Rauf Mirqədirov Leyla Yunusun tələsinə düşüb?
Rauf Mirqədirov Leyla Yunusun tələsinə düşüb?

Jurnalistin həbsi ilə bağlı açıqlanan yeni faktlar bu addımın atılması üçün kifayət qədər əsas olduğunu göstərir

Bir müddət öncə, daha dəqiq, aprelin 19-da Türkiyədən deportasiya olunan və elə həmin gün həbs olunan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu məlumat yayıb. Məlumatda Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə saxlanılan R.Mirqədirov haqda sarsıdıcı faktlar yer alıb. Qeyd olunub ki, o, dəfələrlə Gürcüstandan keçməklə, Ermənistan xüsusi xidmət orqanlarının müşayiəti ilə düşmən dövlətin ərazisinə keçib, ölkəmizə aid gizli faktları onlara verib.

Bir müddət öncə, bəziləri jurnalistin günahsız yerə həbs olunduğunu iddia edirdilər. Amma bu açıqlamalar göstərir ki, onun həbsi üçün kifayət qədər ciddi narahatlıq doğuracaq səbəblər var imiş. O, dostlarına deyirmiş ki, heç bir günahı yoxdur və sadəcə, "iki ölkənin bazarlaşmasının" qurbanı olub. Təəssüf ki, jurnalist R.Mirqədirov fəaliyyətini Türkiyədə yaşayıb siyasi təhlillər yazmaqla yekunlaşdırmayıb və heç bir dövlətin vətəndaşına bağışlamadığı bir yola, dövlətə xəyanətə əl atıb.
Təbii qarşılana bilər ki, həmin ərəfələrdə R.Mirqədirovun belə cinayətə baş vura biləcəyi heç kimin ağlına gəlməyib. Ona görə də kimlərinsə onun günahsızlığına inanması bəlkə də normal hesab oluna bilər. Amma artıq istintaqın nəticəsi ortadadır və onun Ermənistan xüsusi xidmət orqanlarına işlədiyi faktlarla sübuta yetirilib. Ən təəssüf ediləsi məqam odur ki, jurnalist kiminsə sözünə aldanacaq, vətənini düşmənə satacaq yaşda biri deyildi. R.Mirqədirov o qədər təcrübəsiz jurnalist deyildi ki, Ermənistanın keçmiş milli təhlükəsizlik nazirinin sözlərinə aldansın. Elə maraqlı nüans budur ki, R.Mirqədirov Ermənistan xüsusi xidmət orqanları nümayəndəsinin fikirləri ilə dərhal, yəni, görüş zamanı razılaşmayıb. Jurnalist sonradan öz internet yazışmalarında sabiq milli təhlükəsizlik naziri David Şahnazaryanın fikirləri ilə razılaşdığını qeyd edib. Mümkün görünmür ki, R.Mirqədirov Şahnazaryanla əlaqə yaradıb onun istəklərini yerinə yetirdiyi zaman bunun casusluq fəaliyyəti olduğunu bilməsin. Bunun təsdiqi kimi, bir məqamı qeyd edə bilərik. Mirqədirov Şahnazaryanla 2008-ci ildə görüşüb. Onun 2010-cu ildə Azərbaycanı birdəfəlik tərk etməklə Türkiyəyə getməsi, həmin ölkədə yaşaması və işləməsini təmin etmək məqsədilə əməkdaşı olduğu "Ayna-Zerkalo" qəzetinin rəhbərliyinin vasitəsilə Türkiyədə akkreditasiya olunması və oradan deportasiya olunduğu tarixədək Azərbaycana qayıtmaması onun etdiklərinin fərqində olduğunu deməyə əsas verir. O, akkreditasiya vaxtının bitməsindən sonra da Azərbaycana qayıtmaq istəməyib və saxlanıldığı gün avtobusla başqa ölkəyə gedirmiş. Vəziyyətin belə olduğunu gördükdə isə Mirqədirov "dostu" Şahnazaryan ilə əlaqə saxlayaraq ailəsinin qayğısına qalınmasını xahiş edib. Onun nə yaxın qohumuna, nə də həmyerlilərindən kiməsə zəng etməməsi, ailəsini təkcə əmrlərini yerinə yetirdiyi şəxsə tapşırması jurnalistin kimə sığındığının göstəricilərindən biridir. Ola bilsin ki, Mirqədirovun ailəsinin Avropaya aparılması məhz ermənilərin əli ilə baş tutub. Onların nəinki Avropada, bütün dünyada geniş əlaqələrə malik olduqları bəlli məsələdir.
Digər təəssüf doğuran məqam odur ki, R.Mirqədirov bu hərəkəti ilə təkcə özünü deyil, nümayəndəsi olduğu mətbuat orqanını da pis vəziyyətdə qoyub. Doğrudur, yayılan rəsmi məlumatda Rauf Mirqədirovun nə işlədiyi qəzetin rəhbərliyinə, nə müvafiq dövlət orqanlarına, nə də ictimaiyyətə Ermənistana səfərləri və keçirdiyi görüşlər barədə heç bir məlumat vermədiyi qeyd olunub. Amma heç kimin casus işçisi olması ilə fəxr edə bilməməsi təbii hislərdir.
Qeyd edək ki, R.Mirqədirovun bu işlərdə ən yaxın silahdaşı, daha doğrusu, onu ermənilərlə əməkdaşlığa cəlb edən özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunusdur. Rəsmi məlumatda qeyd olunub ki, "Region" Tədqiqat Mərkəzi tərəfindən jurnalist fəaliyyəti pərdəsi altında 2002-ci ildən başlayaraq, Leyla Yunusun təsisçisi və direktoru olduğu, hüquqi qeydiyyatı olmayan "Sülh və Demokratiya İnstitutu" adlı qurumla əlaqələr yaradılıb beynəlxalq donor təşkilatlardan alınan qrant vəsaitləri hesabına maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün Rauf Mirqədirovun Ermənistan Respublikasına səfərləri təşkil edilib, Azərbaycan Respublikasının bir sıra digər vətəndaşlarının məxfi əməkdaşlığa cəlb edilmələrinə ciddi səylər göstərilib. Hesab edirik ki, ermənilərlə münasibət yaradılması mövzusunda Leyla Yunus haqqında artıq şərhə ehtiyac yoxdur. Onun kim olduğu, kimlərə, hansı dövlətə xidmət etdiyi hamıya məlumdur. Amma Yunusun öz elədikləri ilə kifayətlənməyib ətrafına digər azərbaycanlıları da cəlb etməsi ciddi narahatlıq doğurmaya bilməz. Onun istintaqa getməməsi, ölkədən qaçmağa cəhd etməsi, istintaqdan yayınmaq üçün ucuz şou göstərməsi birbaşa bu işdə təqsirkar, təşkilatçı olduğuna şübhə yeri qoymur. Bu məqam həm də onu göstərir ki, Leyla Yunus özü də əməllərinin hansı məsuliyyətə səbəb olduğundan xəbərdardır. Sırf bu məsələdəki fəaliyyətinə gəldikdə, onun "sayəsində" R.Mirqədirov həbsdə, yaxınları isə ermənilərin nəzarəti altındadır. Onu da deyək ki, hələ ki, istintaq davam etməkdədir və bundan sonra daha nələrin ortaya çıxa biləcəyini qəti şəkildə demək olmaz. Ona görə də hələlik ən yaxşısı, gözləməkdir.
Toğrul