İŞİD-in xəlifə elan etdiyi şəxs əslində kim imiş....
11:41 17-07-2014
CƏMİYYƏT
İŞİD-in xəlifə elan etdiyi şəxs əslində kim imiş....
Bu yaxınlarda "İraq və Şam İslam Dövləti" (İŞİD, onun yeni adı İslam Dövlətidir) təşkilatı İraqda zəbt etdiyi ərazilərdə az qala bir əsr əvvəl ölüb getmiş xilafəti bərpa etdiyini bildirdi və yeni xəlifənin kimliyini açıqladı.
Bəs əslində İslam Dövləti təşkilatının lideri və onun xəlifə İbrahim kimi tanınan yeni ələkeçməz başçısı Əbubəkr əl-Bağdadi kimdir?
Bəzi məlumatlara görə, əl-Bağdadi ömrünün bir neçə ilini Əfqanıstandakı ərəb cihadçıları və talibançılar arasında keçirib.
Belə güman edilir ki, əl-Bağdadi Əfqanıstana 1990-cı illərin sonlarında - 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsinin ardınca, bu ölkədə "əl-Qaidə"nin əsasını qoymuş iordaniyalı Əbu Musab əl-Zərqavi ilə birlikdə gedib. Sonralar məhz əl-Zərqavinin qruplaşması İslam Dövləti təşkilatına çevriləcəkdi.
Əsl adı Əhməd Fadil əl-Xəlayilah olan Zərqavi qəddarlığı və cinayətkar əməlləri ilə tanınan birisi idi.
1966-cı il təvəllüdlü Ə.M.əl-Zərqavi bir neçə il İordaniya həbsxanalarında məhbus olub və cəzaçəkmə müddətində - 1980-ci illərdə radikallaşaraq İslam ekstremistinə çevrilib.
Həbsxanadan azad olunduqdan sonra - 1989-1992-ci illərdə Əfqanıstanda mücahidlərin Sovet İttifaqı tərəfindən dəstəklənən Kabil hökumətinə qarşı silahlı mübarizə aparıb və bundan sonra İordaniyaya qayıdıb.
Onu 1994-ci ildə kral Hüseynin İsraillə sülh sazişinin imzalanmasına qarşı qəsd hazırladığına görə yenidən həbs ediblər. Məhkəmə prosesi onu anti-haşimilər arasında məşhurlaşdırıb. əl-Zərqavi 5 il sonra kral Hüseynin ölümü ilə bağlı verilən amnistiyaya düşüb.
Zərqavi Əfqanıstana qayıdıb və deyilənlərə görə, onun Bağdadi ilə birgə həyat və fəaliyyəti başlanıb. Burada o, ərəblərdən ibarət "Cünd əş-Şam" ("Suriya ordusu") təşkilatını yaradıb və Üsamə bin Ladendən nəzərəçarpacaq maliyyə yardımı alıb.
Bu qruplaşma əsasən Kabil və Heratda fəaliyyət göstərirdi.
Ə.M.əl-Zərqavinin qruplaşması minillik mərasimlər əsnasında İordaniyanın iri otellərini və xristian turist məkanlarını hədəfləyən terror aktları planlaşdırmışdı. Lakin İordaniyanın təhlükəsizlik orqanları bu planları önləyə bildi və 1999-cu ildə əl-Zərqavi qiyabi olaraq məhkum edildi. Bağdadinin bu qəsd planında iştirak edib-etmədiyi bilinmirdi, lakin hər halda inanılırdı ki, bu iş onsuz ötüşməyib.
Həm Bağdadi, həm də Zərqavi Əfqanıstanda olduqları illərdə Taliban hərəkatı ilə sıx bağlı idilər. Bağdadi xüsusən də Talibanın təhsil naziri ilə dost idi, hərçənd məktəblərin qadağan edildiyi bir ərazidə onun nəyə nazirlik etməsi də bəlli deyildi.
Belə güman edilir ki, Bağdadi də Talibanın digər müttəfiqləri kimi Əfqanıstanı 11 sentybar terror aktının ardınca bu ölkəyə Amerika qoşunlarının müdaxiləsi zamanı tərk edib.
Şiəliyin qatı düşməni
Zərqavi isə İraqa gedib və sonralar "əl-Qaidə" kimi tanınacaq şəbəkəni qurmağa başlayıb. Bu təşkilat 2006-cı ildə onun ölümündən sonra "İraqın İslam dövləti" təşkilatına çevrilib.
Şərhçilər bildirirlər ki, Bağdadinin əl-Zərqavi ilə ən azı 1999-cu ildən tanışlığı barədə yeni məlumat ciddi nəticələr çıxarmaq imkanı yaradır. İndi qətiyyətlə demək olar ki, xəlifəlik iddiasında olan bu şəxs şiəliyə qarşı sünni ekstremizminin ən erkən oyunçularından biri olub və əslində onun əsasının qoyulmasında iştirak edib.
Bu məlumat həmçinin bin Ladenin xələfi Ayman əl-Zəvahiri ilə Bağdadinin soyuq münasibətlərini izah edir. Zəvahiri Zərqavidən və ona yaxın olanlardan həmişə bədgüman olub. Ayman əl-Zəvahiri Zərqavini qaniçən və qatı məzhəbpərəst birisi hesab edib.
Ayman əl-Zəvahiri
Zəvahiri bu ilin əvvəllərində Bağdadini "əl-Qaidə"dən qovub. Zəvahiri "Cəbhət ən-Nüsrə" təşkilatının "əl-Qaidə"yə tabeçiliyinə çalışdığı bir vaxtda Bağdadi bu təşkilatı İŞİD-ə tabe etdirməyə can atıb. İndi özünü xəlifə elan etməsi isə Bağdadinin daha böyük ambisiyalara malik olduğunu nümayiş edib.
Bu arada Əfqanıstan Talibanının lideri Molla Ömər özünü müsəlman dünyasının lideri kimi görür və iddia edir ki, bu səlahiyyəti ona bin Ladenin özü verib.
Şərhçilər yazırlar ki, Bağdadinin xəlifəlik iddiası onu Talibanla da üz-üzə qoya bilər.
İran hökumətinə bağlı "Press TV" xəbər agentliyi isə bildirir ki, hətta Suriya qiyamçılarını dəstəkləyən nüfuzlu müsəlman üləmaları da yekdilliklə "Bağdadinin saxta xəlifəliyini lağa qoyurlar".
Suriya qiyamçılarının qızğın tərəfdarı sayılan nüfuzlu ilahiyyatçı Yusif əl-Qaradavi də Bağdadinin iddialarını qəbul etmir.
Agentlik xəbər verir ki, Tunisin "əl-Nahda" Partiyasının lideri Rəşid Qannouçi əl-Bağdadinin özünü xəlifə elan etməsini "məsuliyyətsiz və axmaq hərəkət" adlandırıb.
Müsəlman xilafətinin bərpası uğrunda mübarizə aparan "Hizb-ut-Təhrir" partiyası Bağdadinin xuilafətini qeyri-real qurum kimi qiymətləndirib. İran agentliyi iddia edir ki, yeni xəlifəni ifrat sələfilər və təkfirilər lağa qoyurlar.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22