Abid Şərifovdan bir neçə icra başçısına şok mesaj
09:28 09-07-2014
İQTİSADİYYAT
Abid Şərifovdan bir neçə icra başçısına şok mesaj
Qanunsuz tikililərə görə məsuliyyət daşıyan rayon rəhbərlərinə böyük təhlükə!
Baş nazirin müavini Abid Şərifov qanunsuz tikililərlə bağlı ilginc açıqlamalarla çıxış edib. Şərifov bildirib ki, Azərbaycan hökuməti qanunsuz tikililərlə bağlı tədbirlər görəcək.
O deyib ki, yaxın bir-iki ay ərzində bununla bağlı müvafiq qərarın qəbul ediləcəyi gözlənilir. Vitse-premyer bildirib ki, bir neçə ay ərzində istər Bakı şəhərində, istəsə də respublikanın ayrı-ayrı bölgələrində evlərin və digər qanunsuz obyektlərin tikintisinə qarşı daha ciddi tədbirlər görməyi düşünürük.
Baş nazirin müavininin sözlərinə görə, elə yerlər var ki, vətəndaş oranın sürüşmə zonası olub-olmadığını bilmir. Lakin ona orada torpaq verilir: "O adam da başlayır həmin yerdə nəsə tikməyə. Bir müddət sonra isə orada hansısa səbəbdən sürüşmə baş verir və nəticədə həmin adamın xərci də batır. Bununla da biz vətəndaşlarımıza bilərəkdən və yaxud bilməyərəkdən problemlər yaradırıq. Kürün və digər çayların hövzəsində, selə qarşı tədbirlər görülən yerlərdə, kommunukasiyaların üzərində, yüksək gərginlikli elektrik xəttlərinin altında, qaz borularının üzərində rəsmi və qeyri-rəsmi evlərin tikilməsi üçün icazə verilməsi hallarına rast gəlmək olar. Yəqin ki, yaxın aylarda bu insanların təhlükəsizliyinin qorunması məqsədilə tədbirlərin görülməsi məsələsinə baxılacaq".
A.Şərifov bildirib ki, ayrı-ayrı dövlət qurumlarında bəzi şəxslər qanunları lazımı səviyyədə bilmir və ya öyrənmir: "Elə götürək bələdiyyələri. Bələdiyyələrdə torpağı necə paylamaq və tikintiyə necə icazə verməklə bağlı çoxlu səhvlər var. Lakin biz bunun qarşısını almalıyıq. Çünki bu qanunsuzluqların sonu görünmür. Bunun qarşısını almaq üçün isə ilk növbədə istər vətəndaşları, istərsə də məmurları maarifləndirməliyik. Təəssüflər olsun ki, biz maarifləndirmə işləri ilə kifayət qədər məşğul olmamışıq".
Abid Şərifovun açıqlamalarından belə başa düşmək olar ki, hökumət qanunsuz tikililərlə bağlı yaranmış xaotik durumu aradan qaldırmaq, bu cür tikililərin ortaya çıxmasına bais olan vəzifəli şəxslər barədə də ciddi tədbirlər görmək niyyətindədir.
Hökumətin məlum məsələdə təsirli addımlar atacağının ilk siqnallarından biri kimi qəbul oluna biləcək açıqlamada deyilənlər reallaşmağa başlayarsa, hətta bəzi rayon icra başçıları üçün çətin vəziyyətin yaranması, bir çox belə məmurların hətta həbs edilməsi istisna olunmamalıdır.
Statistika isə göstərir ki, Bakıda "havada" qalan evlərin sayı ilbəil artır. Çünki paytaxtda ev tikmək istəyən əksər sakin müvafiq rayonun İcra Hakimiyyəti və bələdiyyə nümayəndəsi ilə "razılıq" əldə etməlidir. İcra və ya bələdiyyə nümayəndələri bunun əvəzində deyirlər ki, "gözümü yumuram, tezbazar evin üstünü, yəni damını vurursan". Sakin isə tələm-tələsik evi tikir, üstünü vurur, girib içində yaşamağa başlayır. Evi qeydiyyata salmağa isə tələsmir. Çünki əksəriyyətinin buna maddi imkanı çatmır. Heç kimə sirr deyil ki, Bakıda evi qeydiyyata salmaq üçün müvafiq rayonun İcra Hakimiyyətinə təxminən 2-6 min manat pul ödənilməlidir.
Ekspertlərin açıqlamalarına görə təkcə ötən il Azərbaycanda icazəsiz təxminən 4 min ev inşa edilib. Proqnozlara görə bu il də bu cür evlərin sayında təxminən 4-5 min artım ola bilər. Təqribi hesablamalara görə, hazırda paytaxt Bakıda qeydiyyatsız evlərin ümumi sayı 510 mindən çoxdur. Həmin evlərdə 2 milyondan çox sakin yaşayır.
Bütün bu anormal vəziyyətin yaranmasında isə yuxarıdakı faktlardan da göründüyü kimi, rayon icra hakimiyyəti rəhbərlərinin məsuliyyəti xeyli böyükdür. Onlar vətəndaşlardan aldıqları rüşvət bahasına qanunsuz tikililərin inşasına göz yumur. İlbəil bu cür tikililərin sayının fantastik sürətlə artması hökumətin prosesə müdaxiləsini qaçılmaz edir.
Onsuz da qanunsuz tikililərlə bağlı vəziyyət, statistika xeyli acınacaqlıdır. İndi belə tikililərin sayının artması vəziyyəti bir az da mürəkkəbləşdirir. Əgər hökumət bəzi icra başçılarına "dur" deməsə, durum get-gedə daha da ağırlaşacaq.
Abid Şərifovun açıqlamasından isə hökumətin qanunsuz tikililərin ortaya çıxmasında və sayının ilbəil artmasında "müstəsna xidmətləri" olan belə icra başçılarını bağışlamayacağı görünür. Onların sərt şəkildə cəzalandırılması başqalarına da dərs ola bilər. Həmin "dərs"in konkret zamanını demək çətin olsa da, yəqin ki, belə bir gün uzaqda deyil.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53