Müsavat Partiyasında daxili müharibə başladı
10:05 23-07-2014
İQTİSADİYYAT
Müsavat Partiyasında daxili müharibə başladı
Arif Hacılı bütün adamlarını daha şanslı namizəd olan Qubad İbadoğlunun əleyhinə qaldırıb
Uzun müddətdən bəri keçirilməsi müşkül məsələ olan Müsavat Partiyasının qurultayı qurum daxilindəki intriqaları daha da dərinləşdirib. Daha doğrusu, başqanlıq uğrunda mübarizə iddialıları üz-üzə gətirib.
Xüsusən də Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı iddialarını təmin etmək üçün bütün imkanlarını səfərbər edib. "Unikal"ın məlumatına görə, bu yolda partiyadaşları olan rəqiblərinə qarşı qara piar aparmaqdan belə çəkinmir. O, bu prosesdə ölkədən kənardakı müsavatçılardan yararlanır. Belə ki, Hollandiyada yaşayan fəal müsavatçı Eldəniz Yusifov Müsavat Partiyasının başqanlığa iddialı namizədlərlə bağlı Azərbaycan mediasına qalmaqallı açıqlama verib. O bildirib ki, Avropada yaşayan müsavatçıların əksəriyyəti Partiyanın İcra Aparatının rəhbəri Arif Hacılının namizədliyini dəstəkləyir. E.Yusifov Qubad İbadoğlunun başqanlığının Müsavata heç bir faydası olmayacağını da deyib. Onun fikirincə, indiki şəraitə - meydanlarda mübarizəyə, həbslərə, fiziki təzyiqlərə Qubad İbadoğlu hazır deyil. Təbii ki, onun bu fikirləri Arif Hacılının təkidi ilə deməsi məlumdur.
Amma Müsavat Partiyasında Qubad İbadoğlunun da tərəfdarları az deyil. Onlar da Arif Hacılının qara piar kampaniyasına cavab verməyə çalışırlar. Belə ki, Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub deyib ki, Q.İbadoğlunu dəstəkləyəcək: "Hesab edirəm ki, partiya başqanı olacaq şəxs təşkilat üzvləri arasında ayrı-seçkilik yaratmayan, siyasi partiyalar arasında əlaqələri gücləndirə bilən, partiyanın idarə edilməsində elmi prinsiplərə söykənən və s. xüsusiyyətləri olan şəxs olmalıdır. Bu keyfiyyətlər Qubad İbadoğlunda yetərincədir". O bildirib ki, partiya başqanının kim ola bilməsi barədə Hollandiyada yaşayan müsavatçı Eldəniz Yusifovun dediyi meyarlar çoxdan köhnəlib: "Məgər, partiya başqanı mitinqlərdə döyülmək, tutulmaq üçün seçilir? Əlbətdə bir müsavatçının başqanlığa namizəd haqda fikir söyləmək haqqı var. Amma Eldəniz bəyin açıqlaması bir neçə baxımdan subyektiv görünür. Əvvəla, Eldəniz bəyin dediyi kimi onun səsvermə hüququ və imkanı olmadığından dedikləri təbliğat xarakteri daşımaqdan o yana keçmir. İkincisi, Eldəniz bəyin "Burada yaşayan müsavatçıların əksəriyyəti" deyəndə kimləri nəzərdə tutduğunu bilmirəm. Amma məndə olan məlumata görə xaricdə yaşayan müsavatçıların əksəriyyəti onun fikirlərini bölüşmürlər".
"Unikal"ın əldə etdiyi məlumata görə, A.Hacılı Vurğun Əyyubun məlum açıqlamasından sonra öz tərəfdarlarına hərəkətə keçməyi tapşırıb. Bu səbəbdən də Müsavat Partiyasının başqa bir Divan üzvü Tural Abbaslı isə E.Yusifovun fikirləri ilə razılaşdığını bildirib: "Eldəniz bəyin rəyi ilə təbii ki, razıyam. Yeri gəlmişkən mən də başqan postuna namizədəm. Bu mənada başqa namizədi daha uğurlu hesab etsəydim onu dəstəkləyərdim".
Onu da nəzərə çatdıraq ki, verilən qərara görə, qurultaya 40 gün vaxt qalıb. Müsavat Partiyasının qurultayının keçiriləcəyi tarix yaxınlaşdıqca başqanlığa namizədlərin iddiaları da özünü göstərir. Artıq partiyada bu post uğrunda mübarizədə adları hallanan Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və Divan üzvü Qubad İbadoğlu tərəfdarları arasında söz "müharibə"si böyüyür. Partiyanın bəzi strukturlarının rəhbərləri isə açıq şəkildə öz mövqelərini bildirməkdən də çəkinmirlər. Bu prosesə Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əhliman Abbas da qoşulub. Ə.Abbas deyib ki, bəzən müxalifətçilər ətrafında olan insanların üstünlüklərini gizlətməyə çalışır. Təşkilat sədri müxalifət düşərgəsində hökm sürən və yanlışlığa aparan yanaşmanı tənqid edərək, Qubad İbadoğlunun namizədliyini dəstəklədiyini söyləyib: "Müsavat Gənclər Təşkilatına sədrliyə namizədliyimi verəndə fikirlər səslənirdi ki, xaricdə təhsil alıb, tutulmayıb, döyülməyib, cəsarətsizi olacaq, məsuliyyətin altından qalxa bilməyəcək. Bu fikirlər məni narahat etmirdi. Məni narahat edən o idi ki, bu "tutulmayıb-döyülməyib" damğası sıralarımıza daha çox intellektli, savadlı, xarici təhsilli insanlarla genişləndirməyə ciddi maneə olacaq. İndi də buna oxşar fikirlər Qubad bəyin barəsində deyilir".
Ə.Abbas Q.İbadoğlunu Azərbaycan elminin qabaqcıl ziyalılarından biri hesab etdiyini deyib: "Belə bir insanın Müsavat Partiyasının başqanlığına namizədlikdə adının hallanması bizi ancaq sevindirməlidir. Biz istəyirik ki, Müsavata, demokratik hərakata gəncliyin marağını artıraq. Qubad bəyin universitet tələbələri, yeni fikirli gənclər arasında olan reputasiyası bizə ancaq və ancaq fayda gətirəcək. Hesab edirəm ki, ölkənin rifahını düşünən hər kəs bu istiqamətdə çalışan şəxslərin üstünlüklərini ört-basdır etməyə çalışmamalıdır. Əgər Qubad bəyin partiya başqanlıgına namizəd olmaq fikri varsa, əmin olmalıyıq ki, bu postun tələb edəcəyi hər fədakarlıqdan xəbardardır".
Göründüyü kimi, Müsavat daxilində qatı düşmənçilik mühiti yaranıb. Belə bir situasiyanın yaranmasında əsas rol Arif Haclınındır. Xaraktercə də intriqan olan aparat rəhbərinin qurultaya az qalmış daha kəskin yollara ət atacağı gözlənilir. Hətta onun rəqiblərini müxtəlif variantlarla şantaj eləməsi də istisna edilmir. Müsavat başqanı İsa Qəmbərə isə belə qarışıqlıq sərf elədiyi üçün susmağa üstünlük verir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53