Ukrayna ordusu ölkənin şərqində bütün cəbhə boyu hücuma keçdi
15:35 22-07-2014
İQTİSADİYYAT
Ukrayna ordusu ölkənin şərqində bütün cəbhə boyu hücuma keçdi
Vurulan Malayziya təyyarəsi ilə bağlı yeni sensasion iddialar!
Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyası ölkənin şərqində separatçıların əlində olan Luqansk və Donetsk şəhərlərinə doğru bir neçə istiqamətdən hücuma başlayıb. Ukrayna saytlarının ("112.ua", "MİGnews.com.ua", "Censor.net", "Pravda.com.ua") və hərbi ekspert Dmitri Tımçukun verdiyi məlumata görə, antiterror əməliyyatına cəlb olunmuş qüvvələr Luqansk vilayətinin Rubejnoye şəhərinin bütün perimetrini nəzarətə götürərək şəhəri separatçılardan təmizləməyə başlayıb. Vilayətin Lisiçansk şəhəri də mühasirəyə alınıb.
Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak özünün "Facebook" səhifəsində ordunun Luqansk vilayətinin Severodonetsk şəhərinə daxil olduğunu və Lisiçansk şəhəri istiqamətində hərbi əməliyyatların davam etdiyini yazıb: "Rusiyalı terrorçuların ətrafında mühasirə həlqəsi daralır, hücum davam edir. Severodonetsk şəhərinə daxil olmuşuq, Lisiçansk, Rubejnoye və Popasnaya şəhərlərində düşmən sıxışdırılır, onlar vacib magistral yollardan təcrid edilib. Terrorçu dəstələrin başçıları panikadadır və bir-biriləri ilə mübahisə edirlər, bir-birini şantaja keçiblər. Onlardan bəziləri qaçmağa çalışsa da, Putin onları Rusiyaya buraxmağı qəti qadağan edib".
Ukrayna ordusunun tankları Donetsk şəhərindən 44 km məsafədə yerləşən və "Bes" ləqəbli terrorçu İqor Bezlerin nəzarətində olan Qorlovka şəhərinə bitişik Mayorsk stansiyasına da daxil olub. Şəhərin mərkəzində atəş səsləri eşidilir. Separatçıların "Qrad" qurğularından ordu hissələrinə atəş açdığı xəbər verilir.
Qondarma "Donetsk Xalq Respublikası"nın "baş komandanı" olan Strelkov ləqəbli Rusiya vətəndaşı İqor Girkin Donetsk istiqamətində gedən döyüşlər barədə məlumat verib. O, hazırda Avdeyevka (Donetsk şəhərindən 18 km aralı), Dzerjinsk (Donetskdən 52 km aralı), Peski (Donetskdən 15 km aralı), Karlovka (Donetskdən 30 km aralı), Debaltsevo (Donetskdən 75 km aralı), Netaylovo (Donetskdən 27 km aralı) yaşayış məntəqələrində döyüşlər getdiyini söyləyib: "Düşmən Avdeyevka qəsəbəsinə daxil olaraq oradan Donetsk şəhərinin dəmir yoluna doğru hərəkət etməyə başlayıb. Peski, Karlovka, Netaylovodakı mövqelərimiz eyni anda hücuma məruz qalıb. Düşmən 15 tankla Debaltsevoya soxulub. Dzerjinskdə Milli Qvardiya ilə döyüş gedir".
İ. Girkinin sözlərinə görə, Rusiyanın qəti qərar qəbul etməsinin vaxtı çatıb: "Rusiya nəhayət, qərar verməlidir ki, Donbassdakı rusları müdafiə edəcək, yoxsa onları birdəfəlik satacaq?! Qalan başqa şeylər üçün vaxt itirilib. Üç aylıq fəaliyyətsizlik düşmənin öz qüvvələrini artırmasına və döyüş qabiliyyətli ordu yaratmasına imkan verib".
Donetsk şəhərindəki 51 saylı orta məktəbin və dəmir yolu vağzalının yaxınlığında baş verən atışma zamanı 4 dinc sakinin öldüyü bildirilir. Donetsk dəmir yolu vağzalındakı "Amstor" ticarət mərkəzi ətrafında mərmi partlayışı nəticəsində də ölənlər olduğu xəbər verilir.
Şok iddia: "Əksəriyyəti "kadırovçu"lar olan
35 rusiyalı muzdlu
əsir götürülüb"
Ukrayna Silahlı Qüvvələri son bir sutka ərzində Luqansk vilayəti ərazisindəki döyüşlərdə 35 silahlını əsir götürüb. Bunu özünün "Facebook" səhifəsində Ukraynanın müdafiə naziri Valeri Qeletey yazıb.
O, iyulun 20-də axşam Luqansk vilayətinin Lisiçansk, Rubejnoye, Severodonetsk və Luqansk şəhərləri ətrafında toqquşmaların davam etdiyini deyib: "Terrorçular panika halında hərbi texnika ilə birlikdə mühasirədəki Lisiçansk şəhərindən çıxmağa cəhd göstəriblər, lakin Ukrayna Silahlı Qüvvələrinin atəşi altında qalıblar. Nəticədə onlara məxsus 3 hərbi texnika vurularaq yandırılıb. Muzdlular döyüş yerindən mühasirədəki şəhərə qaçmağa məcbur olublar. Son sutka ərzində Ukrayna hərbçiləri 35 rusiyalı muzdlunu əsri götürüb, onların böyük hissəsi "kadırovçu"lardır. Biz irəliləməyə davam edirik".
Qeyd edək ki, "kadırovçu"lar adı altında Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun Ukraynaya separatçılara dəstək məqsədilə göndərdiyi muzdlu çeçenlər nəzərdə tutulur.
Ukraynada qəzaya
uğramış "Boinq"in
251 sərnişininin
cəsədi tapıldı
Bu arada məlum olub ki, Malayziyaya məxsus təyyarənin qəzaya uğradığı ərazidə 251 nəfərin cəsədi, habelə ölənlərin bədənlərinin 66 ayrı-ayrı hissəsi tapılıb. Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin bəyanatında bildirilir.
Qeyd olunur ki, cəsədlər və bədən fraqmentləri Torez dəmir yolu stansiyasında refrijerator-vaqonlara yüklənib.
Mütəxəssislər artıq 120 kv.m-lik ərazidə axtarış aparıblar.
Xatırladaq ki, iyulun 17-də Ukrayna üzərində Amsterdamdan Kuala Lumpura uçan Malayziya təyyarəsi vurulub. 80-ə qədəri uşaq olan 298 insanın qətlə yetirilməsi dünya ölkələrini ayağa qaldırıb. Ukrayna və Qərb hadisənin Rusiyanın işi olduğunu bəyan edir. Krem lisə ittihamla razılaşmır və təyyarənin Ukrayna ordusu tərəfindən vurulduğunu bildirir.
ABŞ kəşfiyyatının
qiymətləndirməsi:
təyyarəni kim vurub?
Malayziya təyyarəsinin vurulmasında Rusiyanın əli olmasına çoxlu dəlillər var. Bunu ABŞ Dövlət katibi Con Kerri iyulun 20-də deyib. Kerri Moskvanı birbaşa ittiham etməsə də, Reuters yazır ki, Kerri ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsaslanıb.
ABŞ kəşfiyyatının qiymətləndirməsinin əsas məqamları isə ABŞ-ın Ukraynadakı səfirliyinin vebsaytında yerləşdirilib. Bunlar hansılardır?
"Keçən ay biz (yəni, ABŞ kəşfiyyatı - Azadlıq radiosu) Rusiyadan Ukraynaya sərhəddi keçməklə ağır silahların daşındığını qeydə almışıq. Keçən həftəsonu Rusiya separatçılara 150 tank, zirehli maşın, artilleriya,raket qurğularından ibarət karvan göndərdi. Bizdə həmçinin məlumat var ki, Rusiya separatçılara hava hücumundan müdafiə sistemlərində təlim keçir.
Rusiyapərəst separatçılar son aylar yer-hava növlü raketlərdən istifadədə bacarıqlı olduqlarını nümayiş etdiriblər, onlar 10-larla təyyarə vurublar, o cümlədən 2 böyük nəqliyyat təyyarəsi". "MH17 təyyarəsi ( qəzaya uğrayan Malayziya təyyarəsi - Azadlıq Radiosu) ilə əlaqə itən vaxt biz separtaçıların nəzarətində olan ərazidən SAM yer-hava növlü raketin buraxıldığını qeydə almışıq.Biz düşünürük ki, bu, SA-11 raketi olub".
"Separatçılar arasında danışığı tutan Ukrayna hökumətinin Youtube-a qoyduğu videoda separataçılar iyulun 14-də Buk (SA-11) sisteminin ötürülməsindən danışırlar. Onlar bu sistemə malik olduqlarını və yerləşdirdiklərini bildirirlər". Sosial mediada cümə axşamı yerləşdirilən məlumatlar SA-11 sisteminin separtaçıların nəzarətində olan Torez və Snijne şəhərləri boyu daşınmasını göstərir. Bu mövqedən SA-11 sistemi MH17 təyyarəsini vura bilərdi". "Ukraynanın da SA-11 sistemləri var. Ancaq biz əminik ki, MH17 təyyarəsini vura bilən radiusda Ukraynanın hava hücumundan müdafiə sistemləri olmayıb. Münaqişə dövründə Ukrayna bir dəfə də olsun, yer-hava növlü raket atmayıb. " "İnternetdə yayılan danışıqda bir separatçı lider o birisinə deyir ki, təyyarə vurulub, ancaq sonra sərnişin təyyarəsi vurulduğu bilinəndə vurulan təyyarə və Buk sisteminin daşınması haqda məlumat çıxarıldı.
Sosial mediada yayılan videoda SA-11 raket sisteminin Krasnodondan Rusiyaya geri daşındığı əks olunurdu, burda sistemdə ən azı bir raket yox idi" - ABŞ kəşfiyyatının qiymətləndirməsində belə deyilir.
Putinin hiyləsi bumeranq effekti yaratdı
"Vladimir Putinin durumu fərqlidir. Onun real siyasi opponentləri olan hərbçilər son 2 ildə ciddi revanş götürərək və ictimai-siyasi təsir imkanlarını genişləndirərək, artıq siyasi hakimiyyətə də bir sıra qərarların qəbulunda ciddi təsirə malik olan siyasi gücə çevriliblər". Bu barədə isə publika.az saytında dərc edilən təhlili məqalədə bildirilib.
Məqalə müəllifi Vasif Həsənli yazır: "Təsadüfi deyil ki, bu müddətdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun səsləndirdiyi bəyanatların mütləq əksəriyyəti özündə siyasi və geosiyasi çalarlar daşıyır. Onların maliyyə imkanları da 2-3 qat genişlənib. Görünür, elə bu səbəbdən də yaranmış siyasi reallığı yaxşı anlayan Putin xüsusilə də Ukraynada baş verənlərə münasibətdə daha ağıllı və uzaqgörən siyasət qurdu.
Ukraynadakı silahlı separatizm Rusiyada hakimiyyət uğrunda mübarizənin təzahürlərindəndir. Ukraynada keçirilən prezident seçkisinədək bu məsələdə dominantlığı əldə saxlayan prezident Putin seçkilərdən sonra separatçılara dəstəyini qəflətən kəsdi. Bunun ardınca Donetsk və Luqansk vilayətlərində savaş qızışdı. Bu da təbiidir. Çünki Ukrayna "kartını" Putinin real siyasi opponentləri olan hərbçilər ələ aldılar.
Ukraynanın Avropa Birliyi ilə "Assosiativ tərəfdaşlıq" sazişi imzalaması ərəfəsində Rusiya Dövlət Duması prezident Putinin təşəbbüsü ilə Rusiya ordusuna Ukraynaya hərbi müdaxiləyə imkan verən qanunu ləğv etdi. Əslində, bu, Rusiya hərbçilərinə verilən "kart-blanş" idi. Amma Rusiya qanunlarından da kənar olan "kart-blanş".
Rusiya hərbi qüvvələri Ukraynanın iki şərq vilayətini nəzarətə götürəcəyini və bu uğurunu Kremlin qarşısında mühüm arqument kimi istifadə edəcəyini düşünürdü. Məhz bu səbəbdəndir ki, Rusiyanın hərbi kəşfiyyatı (QRU) Ukraynadakı terrorçulara dəstəyini nəinki gizlətmirdi, hətta əsasən Rusiya mediası vasitəsilə geniş təbliğ də edirdi. Burda da qeyri-adi heç nə yoxdur - Rusiya auditoriyasının önəmli hissəsini təşkil edən şovinist kəsim öz qəhrəmanlarını və qardaş Ukrayna xalqının "xilaskarlarını" tanımalı idi. Son zamanlar isə Rusiya hərbi dairələri Ukraynadakı separatçıları (əslində Ukrayna hakimiyyətində onların mütləq əksəriyyətinin Rusiya vətəndaşları olan diversantlar olması barədə çoxsaylı sübutlar var) daha müasir silahlarla, o cümlədən, hava hücumundan müdafiə sistemləri olan "Buk" və sair zenit-raket komplekslərilə təhciz etməyə başlamışdı.
Bütün baş verən hadisələr generalların hakimiyyət uğrunda savaşını xatırladır. Onların əlində bu tip müasir silahların mövcudluğu isə özünü Rusiya mətbuatında geniş təbliğ edilməklə yanaşı, həm də Ukrayna hərbi-hava qüvvələrinə məxsus təyyarə və helikopterlərin vurulmasında göstərirdi.
Hər şey plan üzrə gedirdi, lakin iyulun 17-də axşam saatlarında Donetsk səmasında Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması Rusiya hərbçilərinin bütün hesablamalarının yanlış olduğunu və hələ 55 il öncə Eyzenhauerin söylədiklərinin nə qədər böyük həqiqət olduğunu üzə çıxardı. Hakimiyyət uğrunda gizli (əslində isə açıq) mübarizə aparan Rusiya generallarının məğlub olduqlarını artıq indidən demək olar. Güman ki, Rusiya bundan sonra Azərbaycan da daxil olmaqla, qonşuları ilə ehtiyatlı davranmağa məcbur olacaq".
Yazıda bildirilir ki, Putin düşündüyü kimi Ukraynanı məhv edə bilməyəcək: "Çünki 50 milyonluq xalqı tamamilə məhv etmək mümkün deyil. Putin istəyir ki, Ukrayna çöksün, hakimiyyəti dəyişsin və sonra da bəyan eləsin ki, görürsünüz, mən sizə Ukraynanın dağılacağını demişdim. Putin hesab edir ki, dünyada Ukrayna adlı xalq yoxdur, onlar balaca ruslardır. Putinin Malayziyanın baş nazirinə göndərdiyi başsağlığında "Poroşenko separatçılara qarşı əməliyyatlar həyata keçirməsəydi, təyyarə vurulmayacaqdı" deməsi ilə əslində qətlə yetirilənlərin ruhunu incidib. O, Malayziyanın baş nazirinə də hörmətsizlik edib. Hamı bilir ki, Ukraynadakı separatçıları Rusiya silahlandırır. Bu gün Ukrayna hakimiyyətinə qarşı vuruşanlar da Putinin qoşunlarıdır".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53