Azərbaycan ordusuna ağır zərbə
12:21 02-08-2014
İQTİSADİYYAT
Azərbaycan ordusuna ağır zərbə
Müharibənin bir addımlığında
Ötən gün uzun illərin atəşkəsindən sonra ilk dəfə Azərbaycan ordusu ciddi itkilərlə üz-üzə qaldı. 8 şəhid verildi, 4 nəfər isə ağır yaralandı. Müasir hərb tarixində bu qədər itki yalnız qızğın müharibədə verilə bilərdi və özüdə o halda ki, itki verən tərəf döyüşə hazırlıqsız durumda olsun. Buna görə hesab etmək olar ki, son itkilər çox üzücü oldu və bir sıra müəammaları ortaya çıxartdı.
Amma hələ ki, ortada dəqiq informasiya olmadığından məsələnin tam təfərrüatına varmaq mümkün deyil. Belə ki, Azərbaycan tərəfi iddia edir ki, Ermənistana məxsus divversiya qrupu hucum edib və buna görə də belə durum yaranıb. Ermənistan tərəfi isə iddia edir ki, əslində Azərbaycan tərəfi hucum edib. Sözsüz ki, biz Azərbaycan tərəfinin informasiyasına inanırıq və belə olan halda ortaya sual çıxır, Ermənistan tərəfinin sistemli şəkildə atəşkəsi pozduğunu bilə-bilə nədən qabaqlayıcı tədbir görülməyib ki, bu qədər də itki verilib? Elə Müdafiə Nazirliyinin yaydığı atəşkəsin pozulması ilə bağlı xəbərdə təsdiqləyir ki, atəşkəs demək olar ki, az qala 10 dəqiqədən bir pozulur. Elə sonuncu xəbərə baxmaq kifayətdir.Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 71 dəfə pozulub.Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçuayrım kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Sarıcalı, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Gülüstan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Məsələ ilə bağlı "Unikal"a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov isə daha maraqlı nüanslara aydınlıq gətirdi:"Avqustun 1-i səhər aldığımız acı xəbər hər kəsin qanını qaraltdı, əsəblərini tarıma çəkdi. Azərbaycan Ordusunun təsdiq olunmayan məlumatlara görə onlarla hərbçisi düşmənlə atışmada şəhid olublar. Çox böyük itkidir. İstəməzdim yazdıqlarımı qərəz kimi qəbul etsinlər, amma bu atəşkəs dövründən — 12 may 1994-cü ildən bu yana ən çox itki verdiyimiz bir gündür. Şəxsən mən xatırlamıram ki, biz bir gün ərzində bu qədər itki verək.
Açığı desəm, Müdafiə Nazirliyinin verdiyi xəbərə mən tam inanmıram. Ola bilsin hadisənin şokunu yaşayan rəhbərlik tez-tələsik bu xəbərin verilməsini istəyib. Amma hərb elminə bələd olan, həmçinin döyüş keçmiş insanlar bilir ki, hücum edən tərəfin itkiləri daha çox olur. Düşmən ərazimizə soxulmağa CƏHD edib və bizim əsgərlərin "SAYIQLIĞI nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb". Daha sonra isə MN qeyd edir ki, "şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib?!"Əgər bu əclaf, amansız və xain erməni hücuma keçirdisə,onun verdiyi itkilər ən azından neytral ərazidə qalmalı idi. Və bizim komandanlıq düşmənin hücumunu sübut fakti kimi o erməni əsgərlərinin meyidlərini nümayiş etdirməliydi. Səngərdə oturub düşmənin hücümunun qarşısını alan əsgərlərimizin itkisi bu qədər olmamalıydi axı. Bir də, döyüş postlarında duran əsgərlər arasında məsafə də o qədər də yaxın deyil ki, deyəsən, düşmən qumbaraatandan, yaxud başqa silahdan istifadə edib və biz bu qədər şəhid vermişik. Mənə elə gəlir ki, faciə tamam başqa formada baş verib, ancaq bizim komandanlıq özünü bu faciədə sığortalamaq üçün bu məlumatı yayıb. Biz dəfələrlə bildirmişik ki, düşməndən hansısa mərhəmət gözləmək lazım deyil. Ön xətddə dayanan əsgər və zabitlərimiz son dərəcə diqqətli olmalıdırlar. Ən xırda diqqətsizlik və ehtiyatsızlıq belə ağır nəticələrə gətirə bilər. Digər ciddi səbəb də var. Bu bilavasitə MN ilə bağlı məsələdir. Qısaca deyirəm, başa düşənlər məni anlayacaq. Əsgərlərin birbaşa MN-nin Təşkilat Səfərbərlik İdarəsi tərəfindən yerlərdə bölgüsü məsələsidir. Postlarda bəzi əsgərlərimizin 2-3 saat əvəzinə, 5-6 saat durmaları, onların həm özlərinin, həm də, "qeydiyyatdan keçən" digər adı olub, özləri arxa cəbhədə xidmət edən əsgər və çavuşlara görə növbədə durmaqlarıdır. Bu da bəzən xoşagəlməz hallara gətirib çıxarır.
Düşünürəm ki, ölkə başçısı və Ali Baş Komandanlıq bu faciə ilə əlaqədar MN-nin rəhbər şəxslərini dinləyəcək və lazım olan qərarını verəcək. Bu faciənin baş verməsində tam məsuliyyəti erməni-rus tərəfinin üzərində olsa da, bizim "bir gün də olsun müharibədə olmaya-olmaya, general rütbəsi alan "kabinet sərkərdələri" də yaxalarını kənara çəkməməlidirlər. Kəşfiyyat İdarəsinə tam təsadüfi adamı təyin edən və ona general rütbəsi verdirən nazirin ortaya qoyduğu "ağır nəticə" də belə olur".Məsələnin başqa bir tərəfi isə bundan ibarətdir ki, baş verən son proseslər ermənilərin psixoloji qələbəsi ilə davam edir. İki mülki azərbaycanlının girov götürülməsi, bir nəfərin öldürülməsi, erməni snayperlərinin son günlər aktivləşməsi və sonda bu olayın yaşanması psixoloji zərbədir və təəssüflər ki, Müdafiə Nazirliyi bunun qarşısına əks-arqumentlər çıxarda bilmir. Ekspertlər bunu da bildirir ki, son insident və 8 əsgərimizin şəhid olması sübutlayır ki, atəşkəs dövründə atəşkəsin pozulması daha geniş miqyas alır və buna artıq lokal münaqişə demək olar. Bu isə müharibənin bir addımlığında dayanmaq deməkdir. Günün sonuna yaxın isə Müdafiə Nazirliyi bəyanat verdi. Bəyanatda bildirilir ki, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər.Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf etmiş, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər.Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53