Müxalifətçi QHT-lər də haqq yoluna qayıdır
11:18 07-08-2014
CƏMİYYƏT
Müxalifətçi QHT-lər də haqq yoluna qayıdır
Hazırda həbsdə olan iki müxalifətçi QHT rəhbəri prezidentdən əfv diləyərək yanlış yolda olduqlarını etiraf etdilər
Son dövrlər qanunsuz əməllərinə görə həbs olunan, lakin radikal müxalifətə xidmət etdikləri üçün siyasi məhbus kimi təqdim olunanların prezidentə müraciət edərək əfv diləmələri adi hala çevrilib.
Belə demək mümkündürsə, son bir neçə ay ərzində müxalifət düşərgəsində təmsil olunduqları dönəmdə qanunsuz əməllər törədən və bunun əsasında həbsə atılan radikallar haqq yoluna qayıdıblar. Səhv elədiklərini anlayan müxaliflər prezidentə müraciət edərək yanlış yolda olduqlarını və bundan sonra onun siyasətini dəstəkləyəcəklərini bəyan ediblər.
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Emil Məmmədov təcridxananın rəhbərliyi vasitəsilə prezident İlham Əliyevə müraciət edib.
Penitensiar xidmətin saytının yaydığı müraciəti olduğu kimi təqdim edirik: Hörmətli cənab Prezident! Mənim 50 yaşım var. Salyan rayonunda ziyalı ailəsində böyümüşəm. 1987-2004-cü illərdə Salyan Kənd Təsərrüfatı Texnikumunda müəllim işləmişəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra həm də ictimai fəaliyyətlə hüquq müdafiəçisi kimi məşğul olmuşam. 2007-ci ildə Sizə məktubla etdiyim səmimi müraciətdən sonra təsisçisi olduğum "Demokratiyaya yardım" İB heç bir çətinliksiz dövlət qeydiyyatına alınıb. Mən də çalışmışam ki, mənə göstərilmiş bu etimadı doğruldum. Fəaliyyətimin əsas məqsədi regionda yaşayan insanların sosial hüquqlarının müdafiəsinə təmənnasız köməklik etmək olub. Məhz Sizin rəhbərliyiniz və təşəbbüsünüzlə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair olan dövlət proqramının vətəndaş cəmiyyətinin təmsilçisi olaraq ictimai iştirakçı olmaq etimadını qazanmışam. Sizin fərmanınızla həyata keçirilən Açıq Hökumət və Korrupsiyaya qarşı Mübarizə Dövlət Proqramlarının monitorinqində Heydər Əliyev Fondunun Salyanda tikib imkansız ailələrə verdiyi 85 evin paylanmasında, Salyanda Kür daşqınlarından ziyan çəkənlərə yardım etmək üçün yaradılmış RİH yanındakı komissiyada vətəndaş cəmiyyətini təmsil etmişəm. Mən hüquq müdafiəçisi olaraq öz təcrübəmdən səmimi olaraq bilirəm ki, Sizə olunan haqlı müraciət heç vaxt köməksiz buraxılmayıb. Ona görə də fəaliyyətimdə Sizi bütün hüququ pozulanların ən böyük müdafiəçisi görürəm, məhz Sizə güvənirəm.
Son günlər cəbhə xəttində xain düşmənlərimiz tərəfindən atəşkəsin pozulması nəticəsində Milli Ordu əsgərlərinin, günahsız və qəhrəman övladlarımızın həlak olması xəbərlərini biz təcridxanalarda saxlanılanlar da böyük hüznlə qarşılayırıq. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Milli Ordumuzun, arxasında məkrli qüvvələrin dayandığı erməni işğalçılarına qarşı apardığı müharibənin qələbəmizlə bitəcəyinə əmin olmaqla, hamımızın ali baş komandan olaraq Sizin arxanızda olduğunu bildirirəm. Vətənini sevən hər kəs bu gün Sizin əsgərinizdir.
Hörmətli cənab Prezident! Mən düşmən dəyirmanına su tökənlərdən fərqli olaraq Sizi Respublikamızın inkişafı və tərəqqisi naminə apardığınız siyasəti bir vətəndaş və hüquq müdafiəçisi olaraq həmişə dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəyəm.
E.Məmmədovun ardınca daha bir QHT rəhbəri ölkə başçısından əfv diləyib. Belə ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisəsində saxlanılan "Kamil Vətəndaş" maarifləndirmə mərkəzinin rəhbəri Həsən Hüseynli cəza çəkmə müəssisəsinin rəhbərliyi vasitəsilə prezident İlham Əliyevə müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik: "Hörmətli cənab Prezident! Son günlər erməni işğalçılarının növbəti dəfə Atəşkəs Sazişini pozması və Azərbaycan Ordusunun düşmənlərimizin bu təxribatlarının qarşısını rəşadətlə alaraq qısa bir müddətdə bütün cəbhə xətti boyunca vəziyyətə tam nəzarəti ələ alması bir daha sübut etdi ki, Sizin Ali Baş Komandan olduğunuz bu güclü Ordu güclü Azərbaycan dövlətinin qarantı olmağa qadirdir. İlk baxışda adi bir hərbi uğur təəssüratı yaradan bu fenomen əslində Sizin Strasburqdakı son möhtəşəm çıxışınızda Azərbaycanın müstəqil, qüdrətli və öz müqəddəratını həll etmək gücünə malik bir ölkə olması barədə söylədiyiniz tutarlı arqumentlərin reallığının əyani nümayişidir.
Hörmətli cənab Prezident! Sizin Ali diqqətinizə çatdırmaq istəyirəm ki, Vətənimizin bu taleyüklü günlərində üzləşdiyi problemlərin həllinə öz töhfəmi vermək imkanından məhrum olduğumdan dərin təəssüf hissi keçirirəm.
Digər tərəfdən mənimlə bağlı şəxsi böhtan zəminində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb həbs ediləndən sonra mənə məlum olmuşdur ki, bir neçə əcnəbi siyasətçilər mənim həbsimin siyasi motivlərə əsaslandığı barədə bəyanatlar vermişlər. Mən bunu belə qəbul etmirəm və həbsimlə bağlı müraciət etdiyim apellyasiya məhkəməsində bəraət alacağıma əminəm. Azərbaycan hüquqi dövlətdir və Azərbaycan Prezidenti tərəfindən hüquqlarımın qorunmasına inanıram və hüquqlarımın heç bir əcnəbi siyasətçi tərəfindən qorunmasına ehtiyac görmürəm.
Hörmətli cənab Prezident! Ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin ən yüksək səviyyələrə çatdırılmasında Sizin əldə etdiyniz nailiyyətlər, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası və ölkəmizin dünya ölkələri arasında layiqli yer tutması kimi Ali missiya uğrunda apardığınız yorulmaz mübarizə danılmazdır!
Hörmətli cənab Prezident! Ali ünvanınıza bu məktubu göndərməklə bir Azərbaycan vətəndaşı kimi Sizi əmin etmək istəyirəm ki, bütün şüurlu həyatım boyu olduğu kimi, bəraət alıb azadlığa çıxandan sonra da mən bütün gücümü, biliyimi və bacarığımı bu nailiyyətlərin daha da yüksəlməsinə və bu Ali missiyanın həyata keçməsinə sərf edəcəyəm!
Məlumat üçün bildirək ki, Həsən Hüseynli də, Emil Məmmədov da radikal müxalifətlə işbirliyində olan QHT rəhbərlərindədir. Onlar həbs olunduqları qısa müddətdə nə qədər yanlış yolda olduqlarını anlayıblar. Çünki hər iki şəxsin həbsindən sonra illərlə xidmət etdikləri müxalifət liderlərinin onlara olan münasibətinin şahidi oldular. Anladılar ki, radikal müxalifət liderləri yalnız öz mənafelərini güdüblər. Bu üzdən də həmin yolda davam etmək yanlışdır. Bunu əsas götürərək, ölkə başçısına müraciət edib əfv diləyiblər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42