Ziyalılar Forumunun arxasındakı qaranlıq əllər
11:51 08-08-2014
CƏMİYYƏT
Ziyalılar Forumunun
arxasındakı qaranlıq əllər
Bəzi qüvvələr hazırkı kritik məqamda hakimiyyəti sıxmaq üçünı daxili gərginliyi artırmağa çalışır
Ziyalılar Forumu fəaliyyətini bərpa edə bilər. Bu barədə "El" Hərəkatının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin və Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda ötən il keçirilmiş prezident seçkiləri Ziyalılar Forumunun fəaliyyətində müəyyən durğunluq yaratsa da, indi forumun yenidən bərpası istiqamətində danışıqlar gedir: "Ziyalılar Forumu Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı. Rafiq Əliyevlə də görüşüb, danışmışıq. Hamı Ziyalılar Forumunun bərpasının tərəfdarıdır. Fikirləşirik ki, Rüstəm İbrahimbəyov Azərbaycana gələnə kimi Ziyalılar Forumunun işini Rafiq Əliyev koordinasiya etsin və biz mütəmadi toplaşaq".
Amma fakt odur ki, bu qurum tamamilə iflas edib. Sadəcə olaraq, bəzi şəxslər sözügedən qurumun ölüsündən də nəsə qazanmağa çalışırlar. Əslində, bu qurumun ilflasını ilk etiraf edənlərdən biri Ziyalılar Forumunun üzvü, yazıçı Əkrəm Əylisli oldu. O, mətbuata aşıqlamasında artıq belə bir qurumun fəaliyyətinin bərpasının mümkün olmadığını bildirib: "Əvvəlki Ziyalılar Forumu olmayacaq. Birincisi, Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmadan əvvəlki Ziyalılar Forumu olmayacaq. İkincisi, hətta Rüstəm İbrahimbəyov Azərbaycana qayıtsa, desə ki, yenidən Ziyalılar Forumunu yaradır və siyasətlə məşğul olmayacaq, buna inanan adam çətin tapılar. Həmin ziyalılar yenidən onun ətrafında cəmləşəcəklərmi? O halda gərək Rüstəm İbrahimbəyov desin ki, siyasi fəaliyyətində tamamilə səhv edib".
Ə.Əylisli bildirib ki, Ziyalılar Forumundakı insanlar Rüstəm İbrahimbəyovun avtoritetinin ətrafına yığışmışdılar, çünki məşhur dramaturq və kinorejissorun, Azərbaycan mühitindəki bu təzə adamın ictimai fəaliyyətinin necə olacağını bilmirdilər. Onun sözlərinə görə, R. İbrahimbəyovun İçərişəhərdəki evinin Ziyalılar Forumunun toplantılarının keçirilməsi üçün əlverişli olması da şərt idi: "Ancaq mən hələ də dəqiq anlaya bilmirəm ki, seçkilərdə fəal şəkildə siyasətə daxil olmaq Rüstəm İbrahimbəyovun nəyinə lazım idi. Çünki Ziyalılar Forumu bir qurum olaraq çox səmimi idi. Söz yox ki, ziyalı siyasətçidən xeyli səmimidir. Ziyalılar Forumundakı səmimiyyəti cəmiyyətin saflaşmasına və sağlamlaşmasına sərf etmək mümkün idi. İctimai həyatda zor heç vaxt heç nəyi həll etmir. Ziyalılar zorsuz-filansız müəyyən məsələləri ortaya qoyub, fikrini deyə bilər".
Məsələylə bağlı "Unikal"a açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Eldəniz Quliyevin açıqlamasına münasibət bildirərkən deyib ki, Ziyalılar Forumunun bundan əvvəlki dövrlərdə də Azərbaycan cəmiyyətinə heç bir xeyri olmayıb, bundan sonra da olası deyil: "Ziyalılar Forumu adlanan qurum birbaşa siyasiləşmiş qurumdur. Bunlar hakimiyyət uğrunda mübarizə aparan adamlardı. Bu şəxslər kimlərdi? Böyük əksəriyyəti hakimiyyətdən qovulan, parlamentdən uzaq düşən və hər gün vəzifə arzusu ilə yaşayan şəxlərdi. Bunların siyasi kursu da radikal siyasətə söykənir. Bu siyasətə də xalq ciddi dəstək vermir. Yenidən bunların toparlanması heç nəyi dəyişən deyil. Neçə il bundan qabaq bu qurum yaranıb nə dəyişmişdi ki? Heç bir perspektivi yoxdur. Ona görə də bu cəhdlər mənasızdır".
Maraqlısı odur ki, forumun iclaslarının keçirilməsi ilə bağlı qurumdaxili narazılıq da var. Belə ki, bir müddət öncə Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ziyalılar Forumunun üzvü Elçin Şıxlı bununla bağı narazılığını ifadə etmişdi. Onun açıqlamasında da bu narazı mövqeyi açıq şəkildə görünürdü. "Ziyalılar toplanıb hansısa söhbət etmək istəyirlərsə, yer problem olmamalıdır. Gedib teatrda tamaşaya baxa-baxa da toplanmaq olar", - deyən E.Şıxlı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla heç bir əlaqəsinin olmadığını söyləyib. O, bununla Ziyalılar Forumunun Bakıda olan təşəbbüsçülərini ittiham edib: "Fikrimcə, Ziyalılar Forumunun fəaliyyətini dayandırması Rüstəm İbrahimbəyovun burada olmaması ilə bağlıdır. Çünki forumun toplanmasına əsas təşəbbüskar o olurdu. Rüstəm müəllim burada yoxdur, Eldar Namazov yeni quracağı partiyasının işi ilə məşğuldur, Cəmil Həsənlinin başı Milli Şuranın problemlərinə qarışıb, Əkrəm Əylisli məlum səbəbdən heç bir şeylə maraqlanmır, Rafiq Əliyev isə öz elmi fəaliyyəti ilə məşğuldur".
İndi də E.Quliyevin yer məsələsi ilə bağlı problemlərin həll olunmadığını deməsi qurumdaxili gərginliyin hələ də davam etdiyini göstərir.
"Unikal"ın əldə etdiyi məlumata görə, Ziyalılar Forumunun fəaliyyətinin bərpa edilməsi məsələsi xüsusi sifariş əsasında gündəmə gəlib. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Rusiyadakı müəyyən dairələr yenidən Azərbaycandakı bəzi qüvvələrə maliyyə dəstəyi verərək aktivləşdirmək istəyirlər: "Bildiyiniz kimi, həmin dairələr 2013-cü il prezident seçkiləri ilində Rüstəm İbrahimbəyovun vasitəsiylə Milli Şura yaratdılar və bununla hakimiyyətə müəyyən qədər təzyiq elədilər. Amma axırda geri çəkilməli oldular. İndi də bütün planlarını qarşıdan gələn parlament seçkilərinə hesablayırlar. Məlum olduğu kimi, son günlər cəbhə xəttində də gərginlik yaranıb. Həmin qüvvələr bu kritik məqamdan istifadə edərək öz niyyətlərini daha rahat gerçəkləşdirməyə çalışırlar. Rüstəm İbrahimbəyov və onun burdakı əlaltıları isə ölkənin maraqlarına zidd olan planların tərkib hissəsinə çevrilirlər".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45