Bağdaddan SOS: İŞİD nüvə silahına yaxındır?
12:52 11-07-2014
İQTİSADİYYAT
Bağdaddan SOS: İŞİD nüvə silahına yaxındır?
"İraq Şam İslam Dövləti" (İŞİD) İraqın şimalında universitetdə elmi araşdırmalar üçün istifadə edilən nüvə materiallarını ələ keçirib. lenta.ru saytının verdiyi məlumata görə, bu barədə İraq hakimiyyəti Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi məktub yazıb.
İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli Əl-Hakim qurumun baş katibi Pan Gi Muna Mosul universitetində təxminən 40 kiloqram uran birləşməsinin saxlanıldığını bildirib. "Terror qruplaşmaları hakimiyyətin nəzarətindən çıxan obyektlərdə nüvə materiallarını əl keçirib. Bu kütləvi qırğın silahının istehsalında istifadə edilə bilər",– məktubda deyilir.
Səfir terrorçular tərəfindən nüvə materiallarının istifadəsi təhlükəsinin qarşısını almaq üçün kömək edilməsini xahişi edib.
ABŞ-dakı bir mənbə isə bildirib ki, bu zənginləşdirilmiş uran deyil və ondan nüvə silahı üçün istifadə etmək çətindir.
Bundan əvvəl isə BMT-yə İraqın paytaxtı Bağdadın şimal qərbindəki kimyəvi silah zavodunun İŞİD tərəfindən ələ keçirildiyi barədə məlumat verilib. Məlumatda İraq hökumətinin bölgədəki təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbiylə buradakı kimyəvi silahların məhv etmə sözünü yerinə yetirə bilməyəcəyi qeyd edilib.
Səddam Hüseyn rejimi dövründən qalan kimyəvi zavodlarda müxtəlif zəhərli kimyəvi maddələr və ya qalıqların olduğu parçalar olduğu ifadə edilib.
Qeyd edək ki, Mosul və ətrafını sürətli bir şəkildə ələ keçirən və Bağdadı təhdid edən İŞİD 29 iyunda İraqda xilafət dövləti qurduğunu elan edib.
Kürdlər Bağdadın
tabeliyindən çıxır
İraq Kürd Regional Rəhbərliyi (İKRR) kürd dövləti qurmaq məqsədi ilə mərkəzi Bağdad idarəçiliyindən çıxmaq qərarı verib.
Belə ki, İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı İraqda daha da irəlilədiyindən və Şimali İraqda müstəqil kürd dövlətinin yaradılması üçün referendum qərarı verildiyindən rəsmi Bağdad İKRR ilə əlaqələri kəsib. İraq baş naziri Nuri Əl-Maliki Ərbili "terror mərkəzi" adlandırıb, bu səbəbdən İKRR kürd nazir, millət vəkili və diplomatlarına Bağdadı tərk etmək əmri verib.
Kürdüstan Demokratiya Partiyası (KDP) funksioneri Bağdadı tərk etmək və bu şəhərə qayıtmamaq qərarını kürd rəhbərliyinin verdiyini açıqlayıb. Həmçinin bu qərara görə bölgənin ikinci ən böyük partiyası KYB və digər qruplaşmalara xəbərdarlıq ediləcəyini bildirib.
İŞİD-ə qarşı peşəkar
azərbaycanlı ordusuna
onlar da qoşuldu
Kərkük Türkmanları İŞİD-ə qarşı peşəkar ordu yaradıblar.
Türkmanlara yaxın media xəbər verir ki, sözügedən ordunun yeni fotoları yayılıb. Hətta zirehli texnikanın da görüntüləri qeydə alınıb.
Ən diqqət çəkən məqamsa, Cənubi Azərbaycandan azərbaycanlıların könüllü şəkildə bu orduya qatılmasıdır. Bu fotolar ətrafında sosial şəbəkələrdə açılan müzakirələrdə Kərkük türkmanları eyni dəstəyin Azərbaycandan da gəlməsini gözlədiklərini açıqlayırlar.
İŞİD tutduğu ərazini idarə edə biləcəkmi?
Kiçik, amma fanatlardan ibarət "İslam və Şam İslam Dövləti" (İŞİD) ordusunun Suriya və İraqda zəbt etdiyi böyük əraziləri idarə etməyə gücü çatacaqmı?
Bu yaxınlarda "İslam dövləti" adını qəbul etmiş İŞİD iyun ayında İraqın ikinci böyük şəhəri olan Mosulu və Fərat çayı vadisini işğal etdikdən sonra Bağdadın ətrafınadək irəliləyə bilib.
İŞİD-in tutduğu ərazilərdə ən sərt şəriət qanunları tətbiq olunmaqdadır.
Təhlilçilər qeyd edir ki, əraziləri tutmaq bir işdir, ancaq onları idarə etmək tamam başqa bir işdir.
Suriya və İraq hökümətlərinin indiki zəif durumu nəzərə alınmaqla İŞİD qüvvələri yaxın zamanlarda tutduqları ərazilərdən qovulacağına oxşamır.
Bəs onlar ələ keçirdikləri əraziləri idarə edə biləcəklərmi? Bu sualın cavabı yerli tayfaların dəstəyi, iqtisadi amillər, yanacaq və suya çıxış, "xilafət"in rəhbər şəxslərindən, özünü xəlifə elan etmiş Əbu Bəkr əl-Bağdadinin rəhbər keyfiyyətlərindən və bu kimi digər amillərdən asılıdır.
"İraqdan sonra İŞİD İranın üzərinə göndəriləcəkdi"
AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev İranın İraqda İŞİD-ə qarşı mübarizəyə cəlb olunması ilə bağlı məsələyə münasibət bildirib. E.Mustafayev qeyd edib ki, İŞİD-in İraqda ortaya çıxması və mobil şəkildə bu əməliyyatları həyata keçirməsi sual doğurur.
AMİP rəsmisi hesab edir ki, təşkilatın Yaxın Şərqdəki fəaliyyətləri adi iş deyil, bu uzun hazırlıq prosesi çəkən əməliyyatlardır. İŞİD-in şiələrin üzərinə getməsinin bir çox suallar ortaya çıxardığını deyən Elşən Mustafayevin sözlərinə görə, regionda şiə rejimlərinin hakimiyyətdə olduğu əsas ölkələr İran və Suriyadır: "İŞİD-in bu gün məhv edilməməsinin səbəbi onun Suriya və İranla hansısa konfliktləşməyə qədər gətirib çıxarılmasına xidmət edir. İŞİD-in İraqda baş verənlərin kənarına çıxması ehtimalı böyükdür. Bu kənarları da İran və Suriya təşkil edir. İran ona görə də təhlükəsizliyini təmin etmək üçün dərhal reaksiya verdi. Hətta Maliki hökumətinə müəyyən qismdə hərbi yardım da göndərib. İŞİD-in həmin ölkələrin üzərinə hansı qüvvələrin göndərdiyini demək mümkün deyil. Çünki heç bir dövlət açıq şəkildə etiraf edib İŞİD məsuliyyətini öz üzərinə götürmür. Amma birmənalı şəkildə təşkilatın İraqdakı fəaliyyətində yararlanmağa çalışan qüvvələr var. Həmin qüvvələrin marağında İŞİD-in əlilə digər rəqiblərini zəiflətmək də var. İranın İraqda proseslər başlayan kimi məsələyə dərhal reaksiya verməsi onu göstərir ki, hadisələrin növbəti mərhələsində İŞİD-in bu ölkəyə çevrilməsi ehtimalı var. Amma İŞİD-in əlində hər nə qədər güc olsa da o bir dövlət gücündə deyil. İstək olsaydı, təşkilatı məhv etmək mümkün idi. Yəqin ki, yaxın gələcəkdə də İŞİD-in yaratdığı suallara cavab verə bilməyəcəyik".
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53