Bəzi icra başçılarından yeni "pul tələsi"
09:56 25-07-2014
İQTİSADİYYAT
Bəzi icra başçılarından yeni "pul tələsi"
Onlar bələdiyyə sədrlərini "taskı"ya otuzdurur
1999-cu ildən yerli özünüidarə orqanları kimi fəaliyyətə başlayan bələdiyyələr bu ilin dekabrında keçiriləcək 4-cü çağırış üzrə seçkilərə hazırlaşır. Bu qurumlar fəaliyyət göstərdiyi 15 il ərzində yerli özünüidarə mərkəzi kimi cəmiyyətdə özünü doğrulda bilməsə də, bələdiyyələrə diqqət hər seçkidən seçkiyə durmadan artır.
Belə ki, təkcə seçki ərəfəsində deyil, yerli özünüidarə orqanlarının fəaliyyət göstərdiyi 15 il ərzində millət vəkilləri bələdiyyələrin səlahiyyətlərinin artırılması, onlara əlavə maliyyə təminatlarının verilməsi və bütövlükdə bu qurumların bir struktur kimi güc mərkəzinə çevrilməsi üçün çeşidli təklif səsləndiriblər.
Bu təkliflərin reallaşma ehtimalının artması isə bələdiyyələri get-gedə daha cazibədar quruma çevirir. Artıq "Bələdiyyələrin statusu haqqında" qanuna dəyişiklik olunmasını, kommunal xidmət sahələrinə dair bir sıra səlahiyyətlərin bələdiyyələrə verilməsini təklif edənlərin sayı artır. Hakimiyyət təmsilçiləri də bildirirlər ki, kommunal xərclərin bir hissəsinin yığılması bələdiyyələrə verilsə, bu, yerli özünüidarə orqanlarının inkişafına gətirib çıxarar. Onun sözlərinə görə, yerlərdə mənzillərin istilik, təbii qaz, elektrik enerjisi, içməli su təchizatı, təmizlik, eləcə də kənd yerlərində suvarma su ilə təminat məsələləri bələdiyyələrin ixtiyarında olmalıdır.
Belədə isə bələdiyyələrin funksionallığı güclənəcək, onların nüfuzu və təsir imkanları artacaq. Elə bu səbəbdən də qarşıdan gələn bələdiyyə seçkilərinə marağın, iddialıların daha çox olacağı gözləniləndir.
Yaranmış belə vəziyyətdən isə artıq bəzi rayonlarda yerli icra hakimiyyəti rəhbərlərinin öz maraqlarına uyğun faydalanmaq istəyi real görünür. Məsələ burasındadır ki, bəzi rayonlarda icra başçılarının artıq indidən bələdiyyə sədrlərinə qarşıdakı seçkidə də görəvlərində qala bilmələri üçün bəri başdan hazırlıqlı olmaları tapşırılır. Hər nə qədər bələdiyyə orqanının formalaşdırılması seçki yolu ilə keçirilsə də, müəyyən icra hakimiyyətləri başçıları yalnız özlərinin razılığı halında bələdiyyə sədrlərinə daha beş il müddətində postlarında qalmalarına imkan veriləcəyini bildirirlər.
Sirr deyil ki, əksər hallarda rayonlarda şəhər və kənd bələdiyyələrinin sədrləri yerli icra hakimiyyətindən "xeyir-dua" alırlar. Həmin "xeyir-dua"nın ilkin qiyməti isə həmin bələdiyyə orqanının gəlirliliyindən asılı olaraq 3 min manatdan başlayır, bəzi hallarda 20 min manatdan da yuxarı çıxır. Bakının bir çox rayonlarında və ətraf kəndlərində isə həmin qiymət ümumiyyətlə fantastikdir.
Qarşıdakı beş ildə bələdiyyələrin funksionallığının artırılacağı, səlahiyyətlərinin genişləndiriləcəyi yönündə xəbərlər isə bəzi rayon icra hakimiyyəti başçılarının "iştahı"nı artırıb və onlar qarşıdakı bələdiyyə seçkisində "xeyir-dua" qiymətlərini kəskin artıracaqlarını bəri başdan bələdiyyə sədrlərinin diqqətinə çatdırırlar.
Xatırladaq ki, hazırda bələdiyyələrin ümumi orta illik büdcəsi isə 34 milyon manat təşkil edir. Başqa sözlə, bir bələdiyyənin illik büdcəsi təxminən 19 min manat təşkil edir və bu rəqəm rayon, şəhər və kənd bələdiyyələri üçün dəyişir. Bu isə onu göstərir ki, bələdiyyələrin büdcəsi məxsus olduğu ərazidəki insanların hüquqlarını müdafiə etmək, onların problemlərinin həlli üçün yetərli deyil. Ona görə də, bələdiyyələrə dövlət büdcəsindən ayrılan dotasiyaların həcmində daha böyük artımlar etmək, onlara əlavə səlahiyyətlər vermək - bir sözlə, bələdiyyə institutları ilə bağlı əsaslı islahatlar aparmaq lazımdır.
Bu islahatların aparılacağı təqdirdə bələdiyyələrin gəlirliliyi də yüksələcək. Amma bunlar ehtimallardır, lakin belə görünür, bəzi rayonlarda icra başçıları hətta ehtimalları da artıq reallıq kimi nəzərə alaraq, özlərinə yeni "pul tələsi" yaratmaq fikrindədirlər.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17