Kütlə qorxsa da, azadlıq var
09:59 10-07-2014
İQTİSADİYYAT
Kütlə qorxsa da, azadlıq var
Balığın başdan iyləndiyini bilən şəxslərin inadla, illərdən bəri bu canlını quyruq tərəfdən sağaltmağa çalışmaları səylər baxımından inadkarlıq prosesi təsiri bağışlasa da, məntiq sarıdan mənasız işdir.
Başından ilənən bu canlı həmişə quyruq tərəfdən soyulmağa başlayır və bunu da anlamayanların balıqçılıq fikrinə düşmələri, üstəlik, bulanıq suya tor ataraq bol şikar toplayacaqlarını düşünmələri isə izah edilməsi mümkünsüz sadəlövhlük sayıla bilər.
Ermənistanda son günlərin siyasi hadisələri suların durulmadığını və əllərində tor tutaraq məlul durmuş fərdlərin də küt baxışlarla olanları izlədiklərini göstərir.
...Yeni hökumətin təyinatından sonra Yerevanda kadr dəyişiklikləri dalğası dayanıb. İqtidar nəfəsini dərir. Ermənistan prezidenti Serj Sarkisyan baş verənləri təhlil edir, bundan sonrakı qərarlarını düşünür, addımlarını götür-qoy edir.
Müxalifət də gözləmə mövqeyi tutub. Sabiq prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryan aktiv siyasi fəaliyyətdə deyillər.
Serj Sarkisyan özünə ən ciddi rəqib saydığı bu adamlardan reaksiya gözləyir. Ona qiymətləndirmələr və yürüdülən siyasətin dəyərləndirilməsi yox, messiclər gərəkdir.
İqtidar daxilindəki yerdəyişmələrin müxalifətdə hansı reaksiyalar yaratdığını anlamağa çalışan S.Sarkisyan istəyinə çatan kimi daha fəal siyasi seqmentlərin zərərsizləşdirilməsi, Yerevan bələdiyyəsinə seçkilərdən bəri aktivləşməyə çalışan qüvvələr arasında "ən təhlükəli"sini müəyyənləşdirib ilkin hədəf kimi onun seçilməsinə başlayacaq.
Önəmli məqamdır, amma ən başlıcası deyil.
Həmişə olduğu kimi, indi də Serj Sarkisyan gözləmə mövqeyindən çıxandan sonra qərarları ilə rəqiblərini məhz özünün istədiyi və ya onu tam təmin edən müstəviyə keçməyə vadar etməyə çalışır.
Ermənistandakı hakim komandanın rəhbəri hər hansı fəaliyyət variantının qarşısını almaq, rəqiblərini manevr imkanlarından məhrum etməklə müxalifət düşərgəsindəki bütün qüvvələri passivləşdirmək niyyətindədir.
Məhz bu səbəbdən Sarkisyan fasilə mərhələsində gözləyərək genişmiqyaslı siyasi eksperimentləri və xırda gedişlərinin ümumi vəziyyətə təsirini hesablayır. O, istəyinə çatıb-çatmadığını, siyasi qüvvələrin bəlli şəraitə uyğunlaşma səviyyəsini dəqiqləşdirməyə can atır.
Yerevandakı iqtidar hadisələrin onun maraqlarına zidd istiqamətdə cərəyan etdiyini anlayan kimi kütləyə çevrilmiş cəmiyyətə yeni təsir vasitələrinə əl atasıdır.
Güman etmək olar ki, erməni müxalifətinin liderləri də bu həddən artıq bəsit davranışı anlamamış deyillər. Onlar siyasi bəyanatlar verməyə tələsmir, ekspertlər səviyyəsində açıqlamalarla kifayətlənirlər.
Levon Ter-Petrosyan faktiki lideri olduğunu iddia etdiyi müxalifət düşərgəsindəki total parçalanma və tam dağılmanın səbəbkarı olmamaq üçün hələlik ehtiyatla davranmağa, rəhbərlik etdiyi Erməni Milli Konqresinin oyun meydanında zəifləməməsinə səy göstərir.
Robert Köçəryan iqtidar düşərgəsində tərəfdarlarının kimliklərini aydınlaşdırmamaq və onları Sarkisyana bəlirləməmək üçün "hər şey haqqında heç nə" tipli müsahibələrlə kifayətlənir, qarşı tərəfin, yəni iqtidarın irəliyə addım atmasını və eyni zamanda, müxalifətin belə addıma reaksiyasını gözləyir.
İqtidar və müxalifət arasında sövdələşmələr, kuluar danışıqları və hər iki tərəfə yarınmaqla məşğul olan "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qagik Sarukyan başının işlərə qatışdığını göstərərək digər fiqurların danışmalarını gözləyir.
"İrs" Partiyasının sədri Raffi Hovannisyan prezident seçkilərindən sonrakı fiaskosundan qurtulmağa çalışır, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun isə bütün bu oyunların nə ilə başa çatacağını seyr etməklə kifayətlənir.
Bir sözlə, marionetkalar teatrında səssizlikdir.
Müxalifət düşərgəsindəki "iri qurd"ların susduqlarını görən kiçik partiyalarla bahəm, hakimiyyət komandasındakı rəqib qruplaşmalar da səslərini çıxarmırlar.
Ermənistan üçün kədərli, pərişan durum, yaxşı heç nə vəd etməyən perspektivlərin bünövrəsini qoymuş vəziyyətdir. Yerevandakı quldur yığınının heyətindəki dəyişikliklərin cəmiyyətdə qıcıq yaratması bəlli. Amma belə rokirovkaların müxalifət "lider"lərini qorxutmaları kütlənin daha da passivləşməsinə səbəb olması bir qədər gözlənilməz sayıla bilərdi, çünki ermənilərdə hakimiyyətə qarşı durduğunu iddia edən düşərgə həmişə radikal, düşünülməmiş və emosional davranışı ilə seçildiyini qabartmağa can atır.
Bununla belə, Ermənistanda cəmiyyətin qapanmış gözlərinin açılmasına ümid var.
Şok terapiyasının sonucları özünü göstərəcək və iqtidarın bütün səylərinə rəğmən, vətəndaşların iliyinə dirənmiş bıçağın soyuqluğunu hiss edənlər qəzəblənəcəklər.
Yerevandakı olaylara səthi baxış belə, erməni müxalifətçilərinin süstlükdən qurtulub sözdən işə keçməyəcəkləri təqdirdə iqtidarın hər addımının bundan sonra onların zərərinə olacağını, üstəlik, pressinqin daha da ağırlaşacağını göstərir.
Prezident Serj Sarkisyanın hiyləgər marionetka olması onun fəaliyyət sahəsinin dar olması ilə yanaşı, aqressivləşməsinə də dəlalət edir.
Aqressiv marionetkalar isə ələ keçirdikləri hakimiyyəti varlanma və fiziki mövcudluq şərtləri saydıqları üçün onların laqeydliklə izlənməsi həmişə ən ağır cinayətlərin əsasını qoyur.
Kütlə şüşə qabdakı balıq təki davranırsa, onun haradasa azadlıq olduğunu anlaması uzun prosesə çevrilə bilər.
Azadlıq isə var.
Şüşədəki balıqlar bunu qəbul etmək istəməsələr də.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53