Oliqarxların birləşdiyi yeganə cəbhəOliqarxların birləşdiyi yeganə cəbhə
10:54 05-08-2014
İQTİSADİYYAT
Oliqarxların birləşdiyi yeganə cəbhəOliqarxların birləşdiyi yeganə cəbhə
9 ildir qəbul edilən qanunun işləməməsinə dair ilginc iddialar
Azərbaycanda 9 ildir qəbul olunan qanun hələ də işləmir. Söhbət dünyanın 60-dan çox ölkəsində qəbul olunan məmurların gəlir bəyannaməsi ilə bağlı qanunundan gedir. Hələ 2005-ci ildə ölkə başçısı Nazirlər Kabinetinə 3 ay müddətinə gəlir bəyannamələrini açıqlamaq qaydalarının hazırlaması tapşırığını verib. Ancaq nədənsə hələ də hökümət prezidentin tapşırığına əməl etmir.
Ekspertlər isə bunu məlum qanuna qarşı oliqarxların eyni cəbhədə birləşməsi ilə izah edirlər. Onların fikrincə, hakimiyyət daxilində müxtəlif məmur qruplaşmaları var və onlar bir-birləri ilə siyasi və iqtisadi nüfuz savaşı aparırlar.
Bununla belə, oliqarxlar bir məsələdə bütün maraqlar mübarizəsini kənara qoyurlar. Bu, məmurların gəlir bəyannaməsi ilə bağlı qanunun işləkliyinin təmin edilməsinə mane olmaqdan gedir. Oliqarxlar var gücləri ilə gəlirlərini bəyan etməməyə çalışır və bunun üçün sözügedən qanunun işləməyə başlamasına mane olurlar.
Ekspertlər illərdir bildirirlər ki, Azərbaycanda bu qanunun işlənilməsi üçün hökümət öz üzərinə düşəni etməlidir. Əgər ölkədə korrupsiyaya qarşı mübarizə gedirsə onda bu qanun mütləq fəaliyyətə başlamalıdır. Azərbaycanda korrupsiyaya qarşı hər cür şərait yaradılıb. Ancaq niyəsə məmurların gəlir deklorasiyası mexanizmi işləmir. Düzdür, Azərbaycan kimi ölkədə gəlir bəyənnaməsi kimi qanunun işləməsi riskli məsələdir. Məsələn dünya ölkələrinin praktikalarına nəzər salsaq görərik ki, korrupsiyaya qarşı mübarizə zamanı siyasi sabitlik pozulur, iqtisadi xaos olur. Ancaq buna baxmayaraq qeyri-şərtsiz, ölkə başçısının siyasi iradəsini əsas götürərək bu qanun işləməlidir. Məmur müqaviməti olsa belə bu müqavimət qırılmalıdır. Qanun işləsə korrupsiyaya qarşı çox müsbət irəlliləyişlər ola bilər. Yəni hər bir məmur artıq gəlib gəliri barəsində bəyannamə verməyə borclu olacaq.
Dünya təcrübəsindən də misal gətirən mütəxəssislər qonşu Rusiyada məmurun ailəsinin də gəlir bəyannaməsi verdiyini deyir. Rusiya höküməti son vaxtlar bu bəyannamələri yoxlatdırıb və ortaya maraqlı faktlar çıxıb. Belə ki, məmurların bəzən yalan məlumat verdikləri aşkarlanıb və onlar məsuliyyətə cəlb olunublar. Görünür, analoji halların Azərbaycan reallığında da ortaya çıxacağından qorxan bizim bəzi oliqarxlar elə bu səbəbdən haqqında danışılan qanunun işləkliyinin təmin edilməməsi üçün vahid cəbhədə birləşiblər.
Ekspertlər deyirlər ki, bizdə də sözügedən qanun tam gücü ilə işləsə məmurlar korrupsiya hallarından çəkinə bilər. Məmur qanundan qorxmasa korrupsiyaya qarşı mübarizə səmərə verməyəcək. Bu qanunda effektiv nəticə əldə etmək üçün prezidentin siyasi iradəsi olmalıdır. Həmçinin bu proseslər paralel getməli və güclü vətəndaş cəmiyyəti olmalıdır. Yalnız bu halda məmur məcburən öz fəaliyyətini şəffaflaşıdıracaq.
Ekspertlərin fikrindən belə qənaətə gəlmək olar ki, sözügedən qanun işlədiyi təqdirdə məmur şübhəli qaynaqlardan qeyri-rəsmi gəlir əldə edərsə, bununla bağlı açıqlama verəsi olacaq. Bu isə məmurun korrupsiyaya qurşanmasının qarşısını ala bilər.
Qeyd edək ki, bir müddət əvvəl İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Qubad İbadoğlu yaxın 3 ildə bu qanunla bağlı hər hansı dəyişiklik olunacağına ehtimal etmədiyini demişdi. Ekspertin fikrincə, məmurların gəlir bəyannaməsi verməsi açıq hökümətin təşviqi və korrupsiyaya qarşı mübarizənin daha səmərəli aparılması üçün zəruri addımdır: "Açıq Hökümət Təşəbbüsünün 4 əsas istiqamətindən biri də məhz elə gəlirlərin bəyan edilməsinə həsr olunub. Amma təssüflər olsun ki, bununla bağlı İqtisadi Tədqiqatlar Mərkəzi "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nında heç bir öhdəlik götürmədi. Bu onu göstərir ki, yaxın zamanlarda bu istiqamətdə ciddi dəyişiklik nəzərdə tutulmur. Açıq Hökümət Təşəbbüsü çərçivəsində təəssüflər olsun ki biz belə öhdəlik götürmədik. Ola bilər ki, növbəti fəaliyyət planında yəni 2015-ci ilən sonra bu məsələ təklif olunsun" - deyə o bildirmişdi.
Ekspert bu qanunun işləməsi üçün müəyyən mexanizimlərdən istifadə olunmasını vacib saymışdı. O, demişdi ki, Nazirlər Kabineti gəlir bəyannaməsi ilə bağlı formaları təsdiq etməlidir. "Həmin formalar əsasında da dövlət məmurlarının gəlirləri və əmlakı barəsində bəyənnamə doldurulmalıdır. Bu gəlir bəyannaməsi formalarının hazırlanması üçün Nazirlər Kabinetinin hələ 2005-ci ildə 3 ay zamanı var idi. Ancaq verilən 3 ay müddətdən bu vaxta qədər 9 ilin keçməsinə baxmayaraq hökümət bu məsələni həll edə bilməyib. Hesab edirəm ki, bu istiqamətdə siyasi qərar verilməlidir. Yüksək səviyyədə siyasi müzakirələr aparılmalıdır ki, məsələ həll olunsun. Xarici ölkələrdə siyasi fəaliyyət göstərənlər deyil digər vəzifəli şəxslər də öz gəlirləri və əmlakları barədə ictimaiəti məlumatlandırırlar. Düzdür orada da problemlər olur. Ancaq buna baxmayaraq bu proses xarici ölkələrdə işləyir və antikorrupsiya baxımından effekt verir" - ekspert söyləmişdi.
Qeyd edək ki, Avropa ölkələrində bu təcrübə 1980-ci illərdən başlayarq geniş yayılmağa başlayıb. Qonşu Rusiya, Ukrayna və Litvada isə bir neçə ildir ki, məmurlar gəlirlərini bəyan etməkdən çəkinmirlər. Türkiyə və Gürcüstanda isə hətta məmurların ailələri də gəlirləri və əmlakları barədə ictimaiyyəti məlumatlandırırlar.
Azərbaycanda isə bu, hələ də xəyal olaraq qalır. Bunun niyəsini isə bəzi oliqarxların korrupsioner maraqlarından kənarda axtarmamaq lazımdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53