Deputatlar:
Deputatlar: "O iki kəlbəcərlinin doğma yurda getməyə haqqı var,
ermənilər girovları geri verməlidir"

Məlum olduğu kimi, bir neçə gün öncə Kəlbəcərdə ermənilər iki kəlbəcərlini girov götürüblər. Bundan sonra məlum olub ki, əslində Dilqəm Əhmədov və Şahbaz Quliyev Kəlbəcərə, öz dədə-baba yurdlarına illərdir gedib-gəlir, hətta öz doğma yurdlarında videoçəkiliş də aparırlarmış.
İndi hər kəsi bir sual düşündürür: İki mülki vətəndaşın işğal altında olan torpaqlarımıza vaxtaşırı baş çəkməsi nə dərəcədə doğrudur? Unutmayaq ki, torpaqlar düşmənin nəzarəti altındadır. Belə olan təqdirdə təbii ki, mülki vətəndaşın həyatı təhlükə altında qalır. Modern.az deputatlardan bu məsələyə münasibət öyrənib.

"Kəşfiyyatdan söhbət gedə bilməz"
YAP icra katibinin müavini Siyavuş Novruzovun fikrincə, iki kəlbəcərlinin geri qaytarılması üçün beynəlxalq təşkilatlar lazımi addımlar atmalıdır: "İki kəlbəcərli öz torpaqlarına qeyri-qanuni getməyib. Kəlbəcər onların ata-baba torpaqlarıdır. Məqam çatanda onlar öz topaqlarına gedirlər, əgər ata-baba məzarları qalıbsa, oranı ziyarət edirlər, oxuduqları məktəblərə baş çəkirlər, yaşadıqları evlərə baxırlar. Bir növ ora gedərkən mənəvi təskinlik tapırlar. Ona görə də burda hər hansı bir diversiyadan, kəşfiyyatdan söhbət getmir. Sadəcə olaraq, öz vətənlərinə, torpaqlarına baş çəkiblər. Burda da qeyri-qanuni heç nə yoxdur. Bundan başqa, ermənilərin öz torpaqlarına gedən mülki şəxsi mühakimə etmək hüquqları yoxdur. Çünki o torpaqlar Azərbaycanındır. İstənilən azərbaycanlının öz ərazisinə getməyə tam hüququ çatır. O baxımdan qarşı tərəf buna damğa vura bilməz. Əgər erməni o əraziya keçərsə, bu artıq diversiyadır. Hesab edirəm ki, Qızıl Xaç, Qızıl Aypara cəmiyyətləri, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunu həmsədrləri həmin insanların geri qaytarılması üçün lazımi addımlar atmalıdır"

"Onlar kəşfiyyatçı deyillər"
Deputat Flora Qasımovanın sözlərinə görə, işğal altında olan torpaqlara mülki şəxslərin getməsi təhlükəlidir: "Əvvəla, işğal olunmuş torpaqlara mülki vətəndaşların getməsinə ermənilər başqa ad qoyacaqlar. Onlar iddia edə bilər ki, guya üstlərində partlayıcı maddə olub, diversiya məqsədilə gəliblər. Halbuki, dədə-baba torpaqlarımıza getməyə hamımızın hüququ çatır. Mən də Xankəndidənəm. Risk edib ora gedə bilərəmmi? Hər halda, iki müki şəxs geri qaytarılmalıdır. Əvvəla, Azərbaycan ordusunda xidmət etmirlər, kəşfiyyatçı deyillər. Sadəcə, mülki vətəndaşdırlar. Bu yaxınlarda onlardan mülki vətəndaş gəlməmişdi? Biz onu yoxlayıb geri qaytardıq. Üstəlik, o erməni sərhədi pozub gəlmişdi. Bizim Kəlbəcərdən olan mülki vətəndaşlarımız isə öz dədə-baba torpaqlarına gediblər".

"Mülki vətəndaşa xəsarət yetirmək olmaz"
Qarabağ müharibəsi veteranı Ülvi Quliyev mülki vətəndaşların öz torpaqlarına getməsini məqbul hesab edir: "İşğal olunmuş ərazilərimiz bizim doğma yurd yerimizdir. Ona görə də hər bir mülki vətəndaşın öz torpaqlarına getmətə hüququ çatır. Sadəcə olaraq, bu mülki vətəndaşların həyatı üçün təhlükədir. Ermənilərin necə millət olduğu bəllidir. Baxmayaraq ki, müharibənin öz qayda qanunları var, mülki vətəndaşlara heç bir xəsarət yetirilməməlidir. Ermənilər isə bu cür məsələlərə əməl etmirlər".

"Ermənilərlə sülh bağlamamışıq"
Elman Məmmədov da mülki vətəndaşların işğal altında olan torpaqlara getməsini təhlükəli hesab edir: "Biz işğal altında olan torpaqlarımızı ermənilərə könüllü icarəyə verib gəlməmişik ki, istəyəndə ora gedib, gələk. Ermənilər torpaqları işğal ediblər. Bu gün kimsə deyir ki, torpaqları görməyə, gəzməyə gedirəm. Təbii ki, düşmən tərəfindən öldürülə də bilər. Biz ermənilərlə sülh bağlamamışıq, torpaqlarımız azad olunmayıb. Kəlbəcərli həmvətənlərim bir şeyi bilməlidirlər ki, torpaqlarımızı ermənilərdən azad edənə qədər oralara getmək ağlasığmazdır. Əlbəttə, mənim də ürəyimdən keçir ki, öz dədə-baba yurduma gedim. Torpaqlarımız isə mütləq işğaldan azad olunacaq, bizim ikinci yolumuz yoxdur".
Namidə BİNGÖL