Azərbaycan supermarketlərinin super qiymət siyasəti
11:29 05-07-2014
İQTİSADİYYAT
Azərbaycan supermarketlərinin super qiymət siyasəti
Satan razı olsa da, alan narazıdır
İnsan həyatını alış-verişsiz təsəvvür etmək mümkün deyil. Xüsusilə son illər paytaxtda sayı artan supermarket şəbəkələri bunun üçün geniş imkanlar yaradır. Hələ biz ucu-bucağı olmayan marketə girmişiksə, cibimizə əsl səlib yürüşü edirik. Piştaxtada nə varsa, səbətə doldururuq.
Rəsmi statistika da nə qədər acgöz olduğumuzu təsdiqləyir. Belə ki, Stastistika Komitəsinin rəqəmlərinə görə, ilin əvvəlindən ötən vaxt ərzində istehlak və xidmət bazarlarında əhaliyə 11.1 milyard manatlıq istehlak malı satılıb. Pərakəndə əmtəə dövriyyəsi 8.8 faiz artaraq 8.3 milyard manata, pullu xidmətlərin həcmi isə 6.7 faiz artaraq 2.4 milyard manata çatıb. İstehlak mallarının 11.7 faizi hüquqi şəxslər, 36.8 faizi yarmarkalar və bazarlar, 51.5 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunub. Göründüyü kimi, alış-verişlərimiz kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Sual doğuran nüans xərclədiyimizin müqabilində satış obyektlərinin bizə nə dərəcədə keyfiyyətli xidmət göstərmələridir.
Hazırda ölkənin pərakəndə satış bazarında "Bazarstore", "Kontinental", "Bizim market", "Favorit", "Səbət", "Grandmart", "Rahat", "Bolmart", "Makros", "Makro", "Araz", "Life", "Lider" əsas yer tutur. Təxmini hesablamalara görə, onlar gündəlik satılan ərzaq məhsullarının 25 faizini realizə edirlər. Hər biri ayrılıqda bir imperiyaya bənzəyir və özünün qiymət siyasəti var. Misal üçün, adıçəkilən supermarketlərin birində yuyucu vasitələrin qiyməti bahadır, digərində süd, yağ məhsullarının. Maraqlısı da odur ki, onlar bunu açıq-aşkar edirlər.
publika.az marketlərin qiymət siyasəti ilə bağlı monitorinqini təqdim edir.
Başlayaq "Bizim market"dən. Hazırda pərakəndə satış bazarında qiymətlərin ən ucuz olduğu marketlər şəbəkəsidir.
Götürək ən zəruri məhsulları: "Doyaruşka" yağı - 200 qr 2 manat, şəkər tozu - 0,80, "Tamasa" düyü paket -1,90, "Ariel" 1,5 kq - 3,75, "Ariel " 3 kq -7.30, "Calgon" - 7, KMK qatılaşdırılmış süd - 0,94, "BetaTea" 250 qr - 1,97 , "Super Sun" kəllə qənd 500 qr- 1,60, "Cici bebe" uşaq peçenyesı 190 qr - 0,78, "Mohobbat" uzun düyü 910 qr - 1,98, Clear" 400 ml - 4 man.
"Rahat" marketdə: "Doyaruşka" yağı 200 qr- 2,7 manat, "Vestqold" 200 qr -1.97, şəkər tozu - 0,85, "Azərsüd" 3.2%- 1,18, "Final" qarğıdalı yağı 2 lt -4.75, "Möcüzə" günəbaxan yağı 2 lt- 4.65 , "Clear" 400 ml - 4.28, "Ariel" 3 kq -7.90, "Calgon" -7,89 "Fairy" -1.11, "BetaTea"- 2.10, "Mohobbat" uzun düyü 910 qr - 2,10 Tokay Karovuşka -5,75, KMK qatılaşdırılmış süd- 1man.
"Araz" marketdə: "Möcüzə" günəbaxan yağı- 4,74, "Vestqold" 200 qr- 1,98, "Azərsüd" 3,2 % -1,25, "BetaTea" -2,09, "Tokay Karovuşka" 6,20, şəkər tozu- 0,95, KMK qatılaşdırılmış süd -1,10 man.
"Ailə" marketdə: "Clear" 400 ml - 4,30. "Ariel"- 1,5 kq 4,60, şəkər tozu- 0,95 , "Möcüzə" günəbaxan yağı- 5, "Vestqold"- 2, "BetaTea" - 2,20, 0,95, KMK qatılaşdırılmış süd -1,10 manat təşkil edir.
Göründüyü kimi, eyni adlı məhsul bir marketdə ucuz, digərində bahadır. Başqa tərəfdən, hər bir supermarket aid olduğu müsəssisənin məhsullarını sərfəli qiymətlərə alıcılara təqdim etməyi hədəfləyir. Konkret olaraq, "Bazarstore"larda "Azərsun" Holdinqin istehsal etdiyi, "Araz" marketlərdə isə "Veysəloğlu"ların məhsulları münasib qiymətlərə satılır.
"Kontinental" marketin isə məhsul çeşidi tam fərqlidir. Yəni digər marketlərdə adət etdiyimizi əmtəə nişanlı məhsullara dükanın piştaxtalarında rast gəlmək mümkün deyil. Administrator məhsulların əsasən Almaniyadan gətirildiyini iddia etdi Hətta təsərrüfat mallarını - süpürgəni, vedrəni, aftafanı, kisəni belə. Maraqlıdır, sözügedən alman məhsulları səyyar satışda su, "Kontinental"ın qırmızı piştaxtalarında isə od qiymətindədir. Ümumiyyətlə, marketin qiymət siyasəti hansı bazar qanunları ilə tənzimlənir, məlum deyil. Çünki orta aylıq əməkhaqqısı 434 manat təşkil edən, alıcılıq qabiliyyəti aşağı olan ölkənin marketində şokaladın kq-nın 30 manatdan başlaması absurddur.
İstehlak bazarının monitorinqi zamanı diqqətimizi çəkən daha bir məqam kiçik mağazalarda məhsulların üzərinə 20 qəp, 50 qəp, 1 manat, 1.30qəp, 1.70qəp, 2,60 qəp. kimi yuvarlaq qiymətlərin vurulmasına baxmayaraq, supermarketlərin qiymətlərinin əsasən 18qəp, 43 qəp, 0.89qəp, 1.29qəp, 1.75qəp, 2.69qəp və s. təşkil etməsi oldu. Bunu da müştəriyə psixoloji təsir göstərmək üçün edirlər. Məsələn, "Möcüzə" günəbaxan yağının satış qiyməti 5 manat deyil, 4,74 manat olduqda alıcını daha çox cəlb edir. Digər tərəfdən, kassada 18, 43, 89 qəpiklərin qalıqları geri qaytarılmır. Beləliklə, vətəndaş məhsula vitirindəkindən artıq pul ödəyir.1-2-3-5 qəpikliklər isə yığılaraq marketə əlavə qazanc gətirir.
Digər bir məsələ isə marketlərin piştaxta siyasətidir. Belə ki piştaxtada qiymət bir cür, kassada isə başqa cür çıxır. Adətən, bu hiylə alıcılar tərəfindən başa düşülmür. Bu hiylənin üstü açılanda isə anlaşımazlıq kimi qələmə verərək, alıcını razı salırlar.
Bazarın problemləri sırasına supermarketlərin yerləşdiyi ərazi də daxildir. Bəzi marketlər məhz yerləşdiyi əraziyə nəzərən qiymətləri müəyyən edir. "Araz" marketlərin "Azadlıq" metrostansiyasının ərazisində yerləsən bölümündə qiymətlər daha yüksəkdir. Bundan əlavə, dünyanın hər yerində supermarketlərin ucuz olmasını şərtləndirən amillərdən biri də rəqiblərin eyni ərazidə yerləşməsidir. Amma ölkədə bu seqmentdə vəziyyət tamamilə təzadlıdır. İki böyük supermarket şəbəkəsi eyni ərazidə yerləşib fərqli qiymət siyasəti yürüdürlər.
Leyla Əliyeva
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13