Rauf Mirqədirovun erməni casusluğu ifşa olunur
11:18 18-07-2014
İQTİSADİYYAT
Rauf Mirqədirovun erməni casusluğu ifşa olunur
O, ailəsinin qeydinə qalmağı niyə məhz David Şahnazaryandan xahiş edib?
Özünüz qərar verin: Onu bağışlamaq olarmı…
"Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun cinayət işi üzrə yeni ifşaedici və şok faktlar aşkarlanıb. İki gün öncə bütün bu təfərrüatlarla bağlı birgə bəyanatla çıxış edən Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokrorluğun məlumatında kifayət qədər ilginc məqamlar yer alıb. Həmin məlumatlarla tanışlıq isə bir daha təsdiqləyir ki, kimlərinsə Rauf Mirqədirov haqda "əzabkeş" obrazı yaratmaq cəhdlərinə rəğmən bu şəxs vətəndaşı olduğu ölkənin milli maraqlarını satıb. Bunun başqa adı yoxdur və cümlə məhz belə olmalıydı - SATIB….
Rauf Mirqədirov hələ yenicə həbs olunanda indi aşkarlanan təfərrüatlar hələ çoxlarına bəlli deyildi və bu üzdən də "əzabkeş"in azsaylı tərəfdarlarının çığır-bağırları müəyyən çaşqınlıq yarada bilirdi. Amma istintaq şok faktları aşkarlayıb ictimailəşdirdikcə həmin bağırtılar kəsilməyə və yerini acı təəssüf hissinə buraxmaqdadır. Özünüz diqqət yetirin, vətəndaşlarımız Qarabağ həsrəti ilə alışdıqları, ölkəmizin şəhidlər verdiyi, oğullarımızın artıq torpaq itkisiylə barışmaq istəməyərək öz təşəbbüsləriylə işğal altında olan Qarabağa getdiyi, orada əsir götürüldüyü, gözlərinin çıxarıldığı bir vaxtda yazımızın "qəhrəmanı" Rauf Mirqədirov Tiflisdəki lüks restoranlarda ermənilərlə informasiya mübadiləsində bulunur. İndisə gəlin, Rauf Mirqədirov işindəki yeni təfərrüatlarla tanış olaq:
Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin birgə məlumatında bildirilir ki, hələlik adları açıqlanmayan Azərbaycan Respublikasının vətəndaşları Gürcüstanda olarkən özünü "Samvel" kimi təqdim edən şəxs tərəfindən onlara verilmiş iki diskdə ölkəmizin təhlükəsizliyinə və dövlət maraqlarına toxunan videoçəkilişləri aşkar etdiklərindən həmin diskləri sifarişli poçt bağlaması ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun ünvanına göndəriblər.
Üzərində montaj əlamətləri olmadığı müəyyən edilmiş həmin disklərə baxış keçirilərkən 2009-cu il, fevralın 2-də Tiflisdə Rauf Mirqədirovun Laura Baqdasaryan və Araik Şirvanyan adlı şəxslərlə restoranda danışıqlar aparması və pul vəsaitini alaraq qəbz imzalaması məlum olub.
Müəyyən edilib ki, Rauf Mirqədirov 2008-ci ildən başlayaraq yuxarıda adı çəkilən Baqdasaryan Laura Stepanovnanın rəhbərlik etdiyi "Region" Tədqiqat Mərkəzi ilə əməkdaşlığa başlayıb.
Əməliyyat yolu ilə əldə edilmiş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən həmin mərkəz Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatları arasında, kütləvi informasiya vasitələri sahəsində dünyagörüşləri və siyasi baxışları onları cəlb edən Azərbaycan Respublikası vətəndaşlarını müxtəlif fondların maliyyə yardımı ilə üçüncü ölkələrin ərazisində təşkil olunan konfranslara dəvət edərək əlaqələr yaratmağa çalışır. Əslində isə məqsəd kəşfiyyat-pozuculuq fəaliyyətinə cəlb etmək, maddi maraq zəminində ölkəmizdəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, iqtisadi layihələr, Dağlıq Qarabağ problemi ilə bağlı yürüdülən siyasətdə baş verə biləcək dəyişikliklər barədə məlumatlar toplamaqdır.
"Region" Tədqiqat Mərkəzi tərəfindən jurnalist fəaliyyəti pərdəsi altında 2002-ci ildən başlayaraq, Leyla Yunusovanın təsisçisi və direktoru olduğu, hüquqi qeydiyyatı olmayan "Sülh və Demokratiya İnstitutu" adlı qurumla əlaqələr yaradılıb beynəlxalq donor təşkilatlardan alınan qrant vəsaitləri hesabına maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün Rauf Mirqədirovun Ermənistan Respublikasına səfərləri təşkil edilib. Azərbaycan Respublikasının bir sıra digər vətəndaşlarının məxfi əməkdaşlığa cəlb edilmələrinə ciddi səylər göstərilib.
Müəyyən edilib ki, Rauf Mirqədirov 2008-ci ildə "Fridrix Nauman Fondu"nun təşkilatçılığı ilə Türkiyədə Gürcüstanın və Ermənistanın nümayəndələrinin də iştirak etdikləri konfransda olan zaman Ermənistanın sabiq mili təhlükəsizlik naziri David Şahnazaryan onunla qapalı görüş keçirib. Həmin görüşdən sonra Rauf Mirqədirov öz internet yazışmalarında Laura Baqdasaryana Dağlıq Qarabağ probleminin həlli perspektivləri ilə bağlı David Şahnazaryanın fikirləri ilə razılaşdığını bildirib, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi-texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplayaraq dövlət və hərbi sirri təşkil edən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər əlavə olunmaqla ötürüb. O cümlədən R.Mirqədirov Azərbaycan hakimiyyətinin guya ABŞ-a İrana hazırlanan hərbi müdaxilədə öz ərazilərindən istifadə etməsinə icazə verməsi, ABŞ tərəfindən Bakıda gizli hərbi obyektlərinin tikiləcəyi, Zığ şosesinin betondan hazırlanmaqla yol tikintisinin gələcəkdə İrana hərbi zərbələr endirilməsi zamanı hərbi təyyarələrin uçuş-enmə zolağı kimi istifadə olunması məqsədilə maliyyələşdirilməsi, qeyd olunan ərazilərin və digər hərbi obyektlərin fotoşəkilləri və sxemləri ilə birgə məlumatları ötürüb.
Həmin məlumatlar Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ilə İran arasında mövcud münasibətlərə ziyan vurulması və düşmənçilik münasibətlərinin yaradılması üçün istifadə edilib.
Rauf Mirqədirov Laura Baqdasaryanın tapşırıqları əsasında 2008-2013-cü illərdə dəfələrlə Gürcüstanın "Sadaxlo" sərhəd-buraxılış məntəqəsini keçməklə Ermənistan Respublikasına səfərlər etmiş, orada Laura Baqdasaryan, David Şahnazaryan və erməni milliyyətindən olan digər şəxslərlə görüşlər keçirib.
Rauf Mirqədirovun nə işlədiyi qəzetin rəhbərliyinə, nə müvafiq dövlət orqanlarına, nə də ictimaiyyətə Ermənistana səfərləri və keçirdiyi görüşlər barədə heç bir məlumat verməməsi, həmin səfərlərin aviabiletlərinin Yerevanda fəaliyyət göstərən "Levon travel" şirkəti vasitəsilə alınması, səfərlər zamanı onun təhlükəsizliyinin Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən təmin edilməsi, casusluq fəaliyyətinin ifşa edildiyini güman edərək 2010-cu il, iyulun 29-da təcili olaraq Azərbaycanı birdəfəlik tərk etməklə Türkiyəyə getməsi, həmin ölkədə yaşaması və işləməsini təmin etmək məqsədilə əməkdaşı olduğu "Ayna-Zerkalo" qəzetinin rəhbərliyinin vasitəsilə Türkiyədə akkreditasiya olunması və 2014-cü il 19 aprel, yəni Türkiyədən deportasiya olunduğu tarixədək Azərbaycana qayıtmaması, hətta Türkiyənin müvafiq qurumları tərəfindən akkreditasiyası ləğv edildikdən sonra belə Azərbaycana qayıtmaq niyyətində olmaması və David Şahnazaryan ilə əlaqə saxlayaraq ailəsinin qayğısına qalınmasını xahiş etməsi əməkdaşlıq etdiyi erməni dairələrinə sığındığını ehtimal etməyə əsas verir.
...Və bütün bunlardan sonra özünüz qərar verin: Onu bağışlamaq olarmı....
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53