Siyasi maarifləndirmədə QHT-nin rolu
11:33 15-07-2014
SİYASƏT
Siyasi maarifləndirmədə QHT-nin rolu
Ekspertlər fərqli fikirdədirlər
Bu gün ölkədə siyasi maarifləndirmənin gücləndirilməsi sözsüz ki, cəmiyyətdə siyasi aktivliyin artması ilə tamamlanır.Bu baxımdan siyasi maarifləndirməyə xüsusi önəmin verilməsi çox vacibdir. Bəs hazırda ölkədə siyasi maarifləndirmə hansı yollarla həyata keçirilir? "Unikal"ın apardığı araşdırmalar göstərir ki, hazırda siyasi maarifləndirmə bir neçə istiqamətdə həyata keçirilir.
1. Akademik səviyyədə. Bura Elmlər Akademiyasının müvafiq bölmələri, Universitetlər, o cümlədən Azərbaycan Diplomatiya Akademiyası daxildir.
2. Qeyri Hökümət Təşkilatları vasitəsilə
3. Media vasitəsilə
4. Beyin Mərkəzləri vasitəsilə. Bura həmçinin Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, QHT-lər, KİV-ə dəstək fondları daxildir. Tək bunu demək kifayətdir ki, Prezident yanında QHT-lərə Dəstək Fondunun ayırdığı layihələrin 80 faizi məhz siyasi maarifləndirməyə yönəlib. Ekspertlər də hesab edir ki, əslində siyasi maarifləndirmənin gücləndirilməsi vəzifəsi bir başa vətəndaş cəmiyyətlərinin borcudur. Çünki onlar cəmiyyətlə bir başa təmasda olma imkanlarına sahibdilər və cəmiyyətin yanaşma tərzini öyrənərək buna müvafiq addımlar atmaq daha effektli olur. "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova "Unikal"a açıqlamasında bildirdi ki, öncələr QHT-lərin özləri siyasi proseslərə daha çox müdaxilə etməyə həvəsli idilər və bu da nəticədə siyasi maarifləndirmə ilə məşğul olmağa imkan vermir, əksinə QHT-lər hansısa siyasi partiyaların vassalına çevrilirdilər:" Çox təəssüflər ki, QHT-lər çox gec anladılar ki, onların missiyasi siysətlə məşğul olmaq yox, siyasi maarifləndirmə ilə məşğul olmaq, cəmiyyətin siyasi-ictimai aktivliyini artırmaqdır. Amma hazırda bu problem aradan qalxıb və demək olar ki, bu gün fəaliyyətdə olan təşkilatların 90 faizi məhz siyasi maarifləndirməyə həvəslidir. Bizim təşkilata qaldıqda isə illər ərzində gördüyümüz işin kökündə bu məsələlər dayanır
- Qadınların hüquq və azqadlıqlarını bilmələri
- Siyasi marifləndirməni gücləndirmək
- Qadınların ictimai -siyasi proseslərə cəlbi. Bunu da qeyd edim ki, son iki il ərzində dövlət səviyyəsində də maraqlı addımlar atılıb və qadınların idarəetməyə cəlb edilməsi prosesi başlayıb. Tək bunu demək kifayətdir ki, bu gün əksər rayonlarda icra hakimiyyəti başçısının müavinlərindən biri mütləq şəkildə qadın olur. Bu isə həm cəmiyyətin, o cümlədən qadınların ictimai-siyasi aktivliyini artırmağa yönəli bir prosesdir". Ekspertlər həmçinin hesab edir ki, bu gün cəmiyyətdə siyasi aktivliyin artırılması, maarifləndirmənin təmini üçün QHT sektoru həm də informasiya bolluğunda vətəndaşların daha doğru istiqamətə yönəlməsinə dəstəkçi olmalıdırlar. Bunu da qeyd edək ki, Azərbaycanda QHT-lərə xüsusi qayğı olmamışdan öncə bu təşkilatların həyata keçirdikləri maarifləndirmə işləri xarici qüvvələr tərəfindən müəyyənləşirdi və sözsüz ki, ortada başqa məqsədlər də olurdu. İndi isə durum dəyişib.Amma yenə də hesab edirlər ki, QHT-lərin bu istiqamətdə ki, fəaliyyətləri razı salacaq həddə deyil. Amma "Unikal"a açıqlama verən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bununla razı deyil:" Mən o fikirlə razı deyiləm ki, QHT-lər daha çox praktik layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Bu gün 3 mindən çox rəsmi, təxminən 200-300-dən çox QHT qeyri-rəsmi fəaliyyət göstərir. QHT-lər bu gün həm daxildən, həm də xaricdən maliyyələşirlər. Azərbaycanda kifayət qədər ictimai-siyasi aktivliyin artırılması istiqamətində layihələr həyata keçirilir. Bizim özümüz də bu cür layihələr həyata keçirmişik və növbəti seçkilərdə bu cür layihələrin həyata keçirilməsini davam etdirəcəyik. Əhalinin seçki maarifləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Mənim məlumatıma görə QHT-lərə Dövlət Dəstəyi Şurası bu il 30-dək layihəni bələdiyyə seçkiləri ilə bağlı maliyyələşdirib.Burdan məlumdur ki, hökumət özü də əhalinin seçki ilə bağlı maariflənməsini, ictimai-siyasi aktivliyin artmasında maraqlıdır. Azərbaycanda 100-dən artıq QHT var ki, ictimai-siyasi proseslərlə bağlı institutlaşıblar. Seçkilərlə bağlı monitorinqlər keçirirlər.Qeyd edim ki, bu gün maarifləndirmə işini həm də dövlət aparır. Azərbaycanda qəzetlər, telekanallar var, online media qurumları fəaliyyət göstərir. Yeni media vasitələri yaranır ki, belə maarifləndirmə şəraitində Azərbaycan nəinki Avropaya, dünyaya qapalı qala bilməz. Bu gün Azərbaycan vətəndaşları sosial şəbəkələrin demək olar ki, mütləq əksəriyyətindən istifadə edirlər. Baş verən hadisələr anba-an yenilənərək sosial şəbəkələrdə yayımlanır. Azərbaycanda təkcə 1 milyon 400 min Azərbaycan vətəndaşı faceboook sosial şəbəkəsindən istifadə edir. Bu onu göstərir ki, insanların siyasi baxımdan söz deməsi üçün tribuna var".Amerika-Azərbaycan Gənclər Birliyinin sədri Vüqar Əhmədovda "Unikal"a açıqlamasında QHT-lərin rolunu aydınlaşdırıb:"
Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında vətəndaş cəmiyyətinin rolu gündən- günə artır. Əvvəllər cəmiyyət informasiyanı ənənəvi mətbuat və qəzetlərdən alırdısa, bu gün artıq QHT-lərin fəal olduğu məkan, internet və sosial şəbəkələr ictimai fikrin formalaşmasında mühüm rol oynamağa başlamışlar. Sözsüz ki, QHT-lərin siyasətlə məşğul olması birbaşa fəaliyyət kimi qadağandır. Lakin bu gün QHT-lər cəmiyyətdə gedən ictimai-siyasi proseslərə təsir etmə, ictimai fikrin formalaşması baxımından mühüm roy oynayır. Digər tərəfdən QHT-lərin bu gün əsas fəaliyyəti əhalinin maarifləndirilməsi, siyasi dünyagörüşünün artırılmasında iştirak etməkdir.
Bunlarla yanaşı hesab edirəm ki, bu gün QHT-lər cəmiyyətdə sivil və siyasi dialoqun formalaşmasında və inkişafında daha çox rol oynaya bilər. Bunun üçün birinci növbədə QHT nümayəndələrinin dövlət idarəetmə prosesində və qanunvericilik sahəsində iştirakının artırılmasına şərait yaradılmalıdır".Apardığımız araşdırmalar zamanı maraqlı bir nüans da ortaya çıxdı və bunu xüsusi ilə qabartmaq lazımdır. Söhbət ondan gedir ki, bu gün siyasi maarifləndirməni həyata keçirtmək üçün media institutları ilə vətəndaş cəmiyyəti üzvləri arasında bir uçurum var. Belə ki, media QHT-lərin fəaliyyətinə o qədər yer ayırmır və arqument bundan ibarətdir ki, dövlətdən qrant alan təşkilatlar mediaya lazımi qədər vəsait ayırmırlar. Buna görə də təklif edilir ki, hansısa QHT bir layihəni həyata keçirən zaman aldığı vəsaitin bəlli bir faizini məcburi şəkildə mediaya sərf etsin. Bununla yanaşı ekspertlər düşünür ki, bu gün siyasi maarifləndirmə ilə yanaşı, siyasi aktivliyin artması üçün də siyasi qüvvələr müəyyən addımlar atmalıdırlar. Məsələn, bir müddət öncə həbsdən azad edilən Ramil Səfərovla bağlı siyasi qüvvələr bir araya gəldilər və bu addımı dəstəklədilər. Amma başqa məsələlərə gəldikdə isə bu gün müxalifət o qədər fraksiyaçılığa meyillidir ki, cəmiyyəti maraqlandıran ümumi məsələlərdə belə bir araya gəlməyi məqbul saymır, bu isə özlüyündə ölkədəki siyasi mühitin aktivləşməsinə mənfi təsirini göstərir. Bunun da nəticəsidir ki, bu gün elə müxalifətin özü ilə cəmiyyət arasında bir uçurum yaranıb. Müşahidəçilər hesab edir ki, nə qədər ki, belə fraksiyalaşma davam edəcək, cəmiyyt də bir o qədər gözləmə mövqeyində duracaq. Bunu da qeyd edək ki, hazırda Avropada, ABŞ-da əhalinin siyasi aktivliyində elə müxalifətin böyük rolu var və onlar hakimiyyətlə əməkdaşlığı bacarır.Bununla da cəmiyyətdə bir dialoq atmosferi formalaşdırmaqla ümumilikdə siyasi maarifləndirməyə şans qazandırırlar.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53