Cəmil Həsənli məxfi görüşlərə başlayıb
13:01 11-07-2014
CƏMİYYƏT
Cəmil Həsənli məxfi görüşlərə başlayıb
Milli Şura sədri İsa Qəmbərin ətrafını boşaltmaqla 2015-də müxalifəti parçalamaq üçün hərəkətə keçib
Məlum olduğu kimi, iyunun13-də Müsavat Partiyasının təşəbbüsü ilə Milli Strateji Düşüncə Mərkəzi yaradılıb. Bu qurum yaradılandan sonra müxalifət daxilindəki iki tirəlik və cəbhələşmə daha da dərinləşib.
Bu barədə "Unikal"a daxil olan məlumata görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər özü ətrafında blok yaratmaq istəyir. Mənbənin sözlərinə görə, bunun üçün əsas işi AXP sədri, keçmiş deputat Pənah Hüseyn görür: "Bildiyiniz kimi, bu təşəbbüs Pənah Hüseyndən gəlib. Mərkəzə toplaşan şəxslərlə danışıqları da o aparıb. Burada əsas məqsəd 2015-ci il parlament seçkilərinə kimi özəyində Müsavat Partiyasının olduğu böyük birlik yaratmaqdır. Milli Şuradan ayrılan siyasi partiyaların da bu birlikdə olması üçün səylər göstərilir. Aparılan danışıqlar zamanı digər partiyalardan olanlara parlamentdə yer vədi verilir. Çünki yeni birliyin məqsədi parlament seçkilərində ən azı 25 yer qazanıb fraksiya yaratmaqdır. Bunu isə Müsavat təkbaşına həyata keçirə bilməz. Ona görə də digər siyasi qüvvələrin də dəstəyi lazımdır".
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Strateji Düşüncə Mərkəzinin fəaliyyətini şərh edərkən deyib ki, əməkdaşlıq üçün lazım olan addımlar atlacaq: "Qurum Azərbaycanın taleyi üçün önəmli hesab etdiyi məsələlər üzərində müzakirələr aparır. Bir sıra məsələlər, Urkraynada gedən proseslər, Qarabağ məsələsi və digər mövzularda strateji düşüncə mərkəzində müzakirələr aparılıb və aparılmağa davam edəcək". Qurumun tərkibi ilə danışan Müsavat funksioneri bildirib ki, adıçəkilən təşkilat açıq, şəffaf prinsiplərlə fəaliyyət göstərir. Onun sözlərinə görə qurum üzvləri xüsusi öhdəliklər daşımır.
"Strateji Düşüncə Mərkəzi açıq bir qurumdur. Bu təşkilat öhdəliklər əsasında hüquq və vəzifələr üzərində formalaşmış bir qurum deyil. Strateji Düşüncə Mərkəzinə Azərbaycanın tanınmış siyasətçiləri, partiya rəhbərləri, alimləri politoloqları və digər sahələrdə olan mütəxəssislər daxildir. İsa Qəmbər, Eldar Namazov, Pənah Hüseyn, professor Musayev, Zəfər Quliyevin adlarını çəkə bilərəm". Müsavat rəsmisi onu da bildirib ki, təşkilat siyasi blok deyil. " Ona görə də hansısa siyasi bloklarla əməkdaşlıq etmək barədə indiki mərhələdə danışmaq düzgün deyil". Amma A.Hacılı etiraf etməsə də, Strateji Düşüncə Mərkəzi gələn ildən seçki blokuna çevriləcək.
Maraqlı məqamlardan biri də odur ki, Müsavatın dominatlığı ilə yaradılan bu birlik Milli şuranı, xüsusən də Əli Kərimli ilə Cəmil Həsənlini narahat etməyə başlayıb. "Unikal"ın əldə etdiyi məlumata görə, Milli Şura sədri olan Cəmil Həsənli alternativ bir blokun formalaşmasını istəmir və bunun baş tutmaması üçün cəhdlər göstərir: "Məndə olan məlumata görə, Cəmil Həsənli artıq İsa Qəmbərin ətrafına toplaşan adamlarla məxfi görüşlər keçirir. Hələlik bu görüşlər mümkün qədər gizli saxlanılır. Cəmil Həsənli də görüşdüyü şəxslərdən İsa Qəmbərin yanında yox, Milli Şura çətiri altında seçkiyə getməyin məqsədəuyğun olduğunu bildirir. Hətta bəzi müxalifət nümayəndələrinə müəyyən dairələrlə anlaşdığını da deyir".
Xatırladaq ki, yeni təsis edilən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər və partiyanın Milli Şurada təmsil olunan üzvləri bu qurumda fəaliyyətlərini dayandırıblar. Dünən Milli Şuranın sədri Cəmil Həsənli Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin Milli Şuradan istefasına münasibət bildirib. C. Həsənli açıqlamasında qurumdan istefalara normal baxdığını deyib: "Milli Şura müxalifət düşərgəsinin əsas mərkəzi olaraq bəlli bir yol gedir və bu prosesdə kim hara qədər gedə bilirsə, gedir. Ona görə də buna normal yanaşmaq lazımdır".
Əslində, C.Həsənli bu cür açıqlama verərək özünü siyasi tolerant göstərmək istəyir. Bununla bütün siyasi qüvvələrə müsaj verir ki, guya onlar hər kəsin siyasi xəttinə hörmətlə yanaşırlar. Amma Cəmil Həsənlinin əsas məqsədi odur ki, 2015-ci il parlament seçkiləri ərəfəsində İsa Qəmbər meydanda tək qalsın. Onu da qeyd edək ki, Cəmil Həsənli bunu AXCP sədri Əli Kərimlinin sifarişi ilə həyata keçirir. C.Həsənli isə bunun qarşılığında Milli Şuranın sədri kimi parlament seçkilərinə gedən komandanın lideri kimi təqdim olunmaq istəyir. Bu marağının təmin olunması üçünsə müxalifətin parçalanmasına rəvac verən addımlar atır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14