Dağlıq Qarabağ tələsi
09:31 09-07-2014
İQTİSADİYYAT
Dağlıq Qarabağ tələsi
Seçim etmək zamanı çatır
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müxtəlif xəbərlər səslənməkdədir. İstər Fransa prezidenti Fransua Ollandın regiona səfəri, istər Rusiyanın baş diplomatı Sergey Lavrovun Bakıya gəlişi, istərsə də ABŞ-ın ATƏT-də ki, həmsədrinin verdiyi açıqlamalar maraqlı bir mənzərə yaradır. Deyəsən son mənzərənin cizgiləri elə Ermənistandan gəldi.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün birinci növbədə ətraf rayonlar Azərbaycana qaytarılmalıdır". Bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın ətraf rayonlarının Azərbaycana qaytarılması münaqişənin həlli istiqamətində təqdim edilən 6 prinsipdən biridir.
"Dağlıq Qarabağ münaqişəsi məlum 6 prinsip əsasında həll edilməlidir. Bunun başqa variantı yoxdur. Laçın dəhlisi istisna olmaqla Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılmalıdır", deyə Heffern bildirib.Səfir onu da bildirib ki, ətraf rayonlar Azərbaycana qaytarıldıqdan sonra ermənilərin təhlükəsizliyini təmin etmək üçün bölgəyə beynəlxalq sülhməramlılar yerləşdiriləcək. Qeyd edək ki, hətta diplomatik qaydalara görə ABŞ-ın Ermənistandakı səfirinin bu qədər konkret mövqe nümayiş etdirəcəyi inandırıcı görünmürdü. Amma diplomat bunu dedi və ekspertlərin fikrincə bu heç də təsadüfdən deyilən fikir deyil. Hesab edirlər ki, hazırda Fransa ilə Rusiya hansısa formada razılığa gəliblər və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı addım atmağa hazırlaşırlar. ABŞ isə sözsüz ki, prosesdən kənarda qalmaq niyyətində deyil və səfirin bu açıqlaması ABŞ-ın mövqeyini bir daha ortaya qoydu. Ekspertlər hesab edir ki, bu açıqlama həm də təsdiqləyir ki, Dağlıq Qarabağ məsələsində Rusiya ilə Avropanın fikirləri üst-üstə düşsədə ABŞ-ın baxışları fərqlidir. Belə olan halda yenə də əsas söz sahibləri Azərbaycanla Ermənistan olacaq. "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı proseslər olduğu kimi qalır. Rusiya Qarabağ kartından istifadə edib Azərbaycanı öz tərkibinə sürükləmək niyyətindədir. Rəsmi Moskva Azərbaycanı bununla Avrasiya İttifaqı layihəsinə cəlb etməyi düşünür". Bunu isə politoloq Vəfa Quluzadə Qarabağ probleminin tənzimlənməsində beynəlxalq səylərin hansı səviyyədə olduğunu şərh edərkən deyib.O bildirib ki, ABŞ başda olmaqla Qərb Azərbaycanla Ermənistanı barışdırmaq istəyir. Ekspert düşünür ki, Qərb dünyası bununla Ermənistanı Rusiyanın təsirindən çıxarmağı planlaşdırır."Çünki Ermənistan Rusiya tərəfindən idarə oluna-oluna Qərbin təşəbbüsləri müsbət nəticə verə bilməz. Bu səbəblərdən dolayı Qarabağ məsələsində durğunluq davam edəcək və heç bir nəticə olmayacaq". Analitik hesab edir ki, Qarabağ problemində dönüş olması üçün Rusiyanın zəifləməsi və ya Moskva hakimiyyətinin dəyişməsi vacib şərtdir.Siyasi şərhçi Qarabağ konfliktinin nizamlanmasında Rusiyanın Qərbi sıxışdıraraq, təşəbbüsü öz əlinə alması ilə bağlı deyilənləri belə dəyərləndirib:
"Bu cür şərhlər başdan-ayağa yalandır. Bu cür məlumatları görünür Rusiyanın "beşinci kolon"una məxsus insanlar yayırlar. Rusiyanın Qarabağ məsələsində mövqeyində xüsusilə Azərbaycanın xeyrinə heç bir dəyişiklik yoxdur. Rusiya təşəbbüsü belə ələ almaq istəyir ki, işğal altında olan bir-iki rayonu azad etsin. Amma burada məqsəd başqadır. Rusiya bununla həmin ərazilərdə qoşunlarını yerləşdirmək istəyir. Bu isə erməni işğalından da pisdir". Ekspertlər bunu da bildirir ki, məsələ bu şəkildə mürəkkəbləşərsə ortaya başqa fəsadlarda çıxacaq. Belə ki, Rusiyanın zaman-zaman Azərbaycanda milli zəmində münaqişə yaratmaq cəhdini görmüşük və istisna olunmur ki, sabah yenə də eyni addım atılmasın. Və yaxud Ukraynada baş verən proseslərdən sonra belə rəy yaranıb ki, artıq Avropa və ABŞ dünyada tək güc deyillər və müəyyən məqamlarda geriyə çəkilməli olurlar. Həqiqətən də son 15 il ərzində ABŞ Yaxın Şərqdə, Ukraynada sözün həqiqi mənasında Rusiyaya məğlub oldu və sabah bu məğlubiyyət seriyasının davam edəcəyi də istisna edilmir. Hətta bu da vurğulanır ki, ABŞ və ya Avropa Dağlıq Qarabağ kartından istifadə etməklə Ruysiya ilə Azərbaycan arasında bir uçurum yaradacaq və Ukrayna olayları başqa bir şəkildə Azərbaycanda yaşanacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53