Şok iddia! Ukraynada II "Maydan": Timoşenko Poroşenkonu devirəcək
09:49 10-07-2014
İQTİSADİYYAT
Şok iddia! Ukraynada II "Maydan": Timoşenko Poroşenkonu devirəcək
Hakimiyyət gözləməli, proseslərin daha da gərilməməsi üçün Ukraynanın bitərəfliyini elan etməliydi
Ukraynada baş verən proseslərə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlunun fikrincə, Prezident Petro Poroşenkonun vahid konsepsiyası yoxdur (olaylar.az).
M.Əhmədoğlu hesab edir ki, prezident kürsüsünə əyləşdikdən sonra Poroşenko Ukrayna daxilində və ətrafında baş verənlərlə əlaqəli vahid mövqeli lider kimi görünmür. Mübariz Əhmədoğlu hesab edir ki, P.Poroşenkonun qarşısında duran ən mühüm məsələlər "Maydan"ın mövcudluğu və Krım məsələsidir. M.Əhmədoğlu vurğulayıb ki, "Maydan" davam edəcəksə, Poroşenko tam keyfiyyətli prezidentlik edə bilməyəcək. İctimai-siyasi mühitin, hətta hakimiyyət təmsilçilərinin "Maydan" faktorunu nəzərə alacaqlarını deyən politoloqun sözlərinə görə, bu prezidentin fəaliyyətini minimuma endirəcək: "Digər məsələ Krımla əlaqədardır. Poroşenko inauqurasiya mərasimindən dərhal sonra Krım barəsində xalqla açıq söhbətə getməli, problemin həllini bir müddətə təxirə salmağı ona izah etməliydi. Hazırda Ukraynada nüfuza malik üç eks-prezident Poroşenkoya bütün məsələlərdə dəstək verdiyi kimi bu xüsusda da dəstək verə bilərdi. Ukrayna probleminin açarı Krım məsələsindədir. Rusiya Krım məsələsində Ukraynadan lazımi cavabı almayanadək daxildəki vəziyyətin gərgin qalmasında maraqlı olacaq. Ona görə də Poroşenko və Qərbin atdığı addımlar səmərəsiz başa çatacaq".
Poroşenkonun səhvi
Həqiqətən də Poroşenko vahid konsepsiyadan çıxış etmir. Prezident kimi fəaliyyətə başlamasından xeyli müddət keçsə də, Ukraynanın Şərqində baş verənlər daha da gərgin məcraya yönəlib. Digər faktorlar da var. Məsələn, Avropa İttifaqı ilə assosiativ sazişin imzalanması səhv addım idi. İndiki məqamda bunu təxirə salmaq olardı. İraq, Suriya və Ukrayna ətrafında baş verənlər Rusiya və ABŞ-ı bir daha üz-üzə qoydu. Tərəflər arasında əlaqələr qırılma nöqtəsinə çatıb. Amerika tərəfindən Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar Moskvanın əsəblərini tarıma çəkib. Avrasiya İttifaqının təsis olunması, Krımın Rusiyaya birləşdirilməsi, Cənubi Osetiyada referendumun keçiriləcəyi elanı da ABŞ tərəfindən qıcıqla qarşılanır. Yəni ki, ABŞ və Rusiya tərəfindən atılan istənilən qlobal siyasi addım tərəfləri aqressivləşdirir. Belə bir məqamda Qərbin Ukraynanı özünə tərəf çəkmək cəhdləri Rusiya tərəfindən adekvat cavablarla qarşılana bilər. Hətta Putin bir müddət əvvəl belə bir addımın mümkünlüyünə işarə vurdu. Putin açıq şəkildə bildirdi ki, Rusiya istənilən halda digər ölkələrdəki rusları və rusdilli vətəndaşlarını qorumaq üçün istənilən addımı atacaq. Bu yaxın müddətə Şərqi Ukraynaya rus müdaxiləsinin mümkünlüyü kimi də başa düşülə bilər. Regionda baş verən proseslərdə Ukrayna ordusu tərəfindən seperatçı rus qüvvələrinin məhv edilməsi üçün silahlı əməliyyatların həyata keçirildiyi heç kəsə sirr deyil. Digər tərəfdən Poroşenko atəşkəs rejimini uzatmadı. Məhz bundan sonra Putin belə bir bəyanat səsləndirdi. Və Poroşenko gözləməli, proseslərin daha da gərilməməsi üçün Ukraynanın bitərəfliyini elan etməliydi.
Timoşenko 100 günün bitməsini gözləyir
Avropa İttifaqı ilə assosiativ sazişi imzalamaqla səhv qərar qəbul etmiş Poroşenko Krım məsələsində xalqı danışıqlara getməyəcəkdi. Poroşenko başa düşür ki, onun belə bir danışığı sadə kütlə yox, hakimiyyətə gəlmək istəyən müxalif qüvvələr tərəfindən narazılıqla qarşılanacaq və əleyhinə istifadə ediləcək. Təbii ki, burada müxalifyönlü xalq kütlələrindən istifadə oluncaqdı. Məsələn, sabiq baş nazir Yuliya Timoşenko Poroşenkonun buraxdığı boşluqlardan istifadə etmək üçün fürsət gözləyir. İndiki məqamda Yuliya Timoşenkonun baş verənlərə səssiz qalması Poroşenko üçün təhlükə kimi başa düşülməlidir. Artıq "Maydan"da müəyyən qrupun Poroşenko əleyhinə şüarlar səsləndirməsi təhlükənin bir qədər də real olduğunu göstərir. Digər tərəfdən Poroşenko xanım Yuliyaya vəzifə vermədi. O, Timoşenkonun həbsdən çıxmasına da o qədər razı deyildi. Əlavə prestij üçün azad etdi. Bu faktorlar da yeni hakimiyyətin əleyhinədir. Və həbsdən çıxdığı ilk gündən Timoşenko Poroşenkonun hakimiyyətə gəlməsinə isti münasibət göstərmədi. Yəqin ki, 100 gününün tamamında nəticə olmasa, Timoşenko və tərəfdarları hakimiyyətin əleyhinə aktivləşcəklər. Prosesləri əvvəlcədən görən Poroşenko Krım məsələsində hələlik ehtiyatını qoruyur. Məsələni bir qədər də lehinə çevirmək üçün assosiasiya sazişini imzaladı. Ən azından bu aspektdə olan məsələ Timoşenko tərəfindən əleyhinə istifadə olunmayacaq.
Moskva Krımı müzakirəyə çıxara bilər
Ukrayna probleminin həllinin açarı da Krım məsələsi deyil. Əslində dolayı yolla Krım məsələsidir. Lakin bu "Maydan"ın marağında olmayan məsələdir. Sadə: Kiyev Avrasiya İttifaqına girməyə razılıq verir və Moskva Krım probleminə yenidən baxılmasını müzakirəyə çıxarır. Təbii ki, bu məsələdə tatarlar mühüm rol oynayacaqlar. Referendum keçirilir və tatarlar Ukraynanın daxilində qalmağa səs verirlər. Yarımadanın rus kəsiminin müəyyən qismi seçkilərdə iştirak edir və səs çoxluğu tatarların, yəni ki, Kiyevin tərəfində olur. Başqa sözlə, Rusiya Kiyevin onun tələblərinə cavab verməyəcəyi təqdirdə Krım məsələsinin həlli uzanacaq. Ümumiyyətlə gündəmdən çıxarılacaq. Mövcud Ukrayna-Qərb yaxınlaşması faktoru buna əsas verə bilər.
Ukrayna dünyanın
nizamını pozdu
Qərb Ukraynanı pis vəziyyətdə saxlamaqda maraqlı olmasaydı, Poroşenkonu belə bir addım atmağa tələsdirməzdi. Görünür ki, Qərbin proseslərdən güddüyü tamam başqa bir niyyət var. Başqa tərəfdən baxdıqda isə Poroşenko da Aİ ilə assosiativ sazişi imzalamaqda maraqlı olmaya bilərdi. Ən azından o başa düşür ki, Ukraynanın Rusiyadan böyük ölçüdə iqtisadi və enerji asılılığı var. Krımın işğalı ilə bir də siyasi asılılıq gerçəkləşdi. Sadəcə olaraq, "Maydan"nın Avropaya inteqrasiyada meylli olan qüvvələr tərəfindən gerçəkləşdirildiyini nəzərə alan Poroşenko indi həmin böyük çoxluğu əleyhinə çevirməmək üçün bu addımı atmağa məcbur idi.
Etməsəydi, Yanukoviçin aqibətini yaşaya bilərdi. Əslində baş verənlərin fonunda Poroşenkonun vahid konsepsiya ilə çıxış edə bilməməsi bunu real edə bilər. Müəyyən müddətdən sonra Poroşeno lazımi nəticələrlə çıxış edə bilməsə, əleyhinə Timoşenkonun rəhbərliyilə yeni "Maydan"la üz-üzə qalacaq. Çünki məsələdə Poroşenkonu atdığı addımlardan narazı olan bəzi Qərb dövlətləri də var. Fransa və Almaniya burada əhəmiyyətli fiqurlar kimi qabağa çıxırlar. Timoşenlonun almanlara sıx əlaqələrinin olması heç kəsə sirr deyil. Həbsdən çıxdıqdan sonra Yuliyanın getdiyi ilk ölkə də Almaniya idi. Bəs nəyə görə Almaniya və Fransa? Bu ölkələr Rusiyanın Avropada həyata keçirdiyi enerji layihələrində pay sahibidirlər. Həmin layihələrdən milyardlarla dollar gəlir əldə edirlər. Ukrayna prosesləri başlayandan İngiltərə kimi Moskvaya sərt mövqe də ortaya qoymayıblar. Daha ehtiyatlı yanaşırlar. Nəticə etibarilə, Krım məsələsi birbaşa Ukrayna probleminin açarı deyil. Əsas açar Poroşenkonun qəbul etməli olduğu ehtiyatlı qərarlarda olmalı idi. Lakin o bunu etmədi və çox gecdir. Ukraynanı yeni çaxnaşmalar gözləyir. I "Maydan"dan fərqli olaraq, bu Ukrayna üçün daha pis nəticələrə yol açacaq. Ukraynanın bölünməsi ehtimalının olduğu bir vaxt başlayacaq hakimiyyət müharibəsi bu ölkə üçün seçim şansı qoymayacaq. Bu dünyanın tamam başqa istiqamətə yön almasına yol açacaq. Ukrayna dünya üçün bəlaya çevrilir.
Mənsur Rəğbətoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53