Ermənilərin girov götürdüyü azərbaycanlılardan xəbər var
Beynəlxalq təşkilatlar hərəkətə keçdi
Ermənilər tərəfindən girov götürülən azərbaycanlıların ailələri rəsmən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib. Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, hazırda BQXK bu məsələ ilə əlaqədar tərəflərlə dialoqu davam etdirir. Qeyd edək ki, BQXK bundan daha öncə bəyan etmişdi ki, Azərbaycanın hakimiyyət orqanları Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycan vətəndaşının saxlanılması haqqında kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər. Azərbaycan tərəfi BQXK-dan məlumatın təsdiqləndiyi halda mandatına uyğun prosedurları həyata keçirməyi xahiş edib.
Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələrində erməni xüsusi təyinatlıları tərəfindən Kəlbəcərin Şaplar kəndində Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlı "diversant"ın tutulduğu və onlara cinayət işi açıldığı barədə məlumat yayılıb.
Bununla bağlı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə bəyan edib ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.
Erməni tərəfinin öldürdüyü bildirilən Həsən Həsənovun ailə üzvləri də Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət edib.Bu barədə Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.
O qeyd edib ki, qardaşı Həsən Həsənov 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub: "Onun Kəlbəcərə getməsindən xəbərsiz olmuşuq. O, bizə dedi ki, Türkiyəyə gedirəm. Sonra mətbuatdan xəbər tutduq ki, orda öldürülən şəxs qardaşımız Həsən Həsənovdur. Mənim qardaşım müharibə başlayandan sonra birinci dəfədir ki, Kəlbəcərə gedib. Həsənin Kəlbəcərə getməsi onun vətənpərvər olması ilə bağlıdır. Həsən taksi sürücüsüdür, yaşadığı Binəqədi rayonunda mağazası var. Onun Kəlbəcərə getdiyi Dilqəm və Şahbaz adlı şəxslərlə əlaqəsinin olduğunu bilmirik".
Beynəlxalq Qırmızı Xaç Komitəsi Kəlbəcərdə girov götürülən Şahbaz Quliyevin vəziyyəti ilə maraqlanır.
Şahbaz Quliyevin gözünün çıxarılması barədə deyilənlərin nə qədər doğru olması barədə sualı cavablandıran Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən bildiriblər ki, hazırda qurum öz xətti ilə araşdırma aparır və ermənilər tərəfindən ona qarşı fiziki xəsarət yetirib-yetirilməməsini öyrənir.Qeyd edək ki, dünən erməni mətbuatında Şahbaz Quliyevin gözlərinin çıxarılması barədə xəbər yayılmışdı. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının kütləvi informasiya vasitələri ölkəsinin Müdafiə naziri Seyran Ohanyanın çıxışına istinadən iddia edirlər ki, guya Azərbaycan ordusu kəşfiyyat-təxribat qruplarına əraziyə yaxşı bələd olan cinayətkar elementləri cəlb etməklə müxtəlif diversiyalar həyata keçirir.
Müdafiə Nazirliyi bildirir ki, səsləndirilən bu fikirlərin heç bir əsası yoxdur: "İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddialarına baxmayaraq bu şəxslər heç bir dövlət sərhəddini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.
Azərbaycan Respublikasına təcavüz aktı etmiş, vətəndaşlarına qarşı divan tutulması siyasətini yürüdən, Xocalı soyqırımının törədilməsində iştirak edən Ermənistan Respublikasının cinayətkar rəhbərliyi, o cümlədən Seyran Ohanyan yaxın vaxtlarda ədalət məhkəməsi qarşısına çıxarılacaq və onların əməllərinə beynəlxalq hüquqi-siyasi qiymət veriləcəkdir".
Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycan Silahlı Qüvvələri mülki şəxsləri, qeyri-peşəkarları cəlb etmədən istənilən döyüş tapşırığını və əməliyyatı yerinə yetirmək üçün bütün imkanlara malikdir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53