Poroşenko Ukraynanın prezidenti və ali baş komandanı kimi həm müdafiə naziri və baş qərargah rəisinin dəyişdirilməsinə qərar verib: "Poroşenkonun qərarlarına normal yanaşıram. Qərar çevik şəkildə antiterror əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulub. Hesab edirəm ki, Müdafiə Nazirliyi və Baş Qərargahın yeni rəhbərlikləri daha çevik formada antiterror əməliyyatlarını başa çatdıracaq. Demək olar ki, bu vaxta qədər seperatçıların yarısı zərərsizləşdirilib. Qalanları isə Rusiyanın təhrikilə girdikləri avantüranın perspektivsizliyini başa düşürlər. Bu vəziyyətdə yeni müdafiə naziri üçün əməliyyatları uğurla həyata keçirmək asan olacaq. Qısa müddətə uğur əldə etməyə nail olacaq".

"Timoşenkonun
susqunluğu Poroşenko üçün yaxşı əlamət deyil"
"Ukrayna böhranı gün keçdikcə daha da mürəkkəb və qəliz şəkil alır. Poroşenkonun ordunu gücləndirmək üçün kadr islahatları keçirməyə başlaması, gecikmiş addımdır və istənilən nəticəni verməyəcək" - Ukraynada baş verən son hadisələrə münasibət bildirən siyasi analitik Mirzə Xəzər belə deyib.
M.Xəzər hesab edir ki, son 20 ildə Ukraynanı bürüyən korrupsiya və talançılığın bir qurbanı da ordudur. O, qeyd edib ki, orduda nizam-intizam pozulub, ruh düşgünlüyü kök salıb, əsgər və zabitlər arasında biganəlik, laqeydlik baş alıb gedir: "Belə demoralizə olmuş ordunu tez zamanda islah etmək mümkün deyil və kadr islahatı ilə ayağa qaldırmaq heç mümkün deyil. Ordunun təməli dağılıb. Son günlərdə Ukraynanın şərqində gedən ağır döyüşlər əvvəlcə söylədiymiz fikri təsdiq edir: Ukrayna ordusu hərbdən başı çıxmayan pərakəndə üsyançı dəstələri ilə vuruşmur. Ordu mükəmməl təlim keçmiş peşəkar, mütəşəkkil hərbi hissələrlə vuruşmalı olur. Belə ixtilafları qısa müddətdə aradan qaldırmaq xülyadan başqa bir şey deyil. Əksinə, əminliklə demək olar ki, Ukraynanın şərqində silahlı ixtilaf hələ uzun zaman davam edəcək. Vladimir Putin bu səbəbdən özünü arxayın hiss edir və Ukraynaya təzyiqləri davam etdirmək əzmindədir. Hələ ki çıxış yolu görünmür. Poroşenko ağır vəziyyətdədir və hər hansı müəyyən tərəfə güzəştə getmək imkanından məhrumdur. Poroşenko üçün ən böyük təhlükə isə Rusiyadan çox, daxili müxalifətdəndir. Hakimiyyətə iddiasından vaz keçməyən və hətta hakimiyyətin məhz ona layiq olduğuna inanan Yuliya Timoşenko və müttəfiqlərinin son vaxtlarda susqunluğu heç də yaxşı əlamət deyil. Poroşenko Qərb, Rusiya və daxili müxalifət arasında vurnuxur və bu səbəbdən qəti addımlar atmaq iqtidarında deyildir".
Kənan Rzaquliyev