İsrailin Qəzzaya hücumları  nəticəsində 502 fələstinli öldü
İsrailin Qəzzaya hücumları
nəticəsində 502 fələstinli öldü

BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyətlə əlaqədar qapalı məsləhətləşmələr keçirildi

İsrailin Qəzzaya etdiyi hücumlar nəticəsində ölənlərin sayı 502 nəfərə çatıb. Türkiyənin "Anadolu" agentliyinin verdiyi xəbərə görə, bu barədə Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Həmçinin məlum olub ki, İsrail ordusunun hücumları nəticəsində 3150 nəfər fələstinli yaralanıb.
Qeyd olunub ki, İsrail hərbi təyyarələrinin Qəzzanın cənubundakı Xan Yunus şəhərinə hücumundan sonra bir ailəyə məxsus evin dağıntıları altından 6-sı uşaq olmaqla, 9 nəfərin cəsədi çıxarılıb. Rəfah şəhərinə hücum nəticəsində isə 7-si uşaq olmaqla 9 nəfər həlak olub, 20 nəfər yaralanıb.
Bu arada BMT baş katibi Pan Gi Mun Doha şəhərində Qətər əmiri Tamim bin Xamad əl Tani və Fələstin lideri Mahmud Abbasla görüşlər keçirib. BMT-nin Xəbər Mərkəzinin verdiyi məlumatata görə, Pan Gi Munun Yaxın Şərq turnesinin məqsədi uzunmüddətli atəşkəsə nail olmaq İsrail və Fələstinə üçün kömək etməkdir.
BMT baş katibi tərəfləri beynəlxalq hüquqa hörmət etməyə, habelə zorakılığı dayandırmağa çağırıb.
Pan Gi Mun Qətərdan sonra Küveyt, Qahirə, Qüds, Ramallah və Əmmana səfər edəcək.
Başqa bir məlumata görə, BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvləri Yaxın Şərqdəki vəziyyətlə əlaqədar qapalı məsləhətləşmələr keçiriblər. Məsləhətləşmələr bazar günü axşam saatlarında baş tutub.
BMT TŞ dinc əhali arasında ölüm hallarının artmasından narahatlığını ifadə edib. Şura üzvləri hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini önə çəkiblər.
Fələstinin daimi nümayəndəsi Riyad Mansur BMT TŞ üzvlərinin İsrailin Qəzza bölgəsindəki addımlarını pisləyən qətnaməni qəbul edə bilməməsindən təəssüfləndiyini bildirib.

"Hizbullah" İsrailə
qarşı savaşda "Həmas"a dəstək verəcək

"Hizbullah" lideri Həsən Nəsrulla "Həmas"ın siyasi rəhbəri Xalid Məşələ "sionist düşmənə" qarşı mübarizədə yardımçı olacaqlarını söyləyib. Livanın "The Daily Star" agentliyi xəbər verir ki, Nəsrulla öz partiyasının Qəzzada baş verənlərə biganə qalmayacağını söyləyib.
İki lider arasında telefon danışığı zamanı Nəsrulla deyib: "Hizbullah və Livan Müqaviməti Fələstin xalqının mübarizəsini susqunluqla izləməyəcək. Beynəlxalq dəstəyi qoy Natanyahu axtarsın. Biz isə xalqın dəstəyinə arxayınıq".
Livan şiələrinin liderinin fələstinlilərə konkret hansı dəstəyi verəcəyi açıqlanmır.

Kadırovdan şok
açıqlama: "İsrail
dövlət terroru törədir"

Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov İsrail ordusunun Qəzza bölgəsinə müdaxiləsini dövlət terroru adlandırıb.
R. Kadırov sosial şəbəkələrdə hər kəsi Fələstini dəstəkləməyə çağırıb: "İsrail mərmiləri altında nə qədər insan qətlə yetirilir. İsrail dövləti heç nəyə sığışmayan qəddarlıq nümayiş etdirir. Fələstindən atılan raketlər İsrailə zərər yetirmədi. Amma cavab atəşi yüzlərlə fələstinlinin həyatına bais oldu. İsrail ordusu uşaqları, qadınları, qocaları öldürür. 400-dən çox insan həlak oldu".
Onun sözlərinə görə, ABŞ və Avropa buna sakitcə baxır. "Halbuki bu, dövlət terrorudur. ABŞ və müttəfiqləri Ukraynaya görə Rusiyanı ittiham edir, bizim ölkəmizə qarşı sanksiyalar tətbiq edir"- deyən Kadırov bütün müsəlmanları Fələstində sülhün bərpası üçün dua etməyə çağırıb.

Ərdoğan İsrailə:
"Vəhşilikdə Hitleri
keçmisiniz..."

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İsraili yenidən ittiham edib. "Röyters" agentliyinin məlumatına görə, bununla belə, baş nazir əhaliyə ölkədəki yəhudi diasporuna hiddətlənməməyi məsləhət görüb.
Ordu şəhərində çıxışı zamanı Ərdoğan İsraili kəskin tənqid edib: "Hitlerin cinayətlərini qabardanlar indi vəhşilikdə onu ötüb keçiblər".
Qeyd edək ki, Ərdoğanın çıxışından bir neçə saat əvvəl İsrail hökuməti vətəndaşlarını Türkiyəyə səfər etməkdən çəkinməyə çağırmışdı.

İsrailin birjası çökdü

İsrail mətbuatı Qəzza bölgəsində 14 gün davam edən döyüşlərdən sonra hərbi müdaxiləyə 2 milyard şekel xərcləndiyini bildirib. İşğal altında olan müxtəlif şəhər və qəsəbələrə vurulmuş iqtisadi zərər və ziyanın həcmi 1,2 milyard şekelə çatıb.
Yerüstü hərbi əməliyyatlar zamanı 1 gündə baş vermiş döyüşlər zamanı 110 milyon şekel xərclənib. Digər bir İsrail mətbuatı isə ölkənin birja bazarının dağılması haqda xəbər verir. İsrailin daha çox gəlir əldə etdiyi Turizm və Nəqliyyat sisteminin iflic olduğu deyilir.
Murad İbrahimli