ATƏT-in Dağlıq Qarabağ monopoliyası
09:47 10-07-2014
İQTİSADİYYAT
ATƏT-in Dağlıq Qarabağ monopoliyası
Müşahidəçilər yeni format haqqında düşünür
Son zamanlar Dağlıq Qarabağ probleminin həlli ilə bağlı maraqlı gəlişmələr baş verir. Önəmlisi isə budur ki, artıq problemin həllində ATƏT-in Minsk qrupunun həmsədrləri demək olar ki, birgə fəaliyyət göstərmir və həmsədr ölkələr ayrı-ayrılıqda nəyəsə nail olmaq istəyirlər.
Məsələn, ABŞ 6 bəndlik təkliflə çıxış etdi və demək olar ki, digər həmsədr ölkələrlə heç bir razılaşma əldə etmədən bu istiqamətdə müəyyən addımlar atdılar, açıqlamalarla çıxış etdilər. Bu isə sübutlayır ki, ABŞ üçün bu təkliflər sadəcə olaraq regionda nüfuzunu qorumaq üçündür. Və yaxud Fransa prezidenti regiona gəldi və Azərbaycanla Ermənistan prezidentlərini Parisə dəvət etdi, Dağlıq Qarabağla bağlı təkliflərini ölkə rəsmilərinə çatdırdı. Bu məsələdə də göründü ki, Fransua Ollandın təkliflərindən digər həmsədr ölkələr xəbərdar deyil. Bütün bunlar isə bir daha təsdiqləyir ki, artıq həmsədr ölkələr birgə fəaliyyətin mənasızlığını görür və buna görə də ayrı-ayrılıqda nə isə etməyə çalışırlar. Amma məsələ heç də bununla tamamlanmır. Buda aydın olur ki, əslində ATƏT-in Minsk qrupunun həmsədrlik institutu yaranandan sonra demək olar ki, əksər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ problemini öz gündəliyindən çıxarıb və sanki Dağlıq Qarabağ problemi ATƏT-in monopoliyasına keçib. Ən qəribəsi isə budur ki, hətta ATƏT üzvü olan digər dövlətlər də bu məsələyə müdaxilə edə bilmir. "Mənə bəlli olan səbəblərə əsasən deyirəm ki, son bir neçə ildə Minsk Qrupunun həmsədrləri prosesi öz əllərində cəmləşdiriblər və Minsk qrupunun fəaliyyətinin tam tərkibdə həyata keçirilməsinə əngəl törədirlər".Bu fikirləri Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov deyib.Nazir müavini Azərbaycanın bir neçə dəfə bu hala şahid olduğunu vurğulayıb: "Məsələn, 2012-ci ildə Minsk prosesinin 20 ili tamam olanda mən həm tərəfdaş dövlətlərə, həm də digər dövlətlərə müraciət etmişəm. Təklif etmişdim ki, 20 illik yubileyi qeyd etmək üçün Minsk Qrupunun yüksək səviyyəli konfransını keçirək. Bu təşəbbüs rəhbərliyimiz tərəfindən dəstəkləndi. Lakin sonra gördük ki, həmsədrlər buna yol vermək niyyətində deyillər. Yəqin ki, onlara öz işlərini üçlük arasında, təzyiq altında olmadan beynəlxalq ictimaiyyətin diqqətini yayındıraraq aparmaq daha rahatdır. Lakin Minsk Qrupunun digər ölkələri - Türkiyə, İtaliya İsveçrə, Almaniya və başqa dövlətlər prosesə maraq göstərir və maraqlarını beynəlxalq hüquq və norma prinsipləri əsasında qururlar. Mövqeləri bu prinsiplərə əsaslanır. Heç də pis olmazdı ki, Ermənistan bir daha hiss eləsin və anlasın ki onun mövqeyi beynəlxalq birliyin mövqeyinə heç də uyğun gəlmir".
Araz Əzimov Minsk Qrupu formatının başqa formatla dəyişdirilməsinin əleyhinə olduğunu deyib: "Əvvəla Minsk Qrupunda beynəlxalq birliyin ən önəmli oyunçuları təmsil olunur. İkincisi, Minsk Qrupunun mövcudluğu BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrində təsdiqlənib. Bu qətnamələr bizim mövqelərimizin əsasını təşkil edir. Mövqelərə selektiv əsasda yanaşmaq olmaz. Qətnamələr öz əhəmiyyətini saxlamalıdır. Minsk Qrupunun dəyişdirilməsi o qətnamələrə zərər verəcək. Nəhayət, Minsk Qrupunun formatı Dağlıq Qarabağ ermənilərinin prosesdə iştirakını aradan qaldırır. Çünki bu formatda həm azərbaycanlılar, həm ermənilər Dağlıq Qarabağın icmaları olaraq prosesdə öz səviyyələrində iştirak etməyə qadirdirlər. Qərarların qəbulu prosesində iştirak etmirlər, lakin öz mövqelərini səsləndirə bilirlər".Nazir müavini bu səbəblərə əsasən qeyd edib ki, Minsk Qrupunun formatı həm Azərbaycanın, həm də prosesə cəlb olunan digər dövlətlərin maraqlarına, mövqelərinə uyğundur. Amma ekspertlərin böyük qismi hesab edir ki, hazırkı format ya dəyişdirilməli ya da qısa müddətdə real addımlar atılmalıdır. Çünki indiyə qədər Avropanın tutduğu mövqe bundan ibarətdir ki, sadəcə olaraq atəşkəs pozulmasın. Digər əlavə addımların isə atılmasına nədənsə ehtiyac duyulmur. Buna görə də ekspertlər düşünür ki, Azərbaycan çalışmalıdır ki, hansısa formada Böyük Britaniya və Türkiyəni də prosesə cəlb etdirsin. Çünki bu gün Azərbaycan ATƏT-in Minsk qrupunda nə Fransaya, nə də Rusiyaya bel bağlaya bilməz. ABŞ-a gəldikdə isə bu ölkənin regional maraqları tək Azərbaycanla məhdudlaşmır və bu səbəbdən də problemin həlli ilə bağlı gərəkli addımlar ata bilmir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53