Azərbaycanda məmurların kredit fırıldağı
Azərbaycanda məmurların kredit fırıldağı

Hansı idarə və müəssisələrdə belə «kredit əməliyyatları» həyata keçirilir?

Azərbaycanda dələduzluq cinayətlərinin sayı artıb. Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.

K.Əliyev qeyd edib ki, dələduzluq cinayətlərinin əksəriyyəti qulluq mövqeyindən istifadə etməklə törədilən cinayətlərdir. Ona görə də onlar korrupsiya cinayətləri hesab edilir. Məlumat üçün qeyd edək ki, vəzifəli şəxslər tərəfindən törədilən dələduzluq cinayətləri demək olar ki, kütləvi xarakter alıb.
Belə ki, bir sıra məmurlar qulluq mövqeyindən sui-istifadə edərək tabeçiliyində olan işçilərin üzərinə əlavə məsuliyət yükləməklə məşğuldur . Yayılan məlumata görə, Bakının Xətai rayonundakı 171 saylı orta məktəbin direktoru İradə Məmmədəli qızı Murquzova banklardan müəllimlər və digər işçilərin adına külli miqdarda kredit götürərək işçilərə ödətdirib. Əldə etdiyimiz məlumata görə, dələduzluğun bu növü təkcə orta məktəblərdə deyil, ayrı-ayrı qurumlarda da də geniş yayılıb. Belə ki, bəzi idarə və müəssisə rəhbərləri müxtəlif banklardan tabeçiliyində olan işçilərin adına külli miqdarda kredit götürür.
Özü də bu proses məçburi qaydada həyata keçirilir. İşçinin qarşısına şərt qoyulur ki, ya kredit götürməlisən, ya da vəzifənlə vidalaşmalısan. İşini itirmək təhlükəsilə üzləşən istənilən şəxs bu təklifi qəbul etmək zorunda qalır. Razılıq əldə edildikdən sonra idarə və ya müəssisə rəhbəri "söz verir" ki, krediti özü bağlayacaq. Lakin 2-3 ay kredit faizi ödənildikdən sonra onu davam etdirmək işçiyə həvalə edilir.
Bu zaman işçi başqa yolla krediti ödəyə bilməyəcəyini yəqin etdiyindən işdən çıxmaq fikrindən vaz keçir. Beləliklə, işçi illərlə müdirin əvəzinə kredit ödəməli olur. Əldə etdiyimiz məlumata görə, belə vəziyyət hətta güc strukturları, hüquq-mühafizə orqanlarına sirayət edib. Təsadüfi deyil ki, artıq bu praktikanın tətbiqi nəticəsində ailələrin külli miqdarda borcunun yaranması barədə fikirlər səsləndirilir.
Verilən bilgiyə görə, bir idarədə işləyən iki ailə üzvünün hər biri 5-7 min manat həcmində kredit götürüb. İndi həmin ailə 15-16 min manat kredit ödəməlidir. Bunun isə hazırda orta statistik azərbaycanlı ailə üçün nə qədər böyük vəsait olduğunu təsəvvür etmək elə də çətin deyil. Ekspertlərin qənaətinə görə, ölkədə belə vəziyyətin yaranması dövlət qulluqçusunun əxlaq kodeksinə tamamilə ziddir. Lakin bütün sadalananlara baxmayaraq, son vaxtlar vətəndaşların kütləvi şəkildə aldadılması tendensiyası gündəlik yaşam tərzinə çevrilib. Artıq belə qanunsuz əməllər mütəmadi xarakter alıb desək, fikrimizdə heç də yanılmarıq. Hətta ölkədə fəaliyyət göstərən xarici vətəndaşlar və əcnəbi şirkətlər də cəzasılıq mühitindən istifadə edərək öz çirkin əməllərini həyata keçirməkdən çəkinmirlər.
Məlumat üçün qeyd edək ki, cinayət qanunvericiliyində belə əməlin adı dələduzluq adlandırılır və belə əməlləri törədənlər üçün məsuliyyət məsələsi müəyyən edilib. Lakin nədənsə belə hallara yol verən hüquqi və fiziki şəxslər cəzasızlıq mühitindən istifadə edərək fəaliyyətlərini davam etdirməkdədirlər. Özü də indiki şəraitdə belə hərəkətlər nəticəsində vətəndaşlara vurulan zərərin miqyası ölçüyə gətirilə bilməyəcək dərəcədə yüksəkdir. Təəssüf ki, vətəndaşlara dəyən zərərin miqyasının milyonlarla ölçülməsinə baxmayaraq onu törədənlər barədə heç bir ciddi ölçü götürülmür.
Bir sözlə, nəticə etibarilə qazanan fırıldaqçılar, itirən isə sadə vətəndaşlar olur. Elə vəziyyət yaranıb ki, işə düzəlmək, xarici ölkəyə iş dalınca getmək, Azərbaycanda, yaxud xaricdə təhsil almaq, təhsil almadan diploma sahib olmaq, torpaq, ev, maşın almaq, banklardan kredit götürmək və sair kimi çoxsaylı ehtiyacları ödəmək üçün müraciət edən vətəndaşlar sonda müflis olmaq zorunda qalırlar.
Məlumata görə, hazırda bu növ qanun pozuntuları ilə bağlı məhkəmələrdə çoxlu sayda iddia ərizələri var. Məsələ orasındadır ki, bəzən dələduzluq hallarına hüquq-mühafizə orqanlarından dəstək gəldiyindən vətəndaşlar məhkəmələrdə də öz pozulmuş hüquqlarını bərpa edə bilmirlər. Adətən belə hallar mülki iş kimi qiymətləndirildiyindən dələduzlar məhkəmələrdə özlərinə "haqq" qazandıra bilirlər. Vətəndaşlardan külli miqdarda pul yığan tikinti şirkətləri, bir mənzil, yaxud torpaq sahəsini bir neçə şəxsə satan maklerlər, əmanətə xəyanət edən lombard və kredit təşkilatlar, insanlara bank krediti ilə maşın satan alverçilər, beş-altı il tələbələrdən təhsil haqqı alan universitetlər sonda məlum olur ki, fırıldaqçı imişlər.
Məlumat üçün qeyd edək ki, belə faktlar hər gün üzə çıxmaqdadır. Onu da xatırladaq ki, bu işdə saxta tikinti şirkətləri daha fəaldırlar. Bəzən elə hallar olur ki, şirkət inşası heç də başa çatmayan binada virtual mənzilləri bir neçə nəfərə satır. Mənzillər yoxdur, nə zaman inşa ediləcəyi bəlli deyil, amma həmin evlərin bir neçə sahibi var. Yeri gəlmişkən bu günlərdə məlum oldu ki, "Sovetski" sakinləri üçün yaşayış kompleksi tikən şirkət dələduzluqla məşğul imiş. Belə ki, "Sovetski"dən köçürülən sakinlər üçün yeni binların tikilməsilə bağlı yayılan məlumatlarda dələduzların fırıldağı ortaya çıxdı. Belə ki, ötən gün mətbuat konfransı keçirib, "Sovetski" sakinləri üçün Gəncə prospektində 810 mənzilli 16 mərtəbəli doqquz binanını tikəcəyin bildirən "DES Konsaltinq" şirkəti həmin mənzilləri hər kv. metri 375 manatdan sakinlər üçün satacaqlarını bildirmişdilər. Amma Yasamal rayon İcra Hakimiyyətinin araşdırması həmin şirkətin dələduzluqla məşğul olduğunu ortaya çıxartdı. Yasamal, Səbail rayon, eləcə də Bakı şəhər prokurorluğunun əməkdaşları "DES Konsaltinq"in ofisində araşdırmalar apardı. Şirkətin direktoru Nazim Səmədov öz əməlinə haqq qazandımağa çalışdı. Şirkət nümayəndəsi vətəndaşlarla müqavilələr bağladığını etiraf etsə də onlardan hər hansı məbləğdə pul almadıqlarını iddia edir.
Bütün bunlar isə Bakı şəhər prokurorluğunun apardığı araşdırmalardan sonra müəyyən ediləcək. Faktla bağlı cinayət işi başlanılıb. Məlumata görə, hazırda ev fırıldağı qurbanlarının sayı 5 mini ötür ki, onların narazılığı ölkədə gərginlik yarada bilər. Bakıda tikinti şirkətləri tərəfindən aldadılanların sayı artmaqda davam edir.
İlkin hesablamalara görə, belə adamların sayı 5 minə çatıb. Fırıldaqçı tikinti şirkətlərinin sayının 50-dək olduğu söylənilir. Məsələ orasındadır ki, vətəndaşları aldatmış məmur, yaxud tikinti şirkətlərinin sahiblərinin həbs olunması vətəndaşlar üçün heç nəyi dəyişmir. Çünki dələduzlar yüksək səviyyədə himayə olunduğundan onların törətdiyi əməllərə görə, heç kim məsuliyyət daşımır və vətəndaşlara dəyən ziyan ödənilmir.
Belə halda ölkədə dələduzluğun qarşısını almaq məqsədilə sanksiyaların daha da sərtləşdirilməsinə ehtiyac yaranır.
Alim