Şahin Mustafayevdən tanınmış şirkətlərə qəfil hücum
10:52 05-08-2014
İQTİSADİYYAT
Şahin Mustafayevdən tanınmış şirkətlərə qəfil hücum
Onun nazirliyi niyə "pivə təmizləməsi"nə start verib?
Şahin Mustafayevin rəhbəri olduğu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti son günlər ölkədəki pivə istehsalçılarına nəzarəti artırıb. Adıçəkilən qurum ard-arda apardığı yoxlamaların ardınca ölkənin bir neçə tanınmış pivə istehsalçısını sərt şəkildə cəzalandırıb.
Məsələn, dörd gün əvvəl məlumat yayıldı ki, Mustafayevin nazirliyinə tabe olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, 2360 məhəllədə fəaliyyət göstərən "Azəri" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə və digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, belə ki, yoxlama zamanı pivə qablarının ön tərəfindəki markalanma məlumatlarında istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada - yalnız xarici dildə verildiyi, həmçinin məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatların göstərildiyi aşkar olunub.
Bundan başqa, müəssisədə pivə istehsalı zamanı digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyənləşdirilib.
Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Azəri" firması barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Üç gün əvvəl isə məlumat verildi ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 32B ünvanında fəaliyyət göstərən "Kristal CF" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən olunub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı pivə qablarının ön tərəfində məlumatların istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada - yalnız xarici dildə verildiyi, həmçinin məhsulun qida və enerji dəyəri, saxlanılma temperaturu barədə düzgün olmayan məlumatların göstərildiyi aşkar edilib.
Bundan başqa, müəssisədə pivənin Çexiya istehsalı olan açıq rəngli arpa səmənisindən istehsal edilmədiyi halda, etiketində məhsulun bu arpadan istehsal edildiyi barədə istehlakçılara yanlış məlumatların verildiyi müəyyənləşdirilib.
Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Kristal CF" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Nazirliyin açıqlamalarından belə görünür ki, adı pivə həvəskarlarına kifayət qədər yaxşı tanış olan bu iki istehsalçıya məxsus müəssisədə aşkarlanan nöqsanlar kifayət qədər ciddidir. Bu mənada aparılan monitorinqi təqdirəlayiq saymaq mümkündür.
Bununla belə, ekspertlər hesab edirlər ki, Şahin Mustafayevin nazirliyinin pivə istehsalçılarına nəzarəti az qala yay mövsümünün başa çatması ərəfəsində aparması anlaşılmazdır. "Aydındır ki, pivə bir içki kimi yay aylarında daha çox dəbə minir. Bu içkiyə isti aylarda tələbatın artması isə istehsalçıları əksər hallarda keyfiyyətdən çox kəmiyyət ardınca qaçmağa sövq edir. Belədə adıçəkilən nazirlik önləyici tədbirlərə daha əvvəldən başlamalı idi və elə bir vəziyyət yaratmalı idi ki, pivə istehsalçısı olan şirkətlər istehlakçıları aldatmaq fikrinə düşməsin. Bu prosesə az qala yayın ən qızmar vaxtları arxada qalmaq üzrə ikən start vermək heç bir məntiqə sığmır" - deyə ekspertlər bildirirlər.
Bəzi ekspertlər isə güman edirlər ki, pivə bazarında belə genişmiqyaslı yoxlamaların aparılıb cəzalandırmalara start verilməsi bu bazarda pay sahibi olan müxtəlif maraqlı tərəflərin nüfuz savaşının nəticəsi də ola bilər. İstisna deyil ki, kimlərsə həmin bazarda öz gücünü, çəkisini artırmaq üçün bəzi tanınmış rəqiblərini sıradan çıxarmaq niyyətindədir.
Hər halda bu deyilənlər ehtimallara əsaslanır. Eyni zamanda subyektiv mütəxəssis rəyləri də ola bilər. Deyilənləri nəzərə almaq və iradlardan nəticə çıxarmaq isə rəsmi qurumların üzərinə düşür.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53