Cahangir Əsgərov da qiymətləri qaldırdı
10:58 07-08-2014
İQTİSADİYYAT
Cahangir Əsgərov da qiymətləri qaldırdı
Hava nəqliyyatında sərnişindaşıma bahalaşdı!
2014-cü ilin iyul ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,6 faiz, sərnişindaşıma tarifləri isə 2,3 faiz bahalaşıb. Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 8,2 faiz, digər xarici ölkələr üzrə isə 13,8 faiz bahalaşma müşahidə olunub.
İyul ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,5 faiz bahalaşıb. MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 0,1 faiz qalxıb. Ay ərzində avtomobil və dəniz nəqliyyatında yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.
Göründüyü kimi, ən yüksək bahalaşma hava nəqliyyatında qeydə alınıb. Cahangir Əsgərovun rəhbərlik etdiyi "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC), yəni "AZAL"ın bunu nə ilə izah etməsi isə maraq doğurur.
Mövzu ilə bağlı "Unikal"a danışan adının açıqlanmasını istəməyən iqtisadçı-ekspert hava nəqliyyatında sərnişindaşıma xidmətlərinin bahalaşmasında mövsüm amilinin əsas rol oynayacağını istisna etməyib. Ekspert bildirib ki, yay fəsli olduğundan istirahət məqsədi ilə ölkədən kənara gedənlərin sayındakı artım "AZAL"ı qiymət artımına həvəsləndirə bilərdi.
Bununla belə, hər bir halda ekspert hava nəqliyyatında qiymət artımını zəruri edən obyektiv amillərin olmadığını düşünür və kifayət qədər yüksək faizlərlə müşahidə edilən bahalaşmanın arxasında başqa merkantil maraqların dayana biləcəyini istisna etmir.
Xatırladaq ki, "Azal" Azərbaycanda yanacağın qiymətinin artmasını bəhanə gətirərək bu il yanvarın 15-dən etibarən sərnişinlərdən yanacağa görə əlavə haqq yığmağa başlayacağını anons etmişdi.Həmin vaxt Cahangir Əsgərovun rəhbərlik etdiyi QSC-dən verilən məlumatda bildirilirdi ki, "Tarif Şurasının yanacağın qiymətini artırması ilə bağlı AZAL reyslərinin rentabelliliyini saxlamaq üçün uçuş məsafəsindən asılı olaraq yanacağa görə əlavə haqq yığmağa başlayıb. Bu haqq ekonom-klass paketi ilə uçan sərnişinlər üçün 12 avro, biznes-klass paketi ilə uçanlar üçünsə 18 avro təşkil edir".
Həmin vaxt ekspertlər bildirirdilər ki, bahalaşmanı şərh etmək istəyən qurum rəsmilərinin arqumentləri hədsiz dərəcədə zəifdir. Çünki, "Azal"ın qazancı kifayət qədər böyükdür və bu səbəbdən də yanacağın bahalaşmasını bəhanə gətirərək qiymətlərdə artım etmək iqtisadi cəhətdən izaholunmazdır. Digər tərəfdən isə qurum rəhbərliyi artıq bu tipli açıqlamalarla şirkət haqqında "ziyanla işləyən müəssisə" imici yaratmağa çalışır. Əslində isə qurumun mənfəətlə işlədiyi heç kimə sirr deyil.
Xatırladaq ki, son illər hava nəqliyyatında sərnişin daşımaları artsa da, verilən rəsmi açıqlamalarda bunun tam əksi göstərilir ki, bu da böyük korrupsiya əməliyyatının elementidir. Məsələn, ötən il sərnişin daşımaları üzrə ziyan 16 milyon manata çatıb. Amma bu rəqəmlərlə əsl həqiqətləri gizlətmək əsla mümkün deyil. Dövlətstatkoma görə, yerli aviaşirkətlərdən (AZAL, "Turan Air" və "Silk Way Business Aviation") istifadə edən sərnişinlərin sayı 2009-cu ildən artmağa başlayıb. 2012-ci ilin yekunu üçün sərnişin daşımalarının həcmi 1,6 milyon nəfərə (2009-cu ildəkindən 560 min nəfər çox) çatıb. Amma aviaşirkətlər ziyana düşüb: əgər 2009-cu ildə aviaşirkətlərin itkisi 98,8 milyon manat idisə, 2012-ci ildə 33,2 milyon manat olub. Bilet satışından gəlirlər az olmayıb: beynəlxalq daşımalar üzrə orta hesabla 181,5 miyon manat, yerli daşımalar üzrə 49 milyon manat əldə edilib. Sərnişinlərin çoxu beynəlxalq xətlərlə uçur. Məsələn, 2013-cü ildə DSK-ya görə, 744,6 min sərnişin beynəlxalq xətlərlə uçub Bu, ötən ilin eyni dövründəkindən 10,5% çoxdur. MDB şəhərlərinə I yarımildə 3,1 min sərnişin uçması barədə informasiya isə şübhə doğurur. Xatırladaq ki, AZAL təkcə Moskvaya hər gün uçuş həyata keçirir.
Bütün bu kimi qaranlıq və mübahisəli məqamların kökündə isə o dayanır ki, Azərbaycan aviaşirkətləri maliyyə hesabatlarını açıqlamır. "Azerbaijan Hava Yolları" QSC qanunvericiliyə uyğun olaraq, illik maliyyə hesabatını auditlə birgə açıqlamalıdır. Bəlkə, bu sənəd məsələyə aydınlıq gətirərdi.
Bir sözlə, əgər, "Azal" sərnişindaşımadakı rəqəmləri məqsədli şəkildə kiçiltməsə və eyni zamanda şirkətin digər gəlir mənbələri haqda şəffaf məlumatların açıqlanmasına şərait yaratsa qurumun çox böyük mənfəətlə işlədiyi aşkarlanar. Belədə isə hava nəqliyyatında sərnişindaşımada artıq adət halını alan bahalaşmaların heç bir real iqtisadi əsaslandırmasının olmadığı gün kimi ortaya çıxar.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53