Bir neçə ali məktəbə də bağlanma şoku
12:48 11-07-2014
İQTİSADİYYAT
Bir neçə ali məktəbə də bağlanma şoku
Vaxtilə Misir Mərdanovun himayə etdiyi formal universitetlər təhlükədə!
Hər hansı bir ali təhsil ocağının tanınma dərəcəsi və onun reytinqi birinci növbədə dünyada məzunlarının tələbatı ilə ölçülür. Dünya universitetlərinin reytinqi "Quacquarelli Symonds" (QS) konsaltinq şirkəti tərəfindən dərc edildiyindən universitetlərin reytinqi mediada QS adlanır.
Elə bir çox ünlü müəssisə və təşkilatlar bir neçə il öncədən hər hansı mütəxəssisin hazırlanması üçün QS reytinqi yüksək olan ali təhsil ocaqları ilə müqavilə imzalayır.
Dünyanın ən yaxşı ali təhsil ocaqları QS reytinqində elmi tədqiqat sahəsindəki nüfuzuna, professor-müəllim heyətinin tələbələrin sayına nisbətinə, iş təklif edən qurumların etibarlılığına, sitat gətirmə indeksinə, xarici müəllim və tələbələrin sayına görə təyin edilir. Bu altı kriteriyadan hər hansı biri çatışmadıqda universitetlərin QS reytinqi hazırlanmır.
Qeyd edək ki, 2013-cü ildə QS tədqiqatında 700-dən artıq ali təhsil ocaqları iştirak edib. Onlardan 18-i Rusiyanı təmsil etsə də yalnız biri TOP-200-ə daxil ola bilib.
Buna baxmayaraq Rusiya höküməti hər il öz ali təhsil ocaqlarının qarşısına ambisiyalı məsələ qoyur, yəni 2020-ci ildə onlardan ən azı 5-i ən yaxşı yüzlüyə daxil olmalıdır.
Azərbaycanda isə bu cür məsələnin ali təhsil ocaqlarının qarşısında qoyulub qoyulmaması haqda informasiya yoxdur. Lakin aydındır ki, QS reytinq tədqiqatında ali məktəblərin iştirak etməsi ölkəmiz üçün vacib ola bilərdi.
Amma problem ondadır ki, indi ölkəmizin bir çox ali təhsil müəssisələrinin nəinki dünya reytinqində yer tutmasından danışmaq olar, hətta onların bir çoxu ən minimal standartlara cavab vermir və fəaliyyətləri demək olar formal xarakter daşıyır. Bunu yaxın günlərdə bağlanan İctimai-Siyasi Universitetlə bağlı rəsmi məlumatdan da gördük. Təsəvvür edin, rəsmi məlumatdan belə məlum olurdu ki, bu universitetdə aparılan araşdırmalar nəticəsində orada tədrisin formal xarakter daşıdığı, kafedraların mövcud qaydalara uyğun təşkil olunmadığı məlum olub.
"Unikal"a daxil olan məlumata görə, bu, yalnız İctimai-Siyasi Universitetə xas problem deyil. Onun kimi bir çox ali məktəbin varlığı da formal xarakter daşıyır, bu universitetlərdə yüksək təhsil imkanlarından danışmaq mümkün deyil. Həmin ali məktəblərin də bağlanmaq ehtimalının kifayət qədər yüksək olduğuna dair iddialar səslənir.
Dünən bu istiqamətdə yayılan məlumata görə, Azərbaycanda daha bir neçə özəl ali təhsil müəssisəsinin fəaliyyətinə xitam verilə bilər. Belə ki, İctimai-Siyasi Universitetin lisenziyasız qalmasının ardınca analoji qərar Bakı Biznes, Asiya təhsil ocaqlarını da gözləyir. Bu məlumatı verən mənbənin sözlərinə görə, həmin ali məktəblərdə yoxlamalara başlanılıb, təhsilin keyfiyyətinin qiymətləndirilməsi, yəni akkreditasiya prosesinə start verilib. Yoxlamalar davam edir və adıçəkilən ali məktəblərdə qanun pozuntuları, maddi-texniki bazanın vəziyyəti ilə bağlı qüsurlar, tədris işinin təşkilində kobud çatışmazlıqlar aşkarlanıb. Mənbə qeyd edib ki, hazırda yoxlamalarının nəticəsi olaraq qərar veriləcək. Eyni zamanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2013/2014-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi statistik təhlilində Bakı Biznes Universiteti, Bakı Qızlar Universiteti kimi ali məktəblər Azərbaycan İctimai Siyasi Universiteti ilə təxminən eyni reytinqə malikdirlər.
Təhsil eksperti Etibar Əliyev də deyib ki, bu cür ali məktəblərin fəaliyyətinin dayandırılmasının vaxtıdır. Artıq keçmiş nazir Misir Mərdanovun dövründə himayə olunan bu ali məktəblərin bağlanması real görünür. Hələ neçə il öncə Təhsil Nazirliyinin həyata keçirdiyi məqsədyönlü yoxlamalar zamanı testdənkənar qəbulun, imtahanlarda rüşvət hallarının bəzi özəl universitetlərdə adi normaya çevrildiyi aşkar olunmuşdu.
Bu səbəbdən də öncə Müstəqil Azərbaycan Universiteti, Moskva Dövlət Açıq Universiteti, sonra isə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldı. Həmçinin Təhsil Nazirliyinin ali təhsil müəssisələrində tədrisin keyfiyyəti ilə bağlı apardığı monitorinq zamanı "Odlar Yurdu" Universitetində də ciddi nöqsanlar aşkarlanmışdı.Artıq aydın görünür ki, ölkədə ali məktəblərin fəaliyyəti ilə bağlı ənənəvi prinsiplərdən imtina edilməli, kimlərinsə himayəyə götürüb onlara az qala öz qohum-əqrəbasından ibarət ali məktəb yaratması siyasətinə son qoyulmalıdır. Universitetlər qarşısında yüksək vəzifələr qoyulmalı, onların qısa zamanda beynəlxalq təhsil standartlarına uyğunlaşmaq göstərişi verilməlidir.
İctimai-Siyasi Universitetin qapadılması ilə başlanan prosesi də məhz bu mənada başa düşmək lazımdır. Prosesin nə qədər uğurla davam etdiriləcəyini isə zaman göstərəcək. Odur ki, yaşayıb görərik.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53