Əli Kərimlinin ətrafı boşalır
11:25 07-08-2014
CƏMİYYƏT
Əli Kərimlinin ətrafı boşalır
AXCP sədrinin daha bir müşaviri partiya sıralarından istefa verdi
AXCP sədrinin müşaviri Rəsul Mirhəşimli partiya sıralarını tərk edib. Bu barədə R.Mirhəşimli özünün "Facebook" profilində açıqlama yayıb. Məsələ ilə bağlı danışan R.Mirhəşimli bildirib ki, bu qərarını iyulun əvvəllərində verib və partiyadan çıxması ilə bağlı qərarını artıq AXCP rəhbərliyinə çatdırıb. Partiyadan çıxma səbəbi ilə bağlı geniş danışmaq istəməyən keçmiş AXCP-çi bu barədə partiya rəhbərliyinə məlumat verdiyini qeyd edib.
Qeyd edək ki, R.Mirhəşimli 1989-cu ildən bu təşkilatın üzvü olub. AXCP sədr aparatının və Ali Məclisinin üzvü olub, 2000-ci ildə keçirilən parlament seçkilərində partiyadan deputatlığa namizədliyi irəli sürülüb. R.Mirhəşimli Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır.
Məsələylə bağlı "Unikal"a açıqlama verən tanınmış tərcüməçi-yazar Nadir Quliyev R. Mirhəşimlinin AXCP sədrinin müşavirliyindən istefasına münasibət bildirib. Onun sözlərinə görə, bu istefanın arxasında ciddi məqamlar dayanır və partiyadan şairə qarşı haqsızlıq olduğu aşkardır: "Rəsul bəy yaxşı tanıdığım, sadə, sakit, təvazökar, dindirməsən danışmayan və çox səbrli bir insandır. Bir vaxtlar onunla mehriban münasibətimiz olub, çox xoşxasiyyət bir insandır. Həm də şairdi, səmimi şeirləri var. Əgər Rəsul Mirhəşimli kimi son dərəcə təmkinli bir adam da o partiyanı tərk edibsə, demək, orada vəziyyət təsəvvür olunduğundan da qat-qat pisdir. Mən AXC-ni, 2000-ci ildə, hələ partiyaya çevrilməmiş tərk etmişəm. Məndən sonra mənim tanıdığım adamların demək olar ki, əksəriyyəti artıq çoxdan AXCP üzvü deyil. Düşünürəm ki, insanların AXCP-ni, ümumiyyətlə müxalifət partiyalarını tərk etməsi, demokratiya ilə bağlı ümidlərinin puç olması, sözlə əməlin üst-üstə düşməməsi, çoxlu yalanın, saxtakarlığın ayaq tutub yeriməsi, sıravi üzvlər böyük maddi sıxıntı çəkdikləri halda, liderlərin və onlara yaxın çevrənin heç də pis yaşamaması və digər neqativ amillərlə bağlıdır. Bir də ki, axı siyasi partiya üzvü olan hər bir insan hakimiyyətə gəlməyi hədəfləyir. Bu perspektiv olmayandan sonra siyasi təşkilatda qalmağın nə anlamı var. Ən əsas səbəblərdən biri də, müxalifət liderlərinin yalançı olması, xalqla birlikdə zaman-zaman öz yaxın çevrələrini də aldatmalarıdır".
Onlar yalan danışmağa, necə deyərlər, bir növ adətkərdə olublar. N.Quliyev hesab edir ki, Rəsul Mirhəşimliyə də onun kimi gözləmədiyi yerdən qəfil zərbə vurublar. "Çox inandığın bir adamdan xəyanət görmək, olduqca ağırdır, insan bunu bütün ömrü boyu unuda bilmir. Belələri isə AXCP-də çoxdur",deyə müsahibimiz fikrini tamamlayıb.
AXCP funksionerlərindən birinin "Unikal"ın əməkdaşına verdiyi məlumata görə, Rəsul Mirhəşimlinin istefa məsələsi xeyli müddət əvvəldən var idi. Ancaq AXCP sədri Əli Kərimli ondan xahiş edərək istefanın ictimailəşməməsini istəyib. Çünki bir müddət öncə Milli Şuradan da istefaların intensiv olduğu dönəm idi. Belə bir vaxtda sədrin müşavirinin də istefası daha pis görünəcəkdi. Əli Kərimli bu səbəbdən də Rəsul bəydən möhlət istəmişdi: "Amma bu istefanın arxasında bir sıra məqamlar dayanır. Fikir verirsinizsə, son dövrlə istefa verənlərin əksəriyyəti müstəqil düşüncəli insanlardır. Artıq onlar AXCP-dəki oyunlardan beziblər. Ona görə də partiyadan istefa vermək məcburiyyətində qalıblar. Əli Kərimlinin ətrafında 3-5 adam var ki, artıq partiyaya gəlir mənbəyi kimi baxırlar. Mümkün variantlardan istifadə edərək ondan-bundan pul qoparırlar. Hətta milli maraqların satılmasından belə çəkinməyərək bəzi xarici fondlardan qrant alırlar".
Bizi bilgiləndirən şəxs sonda onu da bildirib ki, istefalar Rəsul Mirhəşimli ilə bitməyəcək. Onun sözlərinə görə, AXCP-də yeni istefa dalğası gözlənilir. Yəni, proses bu şəkildə davam eləsə, qısa müddətdən sonra partiyada Əli Kərimli və bir neçə müavini qalacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01