Ermənistanın təxribatı baş tutdu
10:33 16-07-2014
İQTİSADİYYAT
Ermənistanın təxribatı baş tutdu
Zamanında Müdafiə Nazirliyinin susması çıxılmaz vəziyyət yaratdı
Artıq iki gündür ki, iki Azərbaycan vətəndaşı Ermənistanda girovluqdadır. Öncə Ermənistan tərəfi bəyan etdi ki, Azərbaycan ordusuna məxsus kəşfiyyat qrupu Kəlbəcər istiqamətindən Ermənistana daxil olublar. Hətta buna görə Ermənistanın Vardenis rayonunda bir neçə günlük təşvişin yarandığı, ordunun hazırlıq vəziyyətinə gətirildiyi söylənilirdi.
Ermənistan tərəfinin bu şəkildə ajiotaj yaratması ilk günlərdə sona qədər anlaşılmadı. Azərbaycan tərəfi daha çox susmağa üstünlük verdi və bununla da mücərrədliyi daha da artırdı. Əslində bu Müdafiə Nazirliyinin yenə də informasiya savaşında artıq məğlubiyyəti idi. Xatırlayırsınızsa bir neçə ay öncə Tovuz bölgəsindən sərhədi keçən bir erməni yaxalandı. Bundan istifadə etməyə çalışan Müdafiə Nazirliyinin bəzi "ağıllıları"bəyan etdilər ki, yaxaladıqları diverssant olub və ordu tərəfindən tərkisilah olunub. Amma bir gündən sonra aydın oldu ki, saxlanılan erməni sadəcə olaraq ruhi xəstədir. Bununla da Müdafiə Nazirliyi gülünc vəziyyətə düşdü və bir aydan sonra həmən ruhi xəstəni azadlığa buraxdı. Hazırda isə eyni proses təkrarlanır və bu dəfə ermənilər daha ciddi ajiotaj yaratdılar və anlaşılan budur ki, üstünlüyü əldə ediblər. Belə ki, hələ bir neçə gün öncə Ermənistan tərəfinin belə ajiotaj yaratmasını Müdafiə Nazirliyi ciddi təhlil etməli idi və qabaqlayıcı addımlar atmalı, ən azından Azərbaycan ordusunun belə bir əməliyyat etmədiyini bəyanlamalı idi. Amma bunu etmədilər. Gözlədilər. Ermənistan tərəfi isə informasiya bazası yaradandan sonra həbs etdikləri iki azərbaycanlını mediaya çıxartdılar. Düzdür, ilk andaca məlum oldu ki, bu şəxslərin heç biri hərbçi deyil və gecdə olsa Müdafiə Nazirliyi də bunu təsdiqlədi. Aydın oldu ki, həbs olunan hər iki şəxs sıravi vətəndaşdırlar və Kəlbəcərdən olduqları üçün hazırda işğalda olan öz kəndlərinə getmək istəyiblərmiş. Amma ermənilər öncədən ciddi informasiya bazası yaratdıqlarından indi bu şəxslərin hərbçi olmadığını sübut etmək üçün xeyli çətinliklər yaşamalı olacağıq. Tək bunu demək kifayətdir ki, həbs olunan şəxslərlə indiyə qədər Qırmızı Xaç Cəmiyyəti görüş keçirə bilməyib. Çünki Ermənistan tərəfinin öncədən yaratdığı ajiotaj səbəbindən bu hələki mümkünsüz deyil və itirilən hər gün girovluqda olan azərbaycanlıların həyatı bahasına sona çata bilər. Məsələnin digər tərəfi isə bu şəxslərin rahatlıqla sərhədi keçməsidir. Belə bir sual çıxır, əgər sərhəd bölgələri qorunmursa və iki azərbaycanlı qarşı tərəfə keçə bilirsə, eyni formada erməni divversantları biz tərəfə keçərsə onun qarşısı necə alınacaq? Görünən budur ki, Kəlbəcər bölgəsində nəzarət zəifdir və nəticədə belə olay yaşanır. Ən təəccüblüsü isə budur ki, apardığımız araşdırmalar göstərir ki, məhz bu bölgədən dəfələrlə azərbaycanlılar Kəlbəcər tərəfə keçiblər və olduqları yerləri videoya çəkərək sosial şəbəkələrdə yerləşdiriblər. Sözsüz ki, bütün bunları erməni tərəfi görürmüş və nəticədə bu cür ajiotajlı bir olay yarada bildilər. Bəs nədən, indiyə qədər Müdafiə Nazirliyi və digər strukturlar bu olayları nəzarətə götürməyib, düşmən tərəfə keçərək video yazıları sosial şəbəkələrdə yayanlarla profilaktik söhbətlər aparmayıblar?. Görünür,suallar çoxdur və hələ ki, real cavab verən tərəf yoxdur. Maraqlıdır, bəs girovluqda olan hər iki azərbaycanlının geri qaytarılması mümkün olacaqmı? Ekspertlər hesab edir ki, hər iki şəxslə bağlı yayılan videolar da təsdiqləyir ki, onlar hərbçi olmayıblar və beynəlxalq qanunvericiliyə görə mülkü şəxslərin bu şəkildə saxlanılması yolverilməzdir. Çox böyük ehtimal ki, beynəlxalq təşkilatların ciddi şəkildə işə qarışmalarından sonra onları azad etmək mümkün olacaq. Bununla yanaşı, Azərbaycan sərhədini keçən ermənilərdə olub və onların dəyişdirilməsi prosesi də ola bilər. Amma Azərbaycan tərəfi indi daha çox aktivləşməli və beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdırlar. Əks təqdirdə bu şəxslərin girovluqda qalmaları uzana bilər. Bunu da qeyd edək ki, bundan öncədə belə anoloji hallar baş vermişdi və aparılan danışıqlardan sonra həmin şəxslər ya azad olunmuşdular, ya da üçüncü bir ölkəyə təhvil verilmişdilər.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17