Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib
10:57 06-08-2014
CƏMİYYƏT
Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. İran İslam Respublikasına rəsmi səfərini və İran rəhbərləri ilə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrimizin genişləndirilməsinə yeni təkan verdiyini qeyd etdi. Ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi, mədəni və digər sahələrdə yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasında müzakirə olunacaq məsələlərin bu əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin ölkəmizə səfərinin də uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi.
Nazir Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident Həsən Ruhaninin Azərbaycanın dövlət başçısı ilə Davosda və Tehranda keçirdiyi görüşləri məmnunluqla xatırladığını dedi. Mahmud Vaezi ötən səfərləri zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini böyük ehtiramla xatırladı. Bakıda inanılmaz inkişafın şahidi olduğunu və ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayan Mahmud Vaezi dedi: "Mən Azərbaycanın əldə etdiyi böyük uğurlara görə Sizə təbriklərimi çatdırıram. Mən, eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm ki, ölkəsi üçün belə böyük işlər görən müdrik və uzaqgörən rəhbəri var".
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, nəqliyyat, neft daşımaları, gəmiqayırma, ticarət, bank sektoru, elm, idman və digər sahələrdə inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41