Girovlarla bağlı rəsmi açıqlama
11:21 18-07-2014
İQTİSADİYYAT
Girovlarla bağlı rəsmi açıqlama
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Kəlbəcər rayonu ərazisində azərbaycanlıların girov götürülməsi ilə bağlı ictimaiyyətin narahatlığını nəzərə alaraq yeni məlumat yayıb.
Girovların sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ gündəlik diqqət mərkəzindədir və onunla bağlı bütün zəruri tədbirlər görülür. Ermənistanın rəsmi dairələrinin yaydığı məlumatların əksinə olaraq bildiririk ki, girov götürülmüş şəxslər 12 avqust 1949-cu il tarixdə qəbul edilmiş Cenevrə Konvensiyalarının himayəsi altındadır və onlarla davranış həmin beynəlxalq sənədlər çərçivəsində olmalıdır. Ancaq Ermənistanın Müdafiə Nazirliyi saxlanılan şəxslər "hərbi əsir deyil" deməkdə haqlıdır. Ona görə ki, həmin şəxslər Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində böyüyüb başa çatmış və ata-babalarının məzarı həmin ərazilərdə qalmış mülki insanlardır. Mülki şəxslərlə isə "Müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust Cenevrə Konvensiyası"nın tələblərinə uyğun davranılmalıdır.
Həmin konvensiyanın 4-cü maddəsində bu dəqiq ifadə edilmişdir. Bu məqam aidiyyəti beynəlxalq təşkilatların da diqqətinə çatdırılıb. Kəlbəcər rayonu ərazisində girov götürülmüş şəxslər erməni tərəfinin iddia etdiyi kimi, heç bir dövlət sərhədini pozmamış və suveren Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış ərazisində olublar.
Əsl sərhəd pozucusu isə 10 yanvar 2010-cu il tarixdə 5 nəfərdən ibarət ailə üzvü ilə «Yeraz» markalı maşınla Ermənistan Respublikasının Naxçıvan MR ilə sərhəd ərazisini keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Gevorkyan Yeqişe Petrosoviçdir. Həmin dövrdə Azərbaycan Respublikası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Gevorkyanla sərhəd pozucusu kimi davrana bilərdi. Lakin, beynəlxalq hüquq normalarına həmişə hörmətlə yanaşmış Azərbaycan Respublikası Gevorkyana və onun ailəsinə münasibətdə humanitar hüquq normalarını əsas götürüb.
Diqqəti çəkən və narahtçılıq doğuran məqamlardan biri isə Ermənistanın rəsmi strukturlarına istinad edən erməni kütləvi informasiya vasitələrində məsələ ilə bağlı ziddiyyətli, bir çox hallarda isə biri-birini təkzib edən məlumatların yayılması, eyni zamanda onların guya bir hərbçini və bir mülki şəxsi öldürməkdə günahlandırılmasıdır. Hətta Dağlıq Qarabağda qurulmuş separatçı rejimin "yetkililəri" bir az da uzağa gedərək bu məsələnin danışıqlar prosesinə ciddi zərbə vuracağı kimi siyasi bəyanatlar verməkdən belə çəkinmirlər. Dövlət Komissiyası bildirir ki, məsələyə kriminal və ya siyasi don geyindirilməsi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlikdir və saxlanılan şəxslərə bu normalarının tətbiq dairəsindən kənar münasibət qəbul edilməzdir.
Bununla yanaşı, Komissiya Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürülmüş azərbaycanlılarla bağlı kütləvi informasiya vasitələrində yoxlanmamış məlumatların yayılmasından da narahatçılığını ifadə edir. Təhlil göstərir ki, hadisə ilə bağlı məlumatlar bir çox hallarda dəqiqləşdirilmədən, tələsik dövriyyəyə buraxıldığı üçün əsas mahiyyətini itirərək sensasiya xarakteri alır. Hətta, girov götürülmüş vətəndaşların qohumu olmayan şəxslərə istinad edilərək guya saxlanılan şəxslərdən birinin onlara Kəlbəcərdən zəng edərək bir nəfərin öldürülməsi, digərinin gözünün çıxarılması barədə məlumat verdiyini yazırlar. Aparılan araşdırmalar, eyni zamanda girovların yaxın qohumları isə belə zəngin olmadığını təsdiq edir.
Digər bir halda isə saxlanılan şəxslərdən birinin evinin və mağazasının olması kim məsələyə aidiyyəti olmayan məlumatlar yayılır. Misalları artırmaq da olar. Bu məsələ insan taleyi ilə bağlı olduğu və həssas xarakter daşıdığı üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş vətəndaşlarımızla bağlı məlumatları yayarkən bir çox hallarda təxəyyüldən doğan fikirlərdən uzaq olmağa və saxlanılan şəxslərin sonrakı taleyi ilə bağlı aparılan işə zərər verə biləcək hər hansı materialı yaymaqdan çəkinməyə çağırır.
Ermənistanın müdafiə naziri azərbaycanlıları necə girov götürdüklərini AÇIQLADI
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Kəlbəcərdə girov götürdükləri Azərbaycan vətəndaşları ilə bağlı baş nazir Ovik Abramyana hesabat verib. Ohanyan bu dəfə də Kəlbəcərdə öz ata-baba yurdlarını yad etmək istəyən Azərbaycan vətəndaşlarını "kəşfiyyat-diversiya" qrupunun üzvləri kimi təqdim edib.
Ermənistan müdafiə naziri bəyan edib ki, Kəlbəcərdə Azərbaycan vətəndaşlarının hamısı saxlanılıb. Ohanyan həmvətənlərimizi necə tutduqlarını və Kəlbəcərə gedən vətəndaşlarımızın Dağlıq Qarabağdakı separatçı rejimin əhalisi arasında ciddi qorxu, təşviş yaratdığını da etiraf edib.
"Erməni hərbiçilər onlardan birinin yerini müəyyən etdi. Daha sonra silahlı bölmələr həmin əraziyə yönəldilər və polis əməkdaşları ilə birgə keçirilən əməliyyatda digərləri də yaxalandı. Bu hadisə yerli əhalini qorxudub. Biz indi əhalini inandırmağa çalışırıq ki, ordu öz üzərinə qoyulmuş vəzifələri icra edir".
Qeyd edək ki, Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev öz torpaqlarında erməni hərbiçilər tərəfindən girov götürülüb. Üçüncü şəxs kimi təqdim edilən Cəbrayıl sakini Həsən Həsənovun bundan öncə öldürüldüyü barədə məlumatlar yayılmışdı. Lakin Ermənistan müdafiə nazirinin budəfəki açıqlamasında bu haqda deyilməyib və belə görünür ki, Həsən Həsənov da girov götürülənlər arasındadır və o sağ ola bilər.
Girovların hüquqlarını Müdafiə Komitəsi beynəlxalq qurumlara müraciət edib
Beynəlxalq Mətbuat Mərkəzində Kəlbəcərdə girov götürülmüş vətəndaşlarımızın hüquqlarını müdafiə komitəsinin ilk toplantısı keçirilib.
Müdafiə Komitəsinin sədri Elxan Salahov bildirib ki, qurumun yaradılmasında məqsəd bir neçə gün əvvəl girov düşmüş Azərbaycan vətəndaşları Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun hüquqlarının müdafiəsini təmin etmək, yol verilən qanunsuzluqları beynəlxalq ictimaiyyətə çatdırmaq və girovların azadlığını tələb etməkdir.
O, əlavə edib ki, girov düşən 3 azərbaycanlının Kəlbəcərə getməkdə məqsədi yaxınlarının məzarlarını ziyarət etmək olub.
Millət vəkili Aydın Mirzəzadəyə bildirib ki, girov düşən azərbaycanlılar sərhədi yox, sadəcə olaraq cəbhə xəttini keçiblər. "Heç kim hər hansı bir azərbaycanlının öz torpaqlarını ziyarət etməsinə qadağa qoya bilməz. Girovluqda olanlar qəhrəmanlardır. Onların öz torpaqlarını ziyarət etmək üçün Kəlbəcərə getməsi namus-qeyrət məsələsidir. Buna misal olaraq Ramil Səfərovu və Mübariz İbrahimovun adlarını çəkmək olar".
Tədbirdə söz ala hərbi ekspert Üzeyir Cəfərov isə dövlət qurumlarının baş verən hadisəyə reaksiyasının gecikdiyini deyib. O, bildirib ki, gecikmə ermənilərin bundan istifadəsinə gətirib çıxarıb. "Onların yalnış addımı o olub ki, mobil telefondan istifadə ediblər. Və soydaşlarımızın yerini tapmaq ermənilər üçün rahat olub. Nəticə olaraq isə azərbaycanliları girov götürüblər".
Sonda isə müdafiə komitəsinin sədri bildirib ki, girov götürülmüş vətəndaşlarımızla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə və eyni zamanda BMT-yə müraciət olunub. Onların tezliklə azad edilməsi üçün dəstək istənilib.
Zahid Oruc: "Ermənistan tərəfi ancaq saxta mühakimə ilə girov götürülən vətəndaşlarımızı məhkəməyə verə bilər"
"Ermənistan tərəfi ancaq saxta mühakimə ilə işğal altında olan Kəlbəcərdə erməni silahlı qüvvələri tərəfindən girov götürülən azərbaycanlıları məhkəməyə verə bilər". Bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.
Onun sözlərinə görə, ermənilər azərbaycanlıları məhkəməyə vermələrini müharibənin öz qanunlarının olması ilə izah edəcəklər: "Onlar deyəcəklər ki, hansısa nəzarət altında olan ərazilər qorunur, müşahidə altındadır, bu mənada Azərbaycan vətəndaşı qanunu pozan tərəf kimi təqdim ediləcək".
Z.Oruc deyib ki, ermənilər, yəqin ki, həmin vətəndaşların adlarını başqa cinayətlərlə də hallandıracaqlar: "Ermənilər, yəqin ki, onların üzərinə başqa xarakterli şübhəli cinayətlər də qoyacaqlar. Yəqin ki, onlar guya "etiraf edəcəklər" ki, hansısa silah anbarını partladacaq idilər, hərbi məntəqələrə zərbə endirəcək idilər. Bununla da onlar saxta mühakiməni həyata keçirəcəklər".
Millət vəkili girov saxlanılan Azərbaycan vətəndaşlarının beynəlxalq normalar əsasında məhkəməyə verilməsini də mümkünsüz sayıb: "Ermənilər bu adamları dünyaya necə təqdim edəcəklər? Adam özünün doğma torpağına qayıdıb. Məsələnin başqa tərəfi də var. Ermənilər bir heyvanın kəsilməsini elə bir qlobal cinayət kimi təqdim ediblər ki, guya ermənilər bununla milyardlarla dollar ziyan çəkiblər. Bu boyda sərvətlərə malik Kəlbəcərin işğalı heyvanın kəsilməsindən az bir cinayət kimi təqdim olunur".Azərbaycan dövləti tərəfindən bu şəxslərin geri dönüşü üçün müəyyən vasitələrdən istifadə ediləcəyinə əmin olduğunu deyən Z.Orucun sözlərinə görə, ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına keçən vətəndaşlarımızı "diversant", "terrorçu", "kəşfiyyatçı" ünsür saymaqlarının heç bir anlamı yoxdur: "Məsələ ondadır ki, bu adamlar hansısa videoçarxda bəyan etməyiblər ki, gedib ermənilərin yaşadığı kompakt ərazilərdə bombardmanlar törədəcək, hansısa qəsdlər həyata keçirəcəklər. Erməni qanunları hansı hüquq prinsipləri ilə izah oluna bilir ki! Yəqin bu adamları cəzalandırmaq istəyəcəklər ki, sabah hər hansı sıravi Azərbaycan vətəndaşının bu torpaqlara qayıdış fikri olmasın. Amma gözü çıxarılacaq insanlar varsa, onlar da bu gün Kəlbəcərdə qərar tutan erməni hərbçiləri və yaxud da oraya süni köçürülmə ilə gələn digər ermənilərdir".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53