Hacıbala Abutalıbov şübhə içində
11:54 08-08-2014
CƏMİYYƏT
Hacıbala Abutalıbov şübhə içində
Paytaxt meri haqqında ittihamların intensivləşməsindən narahatdır
Son vaxtlar Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov barəsində kəskin ittihamlarla dolu, kompromat xarakterli məlumatların mətbuatda həddən artıq intensivləşdiyi hiss olunur. Qeyd edək ki, KİV-də demək olar hər gün, Abutalıbovun özü, oğlu və işçiləri barədə tənqidi materiallar özünə yer almaqdadır.
Məlumatlı mənbələrdən redaksiyamıza daxil olan xəbərə görə isə paytaxt meri adının davamlı, intensiv şəkildə gündəmə gətirilməsindən narahatdır. Abutalıbov haqqında mediaya kompromat xarakterli məlumatların ötürülməsinin ard-arasının kəsilməməsini təsadüfi saymır və bunu özünə qarşı hansısa siyasi çevrələrin məqsədli işi sayır.
Qeyd edək ki, təkcə son bir neçə gündə Bakı şəhər İcra Hakimiyyətinin başçısı ilə bağlı bir neçə ciddi ittiham ortaya atılıb. Bu ittihamlardan biri onun Cəlal adlı əməkdaşının bir vətəndaşın mülkünün mənimsənilməsində iştirak etməsidir. Məsələ ilə bağlı məhkəmədə lehinə qərar çıxarılan mülk sahibi KİV-ə açıqlamasında bildirib ki, indiki
mərhələdə həmin qərarın icra olunmasına Bakı Şəhərə İcra Hakimiyyətinin hüquq şöbəsinin Cəlal adlı işçisi mane olur. Şikayətçinin bildirdiyinə görə, Hacıbala Abutalıbovun işçisi olan bu şəxsin dəstəyi ilə qeyri-qanuni hərəkətlər edilir: "Hazırda qarşı tərəf 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Bakı Şəhər icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzasıyla məhkəməyə daxil olan iddia ərizəsində göstərilir ki, guya torpaq təyinatı üzrə istifadə olunmayıb. Təbii ki, bütün bunlar əsassızdır" - bunu mənimsənilən mülkün sahibi bildirib.
Paytaxt merinin ünvanına daha bir sərt ittiham isə Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynovdan gəlib. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişilə Əli Hüseynova məxsus avtodayanacaq sökülüb. Həmin avtodayanacaq bələdiyyə qərarı əsasında şəhid atasına verilib. Əli Hüseynovun sözlərinə görə, avtodayanacaq 15 il imiş ki, fəaliyyət göstərirmiş. "Bələdiyyə qərarının olmasına baxmayaraq Hacıbala Abutalıbovun göstərişilə avtodayanacağı söküblər. İndi heç kim izahat vermir ki, bu məsələnin axırı necə olacaq", - deyə Əli Hüseynov bildirib. Şəhid atası bunlarla bağlı bir neçə dəfə ölkə rəhbərliyinə müraciət edib. "Hacıbala Abutalıbov qanunsuz obyektləri qoyub, qərarla mənə verilmiş avtodayanacağı yerlə yeksan edir. Bu azmış kimi heç baş verənlərə izahat da vermək istəmir. Bu qanunları tapdalamaq deməkdir" - şikayətçi "yuxarılar"a ünvanladığı son müraciətində bildirib.
Bundan başqa, meriyaya qarşı vətəndaşların və ayrı-ayrı qurumların qaldırdığı məhkəmə iddialarının artması da diqqətçəkəndir. Belədə isə Bakı şəhər İcra Hakimiyyəti başçısının özünə qarşı hər hansı məqsədli planın həyata keçirildiyini düşünməsi təbiidir.
Bildirildiyinə görə, Abutalıbov bütün baş verənləri onun "vurulmasını" istəyən qrupların işi hesab edir. Onun belə bir şübhəsinin nə qədər haqlı olub-olmadığını isə zaman göstərəcək.
Murad Ağayev
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50