"KİA Motors Azərbaycan" şirkətindən şikayət var
12:38 08-07-2014
CƏMİYYƏT
"KİA Motors Azərbaycan" şirkətindən şikayət var
Maşını məhv olan sürücü: "Məqsədləri pul verməməkdir"
Sumqayıt sakini Emil Kazımovun iyunun 9-da yüksək sürətlə dəmir arakəsməyə çırpılan "KİA Rio" markalı avtomobilində təhlükəsizlik yastığının açılmamasını həmin avtomobilin etibarsız olması ilə əlaqələndirir və bunu həmin avtomobilin qüsuru kimi izah edir.
Hadisə barədə qısa bildirək ki, Emil Kazımov Bakı istiqamətində gələrkən ağır qəzaya düşüb. Onun idarə etdiyi "KİA" Sumqayıt yolunda, VAZ dairəsi adlanan ərazidə idarəetmədən çıxıb və 107 km/saat sürətlə yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb. Sürücü qəzadan xəsarətsiz qurtulsa da, maşında heç bir təhlükəsizlik yastıqları açılmayıb. E.Kazımov milli.az-a ünvanladığı məktubda bildirir: "KİA servisdə olanda maşın orada ilk olaraq təhlükəsizlik yastıqlarının olub-olmamasını yoxlamaq üçün kompüter testindən keçirildi. KİA servisin əməkdaşlarının sözündən belə çıxdı ki, əslində təhlükəsizlik yastıqları var, amma sürücünün və ya yandakı sərnişinin təhlükəsizlik yastıqlarının açılması üçün mütləq çox yüksək sürət həddi olmalıdır və avtomobil mütləq ön tərəfdən zədə almalıdır. Bildirildi ki, əgər ikinci dəfə də belə hadisə olsa, yenə yastıqlar açılmayacaq, çünki çox yavaş hərəkət edirmişəm. Hətta istehza ilə dedim ki, artıq bundan sonra KİA ilə hərəkət edərkən görsəm ki, qəza vəziyyətidir ölməmək üçün daha da çox qaz verəcəm, görsəm ki maşın kənara tərəf gedir avtomobilin ön tərəfini vurmağa çalışacam. Bundan sonra servis müdiri şəxsən məni inandırmağa çalışdı ki, hər şey normaldır, maşının təmirinə şəxsən özü nəzarət edəcək və avtomobili ilk gün aldığı kimi mənə də şəxsən özü təhvil verəcək".
İddia: "Bu, iki şirkət
arasında "işbirliyi"nin
olmasından xəbər verir"
Şikayətçi qəzadan sonra maşınını sığorta etdirdiyi "ATA sığorta"nın bəhanələrindən də yazıb: "Hadisə iyun ayının 9-da baş verib. Avtomobil iyun ayının 14-dən etibarən KİA servisin təmir qarajındadır. Sığorta ilə bütün sənədləşmənin həll olunmasına baxmayaraq, avtomobil üzərində heç bir iş görülməyib. Səbəb kimi isə mənim KİA servisdən hansısa sənədi alıb "ATA sığorta"ya təqdim etməməyim göstərildi. Bu sənədi də bu gün aldım və sadəcə olaraq, kuryer kimi mənə sənəd daşıtdırırlar. Bu gün KİA servisdən "ATA sığorta"ya gələnə qədər servis əməkdaşları maşınıma dəyən zərərin hesablanması aktını "ATA Sığorta"ya göndərib. Sığorta şirkətində təmir şöbəsinin müdiri Əmrulla müəllim, sanki, bizi gözləyirdi. İçəri girib maşının nömrəsini eşidən kimi, "Avtomobil təmir olunmayacaq" - deyib bizi yola salmağa cəhd etdi. Səbəb kimi bildirdi ki, avtomobilə dəyən zərər həmin avtomobilin bugünkü bazar qiymətindən 75 faiz çoxdur. Ona görə maşın elə bu vəziyyətdə də dəyər-dəyməzinə satılmalıdır. VTB bankda olan borcum bağlanmalıdır. Xatırladım ki, avtomobili 8 aydır almışam, dəyəri mənə 19800 AZN başa gəlib və maşın bir aydır ki, servislərdədir. Maşını alarkən "ATA sığorta"nın məndən tələb etdiyi "Kasko sığorta" məbləğini tam ödəmişdim ki, başıma bədbəxt hadisə gələrsə, dəymiş ziyan ödənilsin. Bu gün isə sığorta şirkəti bildirir ki, maşına dəymiş ziyan 75 faizdən az olsaydı, pul ödəyəcəkdilər. Çox olduğu üçün isə heç bir pul ödənilmir və ya maşın təmir edilmir".
Şikayətçi iddia edir ki, KİA servisin təbirin qiymətini açıqlama müddətini həftələrlə yubatması, "ATA sığorta"nın isə bu cür bəhanə ilə məsuliyyətdən yayınması hər iki şirkət arasında "işbirliyi"nin olmasından xəbər verir. Məqsədləri isə avtomobil sahibinə pulu ödəməməkdir.
"KİA Motors Azərbaycan":
"Bu işdə adımızın hallanması bizi təəccübləndirir"
"KİA Motors Azərbaycan" şirkətinin brend meneceri Zəka Əlibəyov isə milli.az-ın sorğusuna cavab olaraq bildirib ki, avtomobil servisə gəldikdən 2 gün sonra qüsur aktı tərtib olunub. Bundan sonra müştəri razılıq aktını imzalamaq üçün servisə dəvət olunub. Bu akt servis, müştəri və sığorta arasında imzalanan bir sənəddir. Yalnız bu sənəd imzalandıqdan sonra növbəti əməliyyatlara keçmək mümkündür. Müştəri bu aktı imzalamaq üçün servisə gec gəlib. O ki qaldı avtomobilin bərpası üçün tələb olunan məbləğə, servisin hesablamalarına görə (müştərinin hər bir əzilmiş detalın yalnız yenisi ilə dəyişdirilməsi tələbini nəzərə alaraq), bunun üçün 10 000 (on min) manat tələb olunur. Müştəri və sığorta şirkəti arasında bağlanmış müqaviləyə əsasən, əgər avtomobilə dəymiş zərər avtomobilin bazar qiymətindən 75% çox olarsa, avtomobil tam məhv olunmuş sayılır. Onu da qeyd edək ki, qiymətləndirilmənin qərəzli aparılması KİA-nın maraqlarında deyil, çünki bu halda sifariş və nəticədə gəlir itirmiş oluruq. Sifarişçi sığorta şirkəti olduğundan, KİA servis qüsur aktını (qiymətləndirilmə cədvəlini) sığorta şirkətinə yollayıb. "Hal-hazırda müştəri yenidən servisə gələrək qüsur aktının yenidən tərtib olunmasını, zərər məbləğinin azaldılmasını tələb edir. Əlbəttə ki, bu mümkün deyil. Bu işdə adımızın hallanması bizi təəccübləndirir. Məsələ müştəri və sığorta şirkəti arasında həll olunmalıdır. Qiymətləndirilmə cədvəli, qeyd etdiyim kimi, sığorta şirkətinə təqdim olunub, müştəri onu oradan əldə edə bilər. Bizə aid iradlarla (gecikmə və qərəzli qiymətləndirilmə) bağlı mən mövqeyimizi bildirdim. Biz, hər bir yaranmış mübahisənin qanun çərçivəsində, imzalanmış müqavilə əsasında həllinin tərəfdarıyıq" - Z.Əlibəyov qeyd edib.
"Biz sığorta sirrini
yaya bilmərik"
"ATA sığorta"nın hüquqşünası Zümrüd Məmmədli isə milli.az-a açıqlamasında bildirib ki, bu məsələ sığorta sirri olduğundan məlumat verilə bilməz: "Jurnalistsiz, tərəf deyilsiz, ancaq sığortaçının özü bizə ərizə yazar və müvafiq qaydada cavablandırılar. Sığortaçının sirrini başqa şəxsə verməsi öz işidir, ancaq biz sığorta sirrini yaya bilmərik. Sığorta haqqında qanunun 6-cı maddəsində bu müddəa ilə tanış ola bilərsiniz".
Anar Məmmədov
Digər Xəbərlər
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58