AXCP növbəti dəfə müxalifət düşərgəsində çaxnaşma yaratdı
11:21 17-07-2014
İQTİSADİYYAT
AXCP növbəti dəfə müxalifət düşərgəsində çaxnaşma yaratdı
Cəbhəçilər ADP sədirini zaldan qovdular
Sərdar Cəlaloğlu: "Məni fitə basmağı Əli Kərimli tapşırmışdı"
Məlum olduğu kimi, Azərbaycanda milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilatın - Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 25 il ötür. AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib.
Xatırladaq ki, AXC-nin ilk sədri Əbülfəz Elçibəy olub. Təsis konfransında 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb. İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümbətov İdarə Heyətinin ilk üzvləri olublar. Bu gün Azərbaycanda fəaliyyət göstərən partiyaların bir çoxu vaxtilə AXC-nin bazasında yaradılıb. Hərəkatda olan siyasətçilərin əksəriyyəti sonradan özlərinin ayrıca partiyasını yaradıblar. İndi isə AXC şinelindən çıxan partiyalar arasında düşmənçilik var.
"Unikal"ın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Azərbaycan Xalq Cəbhəsinin (AXC) 25 illiyi münasibətilə keçirdiyi tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun çıxışı narazılığa səbəb olub. Tədbirdə çıxış edən S.Cəlaloğlu bildirib ki, Azərbaycanda xalq hərəkatı ilə bağlı bütün məsələləri AXC lideri Əbülfəz Elçibəyin adı ilə bağlamaq düzgün deyil: "Məsələn, dövlət dilinin Azərbaycan dili elan olunması 1956-cı ildə İmam Mustafayevin adı ilə bağlıdır". Bu vaxt AXCP üzvləri səs-küy salaraq onun çıxışına etiraz ediblər. Onlar "Rəsulzadə-Elçibəy" şüarı səsləndiriblər. S.Cəlaloğlu isə narazılığını bildirərək, izah etməyə çalışıb ki, Azərbaycanın dövlətçilik tarixinin də Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlanması doğru deyil: "Çünki bizim dövlətçilik tariximiz Xiyabanidən başlayır". AXCP üzvləri isə yenidən etiraz etdikdə, S. Cəlaloğlu çıxışını yarımçıq kəsərək zalı tərk edib.
Bu barədə "Unikal"a açıqlama verən S.Cəlaloğlu deyib ki, ayağını yerə döyüb, fit çalanlar uşaqlar olub: "Bir dəstə uşaq səs-küy saldılar. Amma mənim onlara yazığım gəldi. AXCP-nin tədbirində məni fitə basmağı əvvəlcədən planlaşdırmışdılar. Əvvəldən çıxışımı yarımçıq kəsməyi tapşırmışdılar. Bir daha əmin oldum ki, 1988-ci ildə necə qaragüruh idilərsə, indi də heç nə dəyişməyib. Mən zaldan çıxanda bir neçə gənc arxamca çıxıb məndən üzr istədilər. Dedilər ki, bütütn bunlar təşkil olunmuşdu. Mən də əminəm ki, məni fitə basmağı Əli Kərimli tapşırmışdı. Bu da onların səviyyəsidir. Bu insanlar elə başa düşürlər ki, Azərbaycan tarixi Əli Kərimlinin hərəkata gəldiyi dövrdən başlayır. Mən öz fikrimi deyəndə isə fitə basdılar, ayaqlarını yerə döydülər. Məni zaldan qovdular". O qeyd edib ki, AXCP son 25 ildə heç bir dəyişikliyə məruz qalmayıb: "Mən çıxışımın əvvəlində qeyd etdim ki, vaxtilə Leyla Yunusu AXC-dən necə alqışlarla qovmuşdularsa, bu gün də həmin alqışlarla qarşılayırdılar. Amma, görünür, tələsmişəm, AXCP heç dəyişməyib, əvvəlki qaragüruhdur. Mən orda Azərbaycan dövlətçilik tarixinin qədim köklərə malik olduğunu, Şah İsmayıl Xətaiyə, Nadir şahla bağlı olduğunu dedim. Amma bu insanlar elə başa düşürlər ki, Azərbaycan xalqı 20 ildir mövcuddur. Elə bil, bu tarix Əli Kərimlinin hərəkata gəldiyi dövrdən başlayır. İmkan vermədilər ki, mən sözümü axıra çatdırım. Bu onu göstərir ki, insanları hissləri ilə idarə edirlər, nəinki ağılları ilə".
Bu barədə "Unikal"a açıqlama verən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib ki, Sərdar Cəlaloğluna qarşı AXC-nin yubileyində göstərilən münasibət təqdir oluna bilməz: "Çünki qonaq dəvət edib sonradan onu fitə basmaq yaxşı addım deyil. Bununla belə bir siyasətçi harada nə danışdığının da fərqində olmalıdır. Həm də deyilən fikirlər mübahisəlidirsə və kimlərinsə əməyinin üstündən xətt çəkməyə yönəlibsə, onun səsləndirilməsi heç düzgün deyil. Düşünürəm ki, S.Cəlaloğluna qarşı belə münasibətə həm də ADP-nin prezident seçkilərində tutduğu mövqe də təkan verib. Görünür AXC üzvləri keçmiş həmkarlarının hakimiyyətlə işbirliyini və onları pis vəziyyətdə qoymalarını unutmayıblar".
AXC İdarə Heyətinin üzvü olmuş Zərdüşt Əlizadə isə daha kəskin fikirlər səsləndirib: "Mən o zaman AXC-nin təsis konfransına böyük ümidlə getmişdim. Düşünürdüm ki, xalqa azadlıq, demokratiya verəcəyik, Qarabağ münaqişəsini həll edəcəyik, hüquqi dövlət yaradacağıq. Amma konfransdan məyusluq içində qayıtdım. "KQB" AXC-ni ələ keçirmişdi. Əbülfəz Elçibəyin dəstəsində olanlardan kimlər ki, sonradan hakimiyyətlə əməkdaşlıq etdi, onlar qabağa çəkildi, bu gün də vəzifədədilər. AXC-nin təsis günü Azərbaycan siyasi tarixində qara ləkədir. Onun yubleyinin keçirilib-keçirilməməsilə bağlı heç nə deyə bilmərəm. Pis adamların da yubileyi olur. Pis adamın qohum-əqrəbaları yığışıb yubiley keçirə bilirlər. Xalq cəbhəsi xalqımızın başına olmazın müsibətlər gətirən bir təşkilatdır".
Bütün bunlar müxalifətin hansı səviyyədə oladuğunu göstərir. Qarşılıqlı hörmət prinsiplərini gözləyə bilməyən düşərgənin məhv olması zərurətdir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20