Abid Şərifov yenidən hədəfə gətirilir
12:22 02-08-2014
İQTİSADİYYAT
Abid Şərifov yenidən hədəfə gətirilir
Baş nazirin var-dövləti haqqında kompromatlar yayılmağa başlayır
Baş nazirin müavini Abid Şərifov barədə kompromatlar ortaya çıxıb. Belə ki, onun restoranlar şəbəkəsinin fotoları sosial mediaya, oradan isə saytlara sızıb.
Xatırladaq ki, uzun müddət idi baş nazir müavini barədə bu cür materiallara rast gəlinmirdi. O, bir növ unudulmuşdu.
Şərifovun adı sonuncu dəfə mətbuatda sıx şəkildə 2013-cü il prezident seçkiləri ərəfəsində hallanmışdı. Belə ki, həmin dövrdə Şərifovun prezident seçkilərindən sonra formalaşdırılacaq yeni hökumət kabinetində yer almayacağını əksər media orqanları yazırdılar.
Amma onların bu təxminləri özünü doğrultmadı və Şərifov postunda qaldı. Bundan sonra baş nazir müavininin adı çox nadir hallarda ölkə KİV-nin diqqət mərkəzinə düşürdü.
Sonuncu dəfə Abid Şərifov barədə kompromat xarakterli, kifayət qədər maraqlı məlumat bu ilin fevralında yayıldı. Həmin məlumatda bildirilirdi ki, Şəkidəki əşya bazarında yanğın baş verdi. Yanğın nəticəsində xeyli sahibkara ciddi ziyan dəyib. Bir çox tacirlər isə yanğını maraqlı qüvvələrin törətdiyindən şübhələnirdilər. Belə ki, şəhər kənarında yeni ticarət mərkəzi tikilib və dəfələrlə əşya bazarından ticarətçiləri oraya köçürməyə çalışıblar, amma onlar bununla razılaşmayıblar. "Belə söz-söhbət ortaya atılıb ki, yeni ticarət mərkəzi əslən Şəkidən olan baş nazirin müavini Abid Şərifova yaxınlığı ilə seçilən şəxslərə aiddir" - deyə həmin vaxt KİV yazmışdı.
Müəyyən fasilədən sonra bu dəfə Abid Şərifovun restoranlar şəbəkəsi barədə informasiya dövriyyəyə buraxılıb. Belə ki, sosial şəbəkədə baş nazirin müavini Abid Şərifova məxsus olduğu bildirilən və dəyəri bir neçə milyon manatla hesablanan istirahət mərkəzinin fotoları yayılıb. Mənzərəli ərazidə tikilən restoranlar şəbəkəsi Kiş çayının üzərində inşa edilib.
Bu arada Jurnalist Araşdırma Mərkəzi (JAM) xəbər yayıb ki, baş nazir müavininin Kiş çayı üzərində inşa etdirdiyi turizm mərkəzinin ümumi dəyəri 10 milyon manata yaxındır. Məbləğ yetərincə fantastik, bir xeyli dərəcədə isə inandırıcı görünməsə də, JAM bildirib ki, tikinti prosesi 4 il bundan əvvəl başlayıb. Belə ki, Kiş çayının daşması nəticəsində həmin il sel rayona külli miqdarda zərər vurmuşdu. "Həmin vaxt Şəkiyə gələn Şərifov çayın üzərindəki yeri gözaltı edib, daha sonra isə tikinti işlərinə başlayıb. Şəkililər isə bununla bağlı deyirlər ki, baş nazirin müavini onları içməli su ilə təmin etmək əvəzinə, evlərini sel təhlükəsi ilə üz-üzə qoyub. Çünki yenidən sel olacağı təqdirdə onun qarşısını almaq üçün bəndlər vurulmalı olduğu halda, Şərifov özünə restoran tikdirir" - deyə qeyd olunur.
Qeyd edək ki, deyilənlərin nə qədər həqiqətəuyğun olduğunu söyləmək çətindir. Amma açıq görünür ki, bəzi çevrələr bu cür kompromat xarakterli məlumatlarla Abid Şəriofovun adını diqqət mərkəzinə gətirərək onu hədəfə çıxarmaq istəyirlər. Bir daha xatırladaq ki, son prezident seçkisi ərəfəsində sözügedən baş nazir müavini ilə bağlı çoxsaylı tənqidi yazılar dərc edilirdi və onun yeni formalaşdırılacaq hökumət kabinetində yer almayacağı bildirilirdi. Amma bu ehtimallar özünü doğrultmadı. Şərifov postunu qoruyub saxlaya bildi.
Ona görə də indi istisna deyil ki, bundan xoşlanmayan və vitse-premyerlə gizli, yaxud aşkar ixtilafda olan dairələr baş nazir müavininin adının neqativ planda gündəmə gətirilməsində maraqlıdırlar.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53