Azərbaycanda ictimai-siyasi aktivliyin artırılması istiqamətindəki layihələr
09:51 10-07-2014
CƏMİYYƏT
Azərbaycanda ictimai-siyasi aktivliyin artırılması istiqamətindəki layihələr
Rufiz Qonaqov: "İnsan hüquq və azadlıqlarının müdafiəsi yönündə iş aparan təşkilat ilk növbədə özü obyektiv, qərəzsiz olmalıdır"
Müasir dövrdə hər bir ölkənin beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, dünya siyasətində iştirakı ilk növbədə onun demokratik normalara, insan hüquq və azadlıqlarına necə əməl etməsindən asılıdır.
Azərbaycan da qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi bu inteqrasiya magistralında uğurla irəliləyir və demokratik dəyərləri sürətlə mənimsəyir. 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində insan hüquq və azadlıqlarının heç bir dövlətin daxili işi olmadığı, ümumbəşəri səciyyə daşıdığı əksini tapıb, ayrı-ayrı dövlətlərin bu sahədə görməli olduğu işlərin miqyası göstərilib. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilən ilk Konstitusiyası isə ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi önə çıxarıb. Azərbaycan Respublikası 20 ilə yaxın müddətdə beynəlxalq birliyin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalanaraq onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənib. İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsidir. Konseptual və miqyaslı xarakter daşıyan həmin Proqramda Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumlar, Qaçqınlar üzrə Ali Komissarlıq, YUNESKO, YUNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi, habelə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi nəzərdə tutulub. Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Azərbaycandakı vətəndaş cəmiyyəti institutları, demokratiyanın atributlarından biri olan QHT-lər də bu işdə öz töhvələrini verirlər. Bu dəfəki həmsöhbətimiz Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovdur.
-İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində vətəndaş cəmiyyətlərinin prinsipial fəaliyyət yolları hansılardır?
-Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində fəaliyyət göstərən kifayət qədər vətəndaş cəmiyyəti institutları var. Eyni zamanda bununla bağlı yeni media vasitələri də var ki, insan hüquq və azadlıqlarının qorunması istiqamətində işlər aparır, maarifləndirici işlər görürlər. Prinsipial fəaliyyət yollarına gəlincə, mənim fikrim belədir ki, bu fəaliyyətlə məşğul olan QHT-lər, təşkilatlar tərəfsiz olmalıdırlar. İstər hüquq müdafiəçisi olsun, istər də QHT olsun çalışmalıdır ki, qərəzsiz olsun. Obyektiv çıxış etsin. İstənilən insan barədə araşdırmanı obyektiv etməli, cəmiyyətə açıqlamalıdır. Yəni ilk şərt qərəzli olmamaq, obyektivlikdir. İkincisi isə hüquq müdafiə təşkilatı görürsə kiminsə hüququ pozulub mütləq həmin şəxsin hüququnu pozan təşkilatla əlaqə yaradıb bu neqativ halı aradan qaldırmağa, vətəndaşın hüququnu bərpa etməyə çalışmalıdır. Çox təəssüflər olsun ki, Azərbaycanda bəzi hüquq müdafiə təşkilatları məsələni nəinki obyektiv mövqedən araşdırmağa çalışır, əksinə məsələnin yerli miqyasda belə həll olunmasına nail olmaq istəmir.Çünki bəzi insan hüquqlarının qorunması ilə məşğul olan təşkilatlar xaricdən maliyyə aldıqlarından, məhz həmin məlumatları düz-əyri, araşdırma aparmadan yazıb beynəlxalq təşkilatlara ötürürlər. Təbii ki, bundan Azərbaycan dövləti narazı qalır. Çünki,dövlətin movqeyi, istəyi insan hüquq və azadlıqlarının pozulması ilə bağlı məsələləri yerli miqyasda həll etməkdir. Belə halda dövlət də narazı qalır ki, niyə məsələni bizimlə həll etmirsiniz,müzakirə etmirsiniz, yazıb istədiyiniz siyahını beynəlxalq təşkilatlara ötürürsünüz ki, Azərbaycanda insanların hüquq və azadlıqları pozulur. Mənim fikrimcə də, insan hüquq və azadlıqlarının müdafiəsi yönündə iş aparan təşkilat ilk olaraq obyektiv, qərəzsiz olmalıdır. Onun üçün fərq etməməlidir ki, həmin şəxs hansı tərəfi təmsil edir. Müxalifət, bitərəf, yaxud da hansısa sahədə çalışan şəxs olsun. Məncə insan hüquq və azadlıqlarını qoruyan təşkilatların əsas prinsipial mövqeyi bundan ibarət olmalıdır.
-Bu gün QHT-lər daha çox praktik layihələrin həyata keçirilməsinə maraq göstərirlər. Nədən siyasi və ictimai aktivliyin artırılması istiqamətində işlər görülmür?
-Mən o fikirlə razı deyiləm ki, QHT-lər daha çox praktik layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Bu gün 3 mindən çox rəsmi, təxminən 200-300-dən çox QHT qeyri-rəsmi fəaliyyət göstərir. QHT-lər bu gün həm daxildən, həmçinin də xaricdən maliyyələşirlər. Azərbaycanda kifayət qədər ictimai-siyasi aktivliyin artırılması istiqamətində layihələr həyata keçirilir. Bizim özümüz də bu cür layihələr həyata keçirmişik və növbəti seçkilərdə bu cür layihələrin həyata keçirilməsini davam etdirəcəyik. Əhalinin seçki maariflənməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Mənim məlumatıma görə QHT-lərə Dövlət Dəstəyi Şurası bu il 30-dək layihəni bələdiyyə seçkiləri ilə bağlı maliyyələşdirib.Bundan məlumdur ki, hökumət özü də əhalinin seçki ilə bağlı maariflənməsinin, ictimai-siyasi aktivliyin artmasında maraqlıdır. Azərbaycanda 100-dən artıq QHT var ki, ictimai-siyasi proseslərlə bağlı institutlaşıblar. Seçkilərlə bağlı monitorinqlər keçirirlər.
-Sizcə bu gün Azərbaycanda siyasi maarifləndirmə o həddədirmi ki, Azərbaycanı Avropaya tam açıq ölkə kimi dəyərləndirək?
-Bəli, bu gün bu maarifləndirməni dövlət aparır. Azərbaycanda qəzetlər, telekanallar var, online medialar fəaliyyət göstərir. Yeni media vasitələri yaranır ki, belə maarifləndirmə şəraitində Azərbaycanı nəinki Avropaya, dünyaya qapalı qala bilməz. Bu gün Azərbaycan vətəndaşları sosial şəbəkələrin demək olar ki, mütləq əksəriyyətindən istifadə edirlər. Baş verən hadisələr anba-an yenilənərək sosial şəbəkələrdə yayımlanır. Azərbaycanda təkcə 1 milyon 400 min Azərbaycan vətəndaşı faceboook sosial şəbəkəsindən istifadə edir. Bu onu göstərir ki, insanların siyasi baxımdan söz deməsi üçün tribuna var.
-Bu gün vətəndaş cəmiyyəti olaraq cəmiyyətin maarifləndirilməsində hansı qüsurları görürsünüz?
-Əsas qüsur ondan ibarətdir ki, bizim vətəndaşlarımız öz hüquqlarını demək olar ki, bilmirlər. Çox təəssüf ki, bu gün vətəndaşların çoxu "Yol Hərəkəti Haqqında" qanunu bilmir. Vətəndaşların bir sıra qanunlardan xəbərsiz olması,onların öz hüquqlarını tələb etməsində də əngəl yaradır.
-Bu günkü gənclik sizcə insan hüquq və azadlıqlarının qorunması istiqamətində kifayət qədər informasiyalıdırlarmı?
-Mənim fikrimcə, bu gün istənilən gənc, təbii ki, istəyirsə bu barədə kifayət qədər məlumat əldə edə bilər. Çünki buna şərait var. Sosial şəbəkələr, internet resursları imkan verir ki, gənclər özlərinə lazım olan qədər insan hüquq və azadlıqlarının qorunması istiqamətində məlumat toplasınlar. Əsas olan odur ki, gənclər bunu istəyirlərmi?
Digər Xəbərlər
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04